Azərbaycanda bundan sonra da təhlükəsizlik və sabitlik
təmin edilməlidir.
Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev "Buta"
sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə
rəsmi qəbuldakı çıxışında bildirib.
"Təhlükəsizlik və sabitlik. Bu iki amil olmasa heç bir ölkə
inkişaf edə bilməz. Azərbaycanda təhlükəsizlik lazımi səviyyədə
təmin edilir. Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşayır.
Xüsusilə, indiki şəraitdə, - dünyada gedən prosesləri biz görürük,
- bu, yüksək qiymətə layiq olmalıdır. Sabitliyə gəldikdə isə, bunun
təminatçısı Azərbaycan xalqıdır. Azərbaycan xalqı dövlət siyasətini
dəstəkləyir, xalq-iqtidar birliyi möhkəmlənir və əlbəttə,
Azərbaycan xalqı ölkəmizin seçiminə sadiqdir. Azərbaycan xalqı
istəyir ki, sabitlik möhkəmlənsin, Azərbaycan daha da güclənsin.
Ona görə sabitliyin təminatçısı Azərbaycan xalqıdır, onun
iradəsidir.
Demokratiyanın inkişafı hər bir ölkə üçün böyük önəm daşıyır, o
cümlədən Azərbaycan üçün. Hesab edirəm ki, biz bu istiqamətdə də
böyük uğurlara nail olmuşuq. Azərbaycanda bütün demokratik
təsisatlar uğurla fəaliyyət göstərir, bütün azadlıqlar - söz
azadlığı, mətbuat azadlığı, sərbəst toplaşma azadlığı, siyasi
fəaliyyət azadlığı təmin edilir, heç bir məhdudiyyət yoxdur və
olmayacaq. Bu da qarşıya bir vəzifə kimi qoyulur ki, biz gələcəkdə
də demokratik inkişafa sadiq olmalıyıq.
Əgər təhlükəsizlik və sabitlik olmasa, əlbəttə ki,
demokratiyadan, iqtisadi və sosial inkişafdan söhbət belə gedə
bilməz və biz bunu yaxın tarixdən görürük. Ancaq indi bunu bütün
dünya görür. Həm MDB məkanında, Avropada, Yaxın Şərqdə, həm də
bizim qonşuluğumuzda çox təhlükəli proseslər gedir. Demokratik
normalar pozulur, ayrı-seçkilik meyilləri güclənir, milli-dini
zəmində qarşıdurmalar, anlaşılmazlıq və müharibələr başlayır.
Televizordan görürük ki, inkişaf etmiş ölkələrdə nümayişçilərə
qarşı necə zorakılıq tətbiq edilir. Bəziləri əvvəllər bizi ittiham
etməyə çalışırdılar ki, Azərbaycanda hüquqlar pozulur, demokratiya
zəifdir, burada sərbəst toplaşma azadlığı yoxdur. Əlbəttə, hər kəs
bilir ki, bunun hamısı yalandır. Azərbaycanda heç kim vəhşicəsinə
döyülmür, heç kim söyülmür, heç bir məhdudiyyət qoyulmur. Necə ola
bilər ki, bizə gəldikdə bu uydurma ittihamlar avtoritar rejim kimi
xarakterizə edilir, ancaq demokratiyanın beşiyi sayılan ölkələrdə
bu günlərdə televizordan gördüyümüz o videosüjetlər demokratiya
sayılır. Necə ola bilər ki, nümayişçilər vəhşicəsinə döyülür,
söyülür, təhqir edilir, bu, demokratiya hesab edilir. Azərbaycanda
sabit vəziyyət mövcuddur, xalq rahat, azad şəraitdə yaşayır, amma
bu, demokratiya hesab olunmur. Bu ikili standartlar siyasətinə son
qoyulmalıdır. Bu, artıq dözülməz hala gəlib çatıb. Əlbəttə ki,
Azərbaycan xalqı hər şeyi çox yaxşı görür və bilir. Bilir ki, bizə
qarşı aparılan kampaniyanın səbəbi nədir, hədəfi kimdir və hansı
nəticə gözlənilir. Səbəbi odur ki, biz öz yolumuzla, müstəqillik
yolu ilə gedirik. Heç bir başqa ölkənin daxili işinə qarışmırıq,
heç kimi də qoymuruq ki, bizim daxili işimizə qarışsın. Bu da bəzi
qüvvələr tərəfindən qəbul edilmir. Çünki onlar öyrəşiblər, başqa
yerlərdə ölkələr onların iradəsi ilə idarə olunur. Hədəf isə
əlbəttə ki, Azərbaycanın siyasi rəhbərliyidir və mənəm. Çünki mən
bu ölkənin başında dayanıram və Azərbaycanın siyasətini mən müəyyən
edirəm. Azərbaycanın müstəqilliyinin də qarantı mənəm və Azərbaycan
xalqıdır.
Mübarizə üsullarına gəldikdə isə burada da heç bir innovasiya,
yenilik yoxdur, köhnə, şablon, trafaret ittihamlar, əsassız
iftiralar, uydurmalar, provokasiyalar, yalan, böhtan. Biz artıq
bütün bunlara öyrəşmişik. Bunların heç biri bizim siyasətimizə və
iradəmizə zərrə qədər təsir edə bilməz. Ancaq mən bir daha demək
istəyirəm ki, demokratiya bizim şüurlu seçimimizdir, yolumuzdur.
Azərbaycan bu istiqamətdə böyük uğurlara imza atıb, ancaq biz
etiraf etməliyik, hələ ki, görüləsi işlər çoxdur. Heç bir cəmiyyət
kamil deyil. Biz bu istiqamətdə səylərimizi davam etdirəcəyik", -
İlham Əliyev qeyd edib.