Artıq 25 ilə yaxındır ki, Ermənistan dünyaca məşhurları
Azərbaycanın işğal olunmuş ərazilərinə dəvət edərək konsert
proqramları təşkil edir. Azərbaycan tərəfi bu məsələ ilə
razılaşmayaraq, 2009-cu ilin iyulunda Azərbaycanın Gənclər, İdman
və Turizm Nazirliyi "qara siyahı" hazırlamağa başlayıb. Nəticədə
Dağlıq Qarabağda konsert verən çoxlu sayda məşhurlar "qara
siyahı"ya salınaraq onların ölkəmizə səfərləri və konsert təşkil
etmələri qadağan olundu. Buna baxmayaraq, bəzi incəsənət
nümayəndələri Dağlıq Qarabağa səfərlərini davam edirlər. Lakin
onların bəziləri sonradan Azərbaycanın Xarici İşlər Nazirliyinə
müraciət edərək həmin siyahıdan adlarının silinməsini xahiş
ediblər.
Ötən gün Azərbaycanın işğal olunmuş ərazilərində konsert
proqramları ilə çıxış edərək qara siyahıya düşən məşhurlardan daha
biri əməlindən peşman olaraq Xarici İşlər Nazirliyinə məktubla
müraciət edib. Bu, Rusiya Federasiyasının vətəndaşı, müğənni, "Чай
вдвоём" qrupunun keçmiş üzvü və "A-Dessa" layihəsinin yaradıcısı
Stanislav Kostyuşkindir. S.Kostyuşkin qeyd edib ki, Azərbaycanın
beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü
və suverenliyinə və qanunlarına hörmət etdiyini, Ermənistan
tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə bilmədən, səfərin
fəsadlarından əvvəlcədən məlumatlı olmadan getdiyini qeyd edib. O,
bu səfərin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı
yönəlmədiyini vurğulayıb.
Səfərlə əlaqədar təəssüfünü ifadə edərək, S.Kostyuşkin
Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin
heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış
qondarma rejimin təşviqinə xidmət etmədiyini bildirib və işğal
olunmuş ərazilərə qanunsuz səfərlə əlaqədar Azərbaycan hökuməti və
xalqından üzr istədiyini bildirib. S.Kostyuşkin həmçinin gələcəkdə
işğal olunmuş ərazilərə bu kimi səfərlərdən çəkinəcəyinə dair
zəmanət verib.
Nazirlikdən bildirilib ki, S.Kostyuşkinin müraciəti müvafiq
qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər
siyahısından çıxarılmasına dair qərar qəbul edilib.
Azərbaycanın "qara siyahısı"na daxil olan çoxlu sayda məşhurlar
var.
Axar.az "Yeni
Müsavat"a istinadən onların bəzilərini təqdim edir:
Onlardan biri rusiyalı opera müğənnisi Lyudmila
Kazarnovskayadır. Müğənni ötən ilin sentyabrın 2-də Xankəndində
konsert proqramı ilə çıxış etmişdi. Onun bu əməlini Azərbaycanın
Rusiyadakı səfiri Polad Bülbüloğlu da pisləmişdi. Bu barədə TASS-a
açıqlama verən səfir qondarma "Dağlıq Qarabağ Respublikası"na səfər
edən rusiyalı opera müğənnisi Lyudmila Kazarnovskayanın bütün
beynəlxalq normalarını pozduğunu demişdi. Səfir onu da xatırladaraq
qeyd etmişdi ki, tanınmamış ərazilərə səyahət – Dağlıq Qarabağ isə
heç bir dövlət, o cümlədən də Ermənistan tərəfindən tanınmayıb –
yalnız ölkənin müvafiq orqanlarının, indiki halda isə Dağlıq
Qarabağı tanımamış Azərbaycan hakimiyyətinin icazəsi ilə baş verir.
XİN də rusiyalı müğənninin arzuolunmaz şəxslər siyahısına, "qara
siyahı"ya salınacağını açıqlamışdı.
Xankəndində konsert verib qara siyahıya daxil olan digər
məşhurlardan biri də dünyaca məşhur pianoçu Mariya Nemtsova və
saksofon ifaçıları Vitali Vatul, Dmitri Uvarov, Yevgeni Novikov və
Xuan Manuel Dominqes olub. Onlar 2015-ci il fevralın 6-da "Music
for peace" ("Sülh naminə musiqi") layihəsi çərçivəsində konsert
proqramı ilə çıxış ediblər.
Daha bir məşhur isə tanınmış italiyalı müğənni Al Banodur. O,
2010-cu ildə Ağdərənin Vəng kəndində konsert verib. Qara siyahıya
düşən müğənni sonradan açıqlama verərək siyasətçi olmadığını, sülh
tərəfdarı olduğunu bildirmişdi:
"Mənə bu problem (Qarabağ) haqda danışdılar. Dünyanın bir çox
ölkəsində bu cür problemlər var. Mən sülh tərəfdarıyam, dünyadakı
bütün insanları sevirəm. Hesab edirəm ki, savadlı insanlar məni
başa düşər". Onun bu açıqlamasından sonra Azərbaycan tərəfi
tezliklə onu qara siyahıya salacağı barədə Azərbaycanın İtaliyadakı
səfirliyinə xəbərdarlıq etmişdi. Bu barədə məlumatlanan müğənni
Qarabağ münaqişəsindən xəbərsiz olduğunu və əməlinə görə təəssüf
hissi keçirildiyi vurğulamışdı. Müğənninin peşman olduğunu nəzərə
alaraq XİN onun adını qara siyahıdan çıxartdı. Nəticədə müğənni
2013-cü ilin dekabrında Azərbaycana gələrək Heydər Əliyev adına
sarayda keçirilən və "San Remo ulduzları Bakıda" adlı konsert
proqramında iştirak etdi.
Digər italiyalı ulduz, tanınmış müğənni Roberto Loretti isə qara
siyahıya düşməyin bir addımlığından geri dönə bilib. Belə ki, o,
2013-cü il iyununda 14 yaşlı erməni uşağın dəvəti ilə Dağlıq
Qarabağın mərkəzi şəhəri Xankəndində konsert verməli idi. Konsert
proqramından xəbər tutan Azərbaycanın İtaliyadakı səfirliyi onunla
görüş keçirərək Azərbaycan və Ermənistan arasındakı Qarabağ
münaqişəsi haqda məlumat verib. Həmçinin qara siyahıya düşəcəyi ilə
bağlı xəbərdarlıq olunub. Bundan sonra müğənni Dağlıq Qarabağa olan
konsert səfərindən imtina edib. Beləliklə, müğənni xəstə olduğu
üçün konsertə gələ bilməyəcəyini açıqlayıb. Onu da qeyd edək ki,
müğənni 2011-ci ildə Heydər Əliyev Sarayında proqram konserti ilə
çıxış edib.
"Qara siyahı"da məşhur müğənni, bəstəkar Plasido Dominqonun da
adı var. Müğənni 2013-cü ilin noyabrın 17-də Dağlıq Qarabağda
konsert proqramı ilə çıxış edib. Konsertdən öncə erməni
jurnalistlərinin Dağlıq Qarabağa səfəri ilə əlaqədar Azərbaycanın
"qara siyahı"sına düşəcəyindən qorxub-qorxmaması ilə bağlı
suallarını cavablandıran P.Dominqo zarafat edərək hətta burada bir
gecə də keçirməyə hazırdır, lakin bir şərtlə ki, onun kifayət qədər
qəhvəsi, siqareti olsun və ertəsi gün onu güllələməsinlər. Müğənni
bu gün də XİN-in "qara siyahı"sındadır.
"Qara siyahı"dan adını sildirməyə nail olan ulduzlardan biri də
Rusiyanın populyar müğənnisi Katya Leldir. O, 2005-ci ilin iyulunda
Dağlıq Qarabağa gedən məşhurlar arasında olub. Digər məşhurlar Soso
Pavliaşvili, Fillip Kirkorovun atası Bedros Kirkorov olub. Onların
işğal olunmuş ərazilərdə konsert verməsi Azərbaycanda ciddi
tənqidlə qarşılanıb. Sənətçilər buna görə "qara siyahı"ya salınıb.
Lakin Katya Lel bununla bağlı açıqlama verərək bildirib ki, onlara
Yerevanda konsert verəcəkləri deyilsə də sonradan qəfildən
helikopterə mindirərək Dağlıq Qarabağa aparıblar:
"Çox heyfislənirəm ki, biz durduğumuz yerdə tələyə düşdük".
Bedros Kirkorovdan başqa digər müğənnilər isə siyasətlə
maraqlanmadıqlarını və konfliktdən xəbərsiz olduqlarını dilə
gətirmişdilər. Buna görə də onlar, o cümlədən müğənni Katya Lel
Azərbaycan hakimiyyətindən üzr istəyib adlarının "qara siyahı"dan
çıxarılmasına nail olub.