Dünən Almaniya parlamenti
tərəfindən ədalətsiz, qərəzli, tarixi yalan üzərində qəbul edilmiş
qətnaməni Azərbaycan dərhal qınadı, pislədi.
Trend-in
məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda
Türkiyənin Baş naziri Binəli Yıldırımla birgə mətbuata bəyanatla
çıxışında deyib.
"Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat verdi və bu gün mən
ölkə Prezidenti kimi bir daha bu yalan üzərində qurulan təxribatı
pisləyirəm, qınayıram. Bu ədalətsizlikdir, ikili standartlardır,
tarixin təhrif edilməsidir".
Azərbaycan Prezidenti xatırladıb ki, bu gün Azərbaycanda Dünya
Azərbaycanlılarının IV Qurultayı keçirilir:
"Bizim bütün diaspor təşkilatlarımızın rəhbərləri bu gün
Azərbaycandadır və bizim bütün diaspor təşkilatlarımıza təlimat
verilib ki, daim bütün diaspor təşkilatları ilə birlikdə olsunlar,
birgə aksiyalar, nümayişlər keçirsinlər, öz etirazlarını
bildirsinlər ki, biz həm bu bölgədə, həm də xaricdə birliyimizi
nümayiş etdirməliyik".
İlham Əliyev vurğulayıb ki, Almaniya parlamentinin qəbul etdiyi
bu ədalətsiz qərar əlbəttə ki, siyasi sifarişdir:
"Çünki bunu hər kəs yaxşı bilir ki, yalan üzərində, böyük erməni
yalanı üzərində qəbul edilib. Nə üçün məhz dünən bu qəbul edilib?
Təbii ki, bunun siyasi tərəfləri var və əsas rol oynayır. Yəqin ki,
Türkiyəni nəyəsə məcbur etmək istəyirlər. Yəqin ki, Türkiyənin
müstəqil siyasətinə təzyiq, təsir etmək istəyirlər. Budur, bunların
təməlində dayanan amillər. Erməni məsələsi sadəcə olaraq, bir
bəhanədir. Erməni məsələsi yenə də böyük dövlətlərin əlində alətə
çevrilib. Onu da qeyd etməliyəm ki, Azərbaycan da oxşar vəziyyətlə
üzləşib. Keçən ilin iyun ayının 12-də Almaniya parlamenti
Azərbaycana qarşı çox ədalətsiz, yalan üzərində qətnamə qəbul etdi.
Guya ki, Azərbaycanda demokratiya, insan haqları pozulur və s.
Birincisi, bu yalandır. Azərbaycanda demokratiya inkişaf edir,
bütün azadlıqlar təmin edilir, Azərbaycanda söz, mətbuat azadlığı,
azad internet mövcuddur. Əhalinin 75 faizi internetdən istifadə
edir. Sual olunur: azad internet olan yerdə söz azadlığı necə
boğula bilər? Azərbaycanda sərbəst toplaşma azadlığı var, kim
istəyir, nə vaxt istəyir, sərbəst toplaşa bilər. Görürük, bəzi
Avropa ölkələrində dinc nümayişçilərə qarşı hansı vəhşiliklər
törədilir. Biz görürük ki, onlar necə döyülür, söyülür, təhqir
edilir. Yəni bu demokratiyadır! Amma Azərbaycanda insanlar rahat
yaşayır, əmin-amanlıq, azadlıq şəraitində yaşayır və bu, sən demə,
demokratiya deyil. Mən bu sözləri nəyə gətirirəm? Keçən il iyunun
12-də Bakıda dünyada ilk dəfə olaraq Avropa Oyunları keçirilməyə
başlanılmışdı. İyunun 12-si Avropa Oyunlarının açılış günü - məhz
bu gündə Almaniya parlamenti Azərbaycana qarşı bu qətnaməni qəbul
edib. Yəni bu bizə sataşmaqdır, bizə ləkə vurmaqdır, bizə böhtan
atmaqdır. Ona görə biz də bu qətnaməyə fikir vermədik. Əminəm ki,
Türkiyə xalqı da, dövləti də buna fikir verməyəcək. Bunun heç bir
mənası yoxdur. Sadəcə olaraq, bu, siyasi sifarişdir və bunu qəbul
edənlər böyük səhv buraxıblar. Həm tarixi səhv, həm də siyasi
səhv".
Dövlət başçısı bildirib ki, Azərbaycan hər zaman olduğu kimi,
Türkiyənin yanındadır:
"Biz birliyimizi daha da gücləndirəcəyik. Bizə qarşı aparılan bu
təxribatlar bir daha onu göstərir ki, ancaq birlikdə daha güclü ola
bilərik. Bu gün Türkiyə-Azərbaycan birliyi nəinki regionda, dünya
miqyasında bir faktordur. Bu faktoru heç kim inkar edə bilməz. Biz
gücümüzü birləşdiririk. Biz birgə layihələr icra edirik. Bu gün
hörmətli Baş nazirlə bir daha birgə icra etdiyimiz bütün layihələri
müzakirə etdik. Hörmətli Baş nazirin nəqliyyat naziri olduğu dövrdə
Bakı-Tbilisi-Qars dərmir yolunun inşasına başlamışıq. Hörmətli Baş
nazir bu yolun tikintisi üçün çox böyük səylər göstərmişdi. Artıq
yaxın zamanlarda biz onun açılışını edəcəyik".