Bu gün Naxçıvan Muxtar Respublikasına gələn hər kəs kimi
mən də təəccüblənirəm. Hər tərəfdə abadlıq, gül-çiçək, yaşıllıq,
gözəl və yaraşıqlı binalar var. Muxtar respublikanın şəhər və
kəndlərində yüksək infrastruktur yaradılıb.
Bu sözləri AzərTac-a müsahibəsində iyunun 2-7-də Naxçıvan
Muxtar Respublikasında səfərdə olan Türkiyənin görkəmli hərb və
dövlət xadimi Kazım Qarabəkirin qızı, qardaş ölkədə fəaliyyət
göstərən Kazım Qarabəkir Paşa Vəqfinin sədri Timsal Qarabəkir
deyib.
Timsal Qarabəkir bildirib ki, burada Naxçıvan Muxtar
Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi
Salonunda Ərtoğrol Cavidin xatirəsinə həsr edilmiş "Yaradan ömrün
faciəvi sonluğu" adlı rəsm sərgisinin açılışında və Naxçıvan Dövlət
Universitetində "Əsrin sınaqlarında ədib və paşa – Hüseyn Cavid və
Kazım Qarabəkir" mövzusunda keçirilən konfransda, "Ərtoğrol Cavid
yaradıcılığı" adlı ədəbi-bədii tədbirdə iştirak edib: "Naxçıvanlı
gənclərin qədim tariximizə, keçmişimizə olan marağı məni çox
sevindirdi. Muxtar respublikada gənclərin vətənpərvərlik ruhunda
tərbiyəsi yüksək səviyyədə təşkil olunub. Qısa ömür yaşayan, lakin
çox böyük əsərləri bizə yadigar qoyan Ərtoğrol Cavidin xatirəsini
anarkən istedadlı gənclərin çıxışları, fəallığı məni heyran
etdi".
Qədim Naxçıvanın türk dünyasının müqəddəs məkanlarından biri
olduğunu deyən Timsal xanım qeyd edib ki, ötən əsrin əvvəllərində
Anadoluda yaşanmış faciələrin eynisi həmin dövrlərdə Naxçıvan
ərazisində də baş verib. Ermənilər bu bölgədə də kütləvi qətllər
törədib, türk yurdunu işğal etməyə çalışıblar. Ancaq unudublar ki,
Naxçıvanın igid oğulları var, bu yurdu öz doğma vətəni kimi sevən
türkiyəli qardaşları var. Məhz qardaşlıq duyğularından güc alan
Kazım Qarabəkir Paşa Şərqi Anadolunu düşmən işğalından azad
etdikdən sonra Naxçıvanı da xilas etmək üçün bura gəlib, böyük
xidmətlər göstərib.
Xalqlarımızın tarix boyu həmrəylik nümayiş etdirdiyini deyən
Kazım Qarabəkir Paşa Vəqfinin sədri qardaş ölkələrin kədərinin də,
sevincinin də daim bir olduğunu vurğulayıb. Bildirib ki, 1915-ci
ildə Çanaqqala savaşında Azərbaycandan olan yüzlərlə könüllü
Türkiyə uğrunda canlarını fəda ediblər. Bir müddət sonra isə Kazım
Qarabəkirin rəhbərliyi ilə yüzlərlə türk əsgəri Naxçıvan uğrunda
gedən döyüşlərdə böyük qəhrəmanlıqlar göstəriblər. 1918-ci il
sentyabrın 15-də Türkiyə-Azərbaycan qardaşlığı, birliyi nəticəsində
paytaxt Bakı şəhəri erməni daşnaklarından xilas olunub: "Bu məqamda
mən Mustafa Kamal Atatürkün Nəriman Nərimanova borc pulun
ödəniləcəyi barədə dediyi sözləri və Nəriman Nərimanovun ona
cavabını yada salmaq istəyirəm. O deyib ki, qardaşın qardaşa borcu
olmaz. Bəli, Türkiyə ilə Azərbaycan qardaşlığı da məhz belədir. Biz
bir-birimiz üçün əlimizdən nə gəlirsə, onu edirik. Gələcəkdə də
qardaşlıq bağlarımız daha da güclənərək davam edəcək. Biz bir
millətin iki dövlətiyik. Bir-birimizə candan bağlıyıq. Naxçıvan isə
türk dünyasında xüsusi yerə malikdir. Türkiyənin türk dünyası ilə
yeganə torpaq sərhədi məhz Naxçıvanladır".