İyunun 15-də Riqada iqtisadi, elmi-texniki və mədəni
əməkdaşlıq üzrə Azərbaycan-Latviya hökumətlərarası komissiyasının
VI iclası keçirilib.
Axar.az xəbər verir ki, iclasda hökumətlərarası komissiyanın
həmsədrləri, Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun və
Latviyanın nəqliyyat naziri Uldis Augulisin başçılıq etdiyi
nümayəndə heyətləri, eləcə də Azərbaycanın bu ölkədəki səfiri
Cavanşir Axundov, Latviyanın respublikamızda səfiri Yuri Maklakov
və media nümayəndələri iştirak ediblər.
Komissiyanın gündəliyinə iki ölkə arasında nəqliyyat,
iqtisadiyyat, informasiya texnologiyaları və kommunikasiyalar, kənd
təsərrüfatı, ətraf mühitin mühafizəsi və regional inkişaf, təhsil,
elm, turizm, səhiyyə, bank sahələrində əməkdaşlığa dair məsələlər
daxil edilib.
Görüşdə nəqliyyat naziri Uldis Augulis bildirib ki, Azərbaycan
Latviyanın mühüm iqtisadi tərəfdaşıdır. Prioritet sahələr ticarət
dövriyyəsinin artırılması, birgə investisiya layihələri, beynəlxalq
nəqliyyat dəhlizlərindən səmərəli istifadə, təhsil, kənd
təsərrüfatı, tikinti, turizm, səhiyyə sahəsində əməkdaşlığı əhatə
edir. Nazir bildirib ki, Latviya Azərbaycana ekoloji cəhətdən təmiz
texnologiyalar, qida sənayesi, əczaçılıq, sağlamlıq turizmi
sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirməyi təklif
edir.
U.Augulis vurğulayıb ki, Azərbaycan Cənubi Qafqaz regionunda
tranzit və logistika sahəsində Latviyanın mühüm tərəfdaşıdır.
Latviya mühüm nəqliyyat qovşağı, habelə yeni İpək Yolu və
Şimal-Cənub nəqliyyat dəhlizinin ayrılmaz hissəsidir. Nazir deyib:
"Biz rəqib deyilik, tərəfdaşıq və qlobal tranzit marşrutları
xəritəsində ümumi maraqlarımızı qoruyuruq".
Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov qeyd edib ki,
ölkələrimiz arasında əlaqələr daha da genişlənir. Avropa
İttifaqının üzvü olan Latviya ilə əməkdaşlıq respublikamız üçün çox
əhəmiyyətlidir. Nazir son illərdə ölkələrimiz arasında əlaqələrin
çoxşaxəli dərinləşməsini məmnunluqla qeyd edib. Z.Məmmədov bildirib
ki, Azərbaycanda mövcud ictimai-siyasi vəziyyət xarici
investisiyaların cəlb edilməsi üçün əlverişli şərait yaradır,
Latviyanın dövlət və özəl təşkilatları ilə əməkdaşlıq üçün geniş
imkanlar açır.
Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov ikitərəfli
münasibətlərin yüksək səviyyədə olduğunu bildirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir
Azərbaycanın ərazi bütövlüyü ilə əlaqədar dəyişməz mövqeyinə və
Xocalı soyqırımı ilə bağlı Seymin qəbul etdiyi bəyanata görə
Latviya hökumətinə təşəkkür edib.
Latviyanın Azərbaycandakı səfiri Yuri Maklakov bildirib ki, bu
il Latviya hökuməti üzvlərinin Azərbaycana bir neçə rəsmi səfəri
olacaq. Bu səfərlər Azərbaycan ilə Latviya arasında əməkdaşlığın
inkişafına yeni təkan verəcək.
Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov
2015-ci ildə Azərbaycan ilə Latviya arasında ticarət dövriyyəsinin
9 milyon dollar təşkil etdiyini diqqətə çatdırıb. Onun sözlərinə
görə, bu gün Azərbaycanda ticarət, sənaye, tikinti, bank və
xidmətlər kimi sahələrdə Latviya kapitalı ilə 20 şirkət fəaliyyət
göstərir.
Gündəlikdəki məsələlərin müzakirəsindən sonra yekun protokol
imzalanıb. Sənəddə Azərbaycanın işğal olunmuş ərazilərində, o
cümlədən Dağlıq Qarabağda istehsal edilən mal və xidmətlərin
Latviya bazarlarına idxalı, ixracı və satışı, eləcə də bu
ərazilərdə Latviya şirkətlərinin hər hansı iqtisadi fəaliyyətinin
beynəlxalq hüquqa və Azərbaycan qanunvericiliyinə əsasən
qeyri-qanuni olduğu vurğulanır. Yekun protokolda, həmçinin qeyd
olunur ki, Azərbaycanın işğal olunmuş ərazilərində istehsal olunan
məhsullar Azərbaycanın müvafiq strukturlarının sertifikatı olmadan
Latviyaya buraxılmayacaq. Bununla yanaşı, sənəddə Azərbaycan ilə
Latviya arasında ikitərəfli münasibətlərin bu dövlətlərin ərazi
bütövlüyü və suverenliyinə hörmət prinsiplərinə əsaslandığı ifadə
olunub.