"Ölkədə özbaşınalıq həddən artıq çox olanda və insanlar
bundan təngə gələndə, bir sosial sifariş kimi ordu işə qarışa
bilər".
Bu sözləri "Axar.az"a açıqlamasında Ərəstun Oruclu deyib.
O, Timoşenkonun Ukrayna rəhbərliyinə gəlməsinin yaxşı nəticə
verməyəcəyini bildirib:
"Müxalifət liderləri razılaşma haqqında danışanda Maydanda
onları fitə basdılar. Bundan sonra Maydanın radikallığı daha da
artdı. Bu gözlənilən idi və mən bunu yaxşı dəyərləndirmirəm. Buna
demokratiya demək istəmirəm. Yuliya Timoşenkonun siyasi keçmişi
bəllidir. Məhz Yuşenkonun hakimiyyəti dövründə o, ambisiyaları
hesabına hakimiyyəti uduzdu. O da ifrat radikal siyasətçidir. Ən
yüksək ehtimalla Maydana nəzarəti o edəcək. Radikal siyasət heç
vaxt yaxşı nəticələr verməyib. Ukraynada Maydan nəzarətdən çıxıb.
Ölkədə ictimai münasibətlər sistemi pozulub. Artıq ölkədə həmçinin
başqa problemlər, xüsusilə də separatçılıq baş qaldırıb. Bunun isə
nə ilə bitəcəyini söyləmək çətindir".
Politoloq həmçinin ordunun ölkədə yaranmış vəziyyətə özbaşına
müdaxilə etməsinin doğru olmayacağını deyib:
"Müxalifət düşərgəsində ciddi problemlər var və bu Viktoriya
Nolandın telefon danışığında da qeyd olunmuşdu. Orada da müxalifət
liderləri bir-birinə nifrət edirlər. Bu, ruslar demiş, "bespredel"ə
aparan yoldur. Yəni bu Rusiyanın təbliğatı kimi anlaşılmamalıdır,
amma belə variantı da nəzərdən qaçırmaq lazım deyil. Hələlik
hadisələrə qarışmayan yeganə qüvvə ordudur. Ona da etimad böyükdür.
Ölkədə özbaşınalıq həddən artıq çox olanda və insanlar bundan təngə
gələndə bir sosial sifariş kimi ordu işə qarışa bilər. Cəmiyyət özü
tələb etməlidir ki, ordu işə qarışsın. Əgər başqa cür olsa yəni
özbaşına müdaxilə etsə, o zaman xunta, diktatura və sairə
yaranacaq. Mən güman eləmirəm ki, ordu hələ ki, situasiyaya
müdaxilə edəcək, amma xaosun yaxın günlərdə genişlənəcəyi şübhə
doğurmur".
Qeyd edək ki, Ukrayna Prezidenti Viktor Yanukoviç hakimiyyətdən
uzaqlaşdırılıb. Ölkədəki bu vəziyyəti o, dövlət çevrilişi
adlandırıb. Hələlik may ayında ölkədə kimin prezident seçiləcəyi
ilə bağlı təxminlər çox aşağıdır. Bəzi politoloqlar ölkədəki
situasiyanın bu gedişlə xaosa çevriləcəyini və Ukraynanı dünyanın
siyasi xəritəsindən silinəcəyi ilə bağlı proqnozlar veriblər.