Əlbəttə ki, mən erməniyəm, amma eyni zamanda, Türkiyə
vətəndaşıyam və mənim də inandığım dəyərlər var.
Bu sözləri APA-ya
açıqlamasında Türkiyənin Avropa Şurası Parlament Assambleyasındakı
(AŞPA) nümayəndə heyətinin üzvü, hakimiyyətdəki Ədalət və İnkişaf
Partiyasının (AKP) İstanbul millət vəkili, erməni əsilli Markar
Esayan deyib.
M. Esayan bildirib ki, ölkəsi Türkiyənin mənafeyi onun üçün hər
şeydən öndədir:
"Eyni zamanda, əxlaq meyarlarımız da var. Əgər siz bir bölgədə
digər bölgəyə su vermirsinizsə, suyun qarşısını kəsib insanları
susuz qoyursunuzsa, bunu kimin etməsindən asılı olmayaraq, mən buna
qarşı olacağam. Kiminsə pislik etməsini onun irqinə və ya millətinə
görə dəyərləndirə bilmərik. Erməniyəm deyə mən hansısa
yanlışlıqlara göz yuma bilmərəm, məsələlərə bu aspektdən baxıram.
Elə Xocalı qətliamına da bu gözlə baxıram, hər il bunu edənləri
lənətləyirəm. Biz bu baryerləri aşmalıyıq. Yəni, doğru yerdə
durmağa çalışıram, amma bunun da bir bədəli olur. Olsun, nə edə
bilərik ki?.."
Türkiyəli millət vəkili Ermənistanın AŞPA-dakı nümayəndə
heyətinin üzvü Naira Zöhrabyanın ona qarşı kobud hərəkətlərə və
təhqirlərə yol verməsinə də toxunub: "Yanvar sessiyasında
Azərbaycanla bağlı hesabatların lehinə səs verdiyim üçün erməni
nümayəndə heyətinin üzvü mənə söyüş və təhqirlər yağdırdı. Təbii
ki, Avropa Şurası içində bu, qəbuledilməz bir hərəkət idi.
Ermənistan nümayəndə heyətinin digər üzvləri isə gəlib məndən üzr
istədilər və o qadının başqa partiyadan olduğunu və Ermənistanda bu
sahədə məşhur olduğunu bildirdilər, hadisədən çox üzüldüklərini
söylədilər. Biz də öz növbəmizdə bu məsələni AŞPA Bürosu və
sədrinin diqqətinə çatdırdıq. Biz onları xəbərdar etsək də, rəsmən
üzr istəyən olmadı və nizamnamədə belə məsələlərlə bağlı hansısa
müddəanın olmadığını bildirdilər. Yəni biz şikayətimizi verdik,
AŞPA sədri bunu diqqətə aldı, ancaq başqa bir şey olmadı".