Yuxarı

Ermənilər səfirimizin milyonlarını necə apardı - Tam məxfi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün görkəmli yazıçı, dramaturq Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür.

Kult.az xatırladır ki, o, 1870-ci il mayın 17-də Şuşa yaxınlığında - Ağbulaq kəndində anadan olub. Əbdürrəhim bəy “Yeyərsən qaz ətini, görərsən ləzzətini”, “Dağılan tifaq”, “Bomba”, “Mirzə Səfər”, “Bəxtsiz cavan”, “Pəri-cadu”, “Marallarım”, “Xortdanın cəhənnəm məktubları”, “Ac həriflər” və başqa dəyərli əsərlərin müəllifidir.

Haqverdiyev təkcə ədəbi deyil, siyasi fəaliyyətlə də məşğul olub. Tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa Ermənistan hökumətinin Əbdürrəhim bəy Haqverdiyevə qarşı siyasi fəaliyyəti dönəmində təşkil etdiyi hücumla bağlı mühüm faktları üzə çıxarıb. O bildirib ki, AXC dövründə Ermənistanın kəşfiyyat orqanlarının Azərbaycan əleyhinə göstərdiyi bu kimi fəaliyyətlər Sovet hakimiyyəti illərində “Tam məxfi” qrifi altında saxlanılırdı:

“Əbdürrəhim bəy Haqverdiyev 1919-cu il avqustun 24-də Azərbaycan Respublikasının Ermənistanda diplomatik nümayəndəsi təyin edilmişdi. O dövrün mənzərəsini əks etdirən yüzlərlə sənəd Ə.Haqverdiyevin imzası ilə arxivlərimizdə saxlanılır. Həmin sənədlərdən bir neçəsi diplomatik nümayəndə kimi qatarla Tiflisdən İrəvana gedərkən erməni quldurlarının Ə.Haqverdiyevə qarşı soyğunçuluğundan bəhs edir.

Bu soyğunçuluq hadisəsini Ə.Haqverdiyev 1920-ci il martın 11-də İrəvan dairə məhkəməsinin prokuror müavini K.Budaqyana verdiyi izahatında belə şərh edib:

“Martın 8-də mən Tiflisdən Azərbaycana məxsus 2012 №-li salon-vaqonda İrəvana yola düşdüm. Kupemdə mənimlə Samson Stepanoviç Harutyunyan gedirdi, qonşu kupedə isə Məmməd Riza Hüseynov və familiyasını bilmədiyim iki irəvanlı gedirdilər.

Gecə saat 3-də vaqonda baş verən səs-küydən oyandım. Mən qışqırtı eşitdim, kimsə bağırdı: “Hamısını axtarmalı?” Salona enlikürək, qarayanız, balaca saqqallı, əsgər şineli geyinmiş furajkalı bir gənc daxil oldu. Əvvəlcə onun əlində silah görmədim, sonra o, “Brauninq” sistemli tapança çıxardı. O, salondakı stolun arxasına keçib sənədləri tələb edəndə mən ona dedim ki, bu vaqon yoxlanıla bilməz (Ə. Haqverdiyev bunu deyərkən özünün diplomatik toxunulmazlıq hüququnu xatırladıb - N.M).

Bu vaxt bir başqası - dairəvi papaqda, yekə şineldə qapıda göründü. Mən və Samson Harutyunyan sənədlərimizi göstərdik. Mən soruşanda ki, kimdir onlar, cavabında qapıda dayanan “Naqan” tipli tapançanı mənə tuşladı. Bu cənablar tələb etdilər ki, pullarımızı göstərək. Mən içərisində 5 milyon 400 min manat (250-lik əsginasla 2 milyon Zaqafqaziya bonu və 50-lik əsginasla 68 paçkada hər birində 50.000 olmaqla 3.400.000 Azərbaycan bonu) olan səbəti onlara göstərdim. S.Harutyunyanın yol çantasından təqribən 300.000 rubl və cibindən isə 10.000 rubl götürdülər. Bizim bütün yüklərimizi axtardılar və mənim zəncirli qızıl saatımı, 17 min manat dəyərində brilyant sancağımı və 10 min manatlıq brilyant sırğanı götürdülər. Ümumiyyətlə, saatla birlikdə 40 min manat dəyərində də malımı (nağd puldan əlavə - A.) götürdülər.

Quldurlar S.Harutyunyandan pulları götürəndə onu poçtla özünə qaytaracaqlarını söylədilər və vaqondan çıxarkən içəri birinci daxil olan quldur onunla əllə xudahafizləşdi”.

O, izahatında quldurların S.Harutyunyanla xüsusi münasibətlərinin olmasına işarə edir. Haqverdiyev əlavə edir ki, soyğunçular vaqondan çıxdıqdan sonra güclü yaylım atəşi eşitdik və fikirləşdik ki, bizim vaqonu atəşə tuturlar.

Quldurların məqsədi Ə.Haqverdiyevi qarət etmək idi. Belə ki, Əbdürrəhim bəy göstərir ki, bizi soyduqları vaxt təxminən 20 quldur vaqonu mühasirəyə alıbmış. Digər tərəfdən isə Azərbaycanın diplomatik missiyasının vaqonuna bitişik Amerika nümayəndəsinin vaqonu imiş və həmin vaqonda doktor Aşer öz kuryeri ilə birlikdə 7 milyon (pulun vahidi göstərilmir) aparırmış. Ancaq qarət edilən təkcə azərbaycanlıların mindikləri vaqon olur.

Ə.Haqverdiyev martın 8-də Kolagirən stansiyasından Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəsinə teleqram vuraraq qarət edildiklərini bildirir, hadisəni Azərbaycan hökumətinə çatdırmağı və təcili tədbir görməyi tələb edir. Azərbaycan XİN hadisə ilə bağlı Ermənistanın ölçü götürməsinə nail olmaq üçün Britaniya Ali Komissarlığına müraciət edir. Lakin uzun sürən diplomatik yazışmalardan heç bir nəticə hasil olmur.

Haqverdiyev erməni quldurlarının qəribə davranışlarından əbəs yerə şübhələnməmişdi. Daşnak Ermənistanının baş naziri olmuş Simon Vrasyan öz xatirələrində yazır ki, həmin qarətdən sonra Ermənistan hökuməti S.Harutyunyandan üzrxahlıq edir, ondan götürülən pul və qızıl saat özünə qaytarılır.

Ermənistanın xüsusi xidmət orqanının həmin vaxt Gürcüstanda gizli fəaliyyət göstərən kəşfiyyatçısı Tiqran Devoyans bu barədə 1945-ci ildə Bostonda erməni dilində nəşr edilən “Hayrenik” (Vətən) jurnalında (№ 4) yazırdı:

“Əgər Azərbaycanın diplomatik nümayəndəsi neytral zonada “əclaflar” tərəfindən talan edilməsəydi, Tiflis üzərindən Bakıdan göndərilən vəsaitlə təkcə Şərur-Naxçıvandakı tatar ordusunun sayı 10.000-ə çatardı. Eynilə Böyük Vedidə və Zəngibasarda və s. yerlərdə ermənilərə qarşı döyüşən tatarların sayı qat-qat artardı və nəticədə Ermənistan erməniləri məhv edilməklə üzləşərdi”.

“Nemezis” terror təşkilatının rəhbərlərindən olan Misak Torlakyanın 2001-ci ildə Beyrutda erməni dilində çap edilən xatirələrində Ə.Haqverdiyevin qarət edilməsindən sonra ələ keçirilən qənimətin aqibəti haqqında bildirilir:

“Əməliyyatın iştirakçıları həmin məbləği Mərkəzi Komitəyə (yəni Daşnaksütyun partiyasının mərkəzi komitəsinə - N.M.) verməkdən imtina etdilər. Bu səbəbdən də Mərkəzi Komitə dəstənin rəhbərlərini öldürməyi qərara aldı. Bu işi görənlərin bir hissəsi neytral zonada qalsalar da, onların başçısı Qasım Ruben Harutyun Harutyunyanın əli ilə güllələndi. Sonradan dəstənin ikinci lideri Ruben Safaryan qətlə yetirildi. Bu qətldən sonra digərləri də qaçdılar və bununla da məsələ qapandı”.

Sonralar Misak Torlakyan kimi, Harutyun Harutyunyan və Yervand Fundukyan da İstanbula gedərək “Nemezis” terror təşkilatına qoşulub və sifarişli terror aktları icra ediblər.

Ermənilərin törətdikləri bu cinayət adi quldurluq hadisəsi deyildi. Ə.Haqverdiyevin Bakıdan gətirdiyi pullar Diplomatik Nümayəndəliyin ehtiyaclarının təmin edilməsi ilə yanaşı, həmin dövrdə indiki Ermənistan ərazisində və Naxçıvanda fəaliyyət göstərən milli şuralar vasitəsilə erməni silahlı dəstələrinin hücumları nəticəsində yer-yurdlarından didərgin düşən qaçqınların, yetimxanalarda, lazaretlərdə sığınacaq tapan kimsəsiz uşaq və qocaların aclıqdan ölmələrinin qarşısının alınmasına sərf edilməli idi. Lakin Ermənistan hökumətinin əli ilə ermənilər onları bu imkandan məhrum etmiş, vəziyyətlərinin daha da ağırlaşmasına səbəb olmuşdular.

Bu qısa tarixçə 1918-1920-ci illərdə azərbaycanlı diplomatların Ermənistanda necə təhlükəli vəziyyətdə və ekstremal şəraitdə fədakarlıqla çalışdıqlarını göstərir.

Tarix
2018.05.17 / 13:39
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla