Yuxarı

Güllə səsləri eşidildi, sakinlər küçəyə axışdı...

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yalan ayaq tutar, amma yeriməz, deyib atalar. Mənimsə şahid olduğum yalan ayaq tutub elə yeridi ki...

Uşaq vaxtı eyni məhəllədə yaşayırdıq Muradla. Demək olar, uşaqlığımız hər səhər yeddi bloklu binanın arxasını çiyin-çiyinə gəzməklə keçirdi.

O zamanlar ölkəmiz yenicə müstəqilliyini elan etmişdi. Qarabağ da düşmən tərəfindən yenicə işğal edilmişdi, bizsə bütün bunların nə demək olduğunu anlamadan uşaqlığın dadını çıxarmaqla məşğulduq...

Zaman-zaman böyüklərimizdən eşidirdik ki, yenə Bakının hansısa hissəsində silah-sursat tapılıb. Bəzənsə xəbərlər daha faciəli olurdu, bizdən iki məhəllə o yanda yaşayan Qasım kişinin oğlu küçədən tapdığı qumbaranı oyuncaq bilib qurdalayarkən parçalara ayrılmışdı. Yaxınlığında olan bir neçə uşaq da xəsarət almışdı, biri sol ayağıyla vidalaşmalı olmuşdu, digərininsə qolu qopmuşdu.

O vaxtlar insanlar çörək növbələrində, su krantı ətrafında saatlarla gözləməli olurdular. Maddi vəziyyət yaxşı deyildi. Muradsa demək olar ki, bu kasıb məhəllədə bəy balasıydı. Dövrün qaranlıq olmasına baxmayaraq, atası “işıqlı” işdə çalışırdı. Bəzən işi tez bitsə də, evə gecənin zil qaranlığında gəlirdi ki, əlindəki içi ərzaq dolu zənbillər yoxsul camaatın gözünə tuş gəlməsin.

Allahçünə, xeyirxah adam idi, qonşularını da öz qazancından məhrum etmirdi. Məhəllənin bütün uşaqları, elə mən özüm də, dəfələrlə Muradla dostluğumuzun mükafatını alırdıq. Oyuncaqları ondan çox bizə aid idi, evlərinin eyvanı ən sevimli əyləncə məkanımız olurdu. Anası da hər zaman bişirdiyi yeməklərə qonaq edirdi bizi.

Bir gün yenə adəti üzrə Muradla çiyin-çiyinə veyillənməyə yollandıq. Səhərin gözü açılmamışdı hələ, hamı yuxudaydı. Qarşımıza yaşıl rəngli bir torba çıxdı. Ayağımızla vurduq, dəmir-dümür səsinə bənzər taqqıltı eşitdik. Əvvəlcə düşündük ki, yəqin, qonşumuz Fazil dayının iş alətləridir. Fazil dayı qaz borularının təmiriylə məşğul olurdu. Belə bir torbası vardı, içində də qaz açarı, kəlbətin, bıçaq və s. Bütün qazancını da içkiyə xərcləyirdi. Hər dəfə sərxoş olanda torbasını bir yerdə unudurdu. Hərdən elə bilirdim ki, “içib, açarını itirmək” deyimi Fazil dayıdan qalıb. Çünki hamı onunla lağ edirdi və ayılan kimi qaz açarını gətirib qaytarırdılar özünə: “Yenə açarını itirmisən...”

Torbanın ağzını açdıq, içindəkiləri görən kimi qorxu bürüdü canımızı. Tez yerinə qoyub uzaqlaşmaq istədik, amma maraq qorxumuza üstün gəldi. İçində avtomat güllələri, bir də qəhvəyi rəngli paltar sabununa bənzər dördbucaq nəsə vardı. Bu məqamda bizdən yaşca balaca iki qardaş gəldi. Onlar bizim binanın dördüncü blokunda balaca dükanları olan Gülşən xalanın uşaqları idi. Murad atası ezamiyyətdə olanda tez-tez bu dükandan ürəyi nə istəsə götürüb, adını nisyə dəftərinə yazdırırdı.

Böyük oğlunun adı Fəxri idi. Ona dedik ki, burdan uzaqlaşsın, “bomba” var. Bomba dediyimiz o paltar sabununa oxşayan şey idi. Belə demişdik ki, tez uzaqlaşsınlar. Özümüz də qayıtdıq evə və düşündük ki, bu hadisəni Muradın anasına danışaq. Çünki Mehriban xala həmişə Murad evə gec gələndə “Qoy atan komandirovkadan gəlsin, dərsini verəcək” deyirdi. Biz də uşaq ağlıdır da, elə bilirdik ki, o “komandirovka” sözü “komandir” deməkdir. “Tapdığımız torbanı da nə etmək lazım olduğunu komandir bilər” düşünüb üz tutmuşduq evə.

Mehriban xala bizi dinləyən kimi cəld evdən çıxdı, torbanı götürüb evə gətirdi. Murada da tapşırdı ki, qurdalama, atan axşam qayıdacaq, aparıb polisə təhvil verər.

Hardan biləydik ki, Mehriban xala özü də qorxuya düşüb torbanı blokun girişindəki zibil yığılan balaca otağa atıb. Və ən əsası, heç fərqində belə olmamışdıq ki, biz evə “bomba” haqqında xəbər verməyə gedərkən Fəxri torbanı eşələyib avtomat güllələrindən bir neçəsini cibinə atıb.

Günorta idi, evdə oturub televizora baxırdıq. Qəfil həyətdən güllə səsləri eşidildi. Fikir vermədik, elə bildik ki, yenə məhlə uşaqları “zırpaket” partladır. Bir neçə dəqiqə sonra çölə çıxdıq. Demək olar, bütün bina sakinləri həyətə axışmışdı. Səs-küy, qışqır-bağır, dördüncü blokun qarşısından isə ağlaşma səsi gəlirdi. Muradı görən kimi bütün uşaqlar üstünə cumdu. Nə olduğunu sormağa imkan tapmadan uşaqlar dilləndi:

“Sən nə etmisən, Murad, Fəxriyə güllə vermisən ki, zırpaketdir, partladarsan”.

Hardan çıxmışdı bu söz-söhbət, kim uydurmuşdu bu yalanı, bilmədik.
Murad ağlaya-ağlaya evə qayıtdı. Az sonra polis də qapını döydü, hamı onların evini işarə etmişdi. Günahkar dostumun yaşadığı evdən çıxmalıydı...

Mehriban xala polislə birlikdə blokun girişindəki zibil otağının qapısına yaxınlaşdı. Torba ordaydı hələ də. Demək ki, Fəxrinin burdan nəsə götürmək ehtimalı yox idi. Bu hal Mehriban xalanın doğru danışmasına işarə idi. Amma kifayət etmirdi. Həyəti qan bürümüşdü. Fəxrinin qanı təkcə dükanlarının qabağında axmamışdı, Muradgilin ailəsinə də sıçramışdı artıq...

Dostumun atası gəlib çıxdı, ictimai fəaliyyətindən dolayı yüksək dairələrdə də tanınırdı və evlərinə gələn polis də bu tanışlıqdan ötrü daha mülayim şəkildə sorğu-sual edirdi Muradı. Gözlərinin yaşı dinmək bilmirdi, hıçqıra-hıçqıra “Mən onlara dedim, onlara yaxşılıq edib dedim ki, burada bomba var, uzaqlaşın” deyirdi elə hey.

Fəxrini xəstəxanaya vaxtında çatdıra bilmişdilər, uşaq ayılıb polisin suallarına eynən məhlə camaatının uydurduğu yalanlarla cavab verdi:
“Mənə güllə verdi ki, zırpaketdir, partladarsan”.

Bu hadisənin üstündən xeyli zaman keçdi, artıq Fəxri tam sağalmışdı. Ancaq güllələri ocağın içinə atıb uzaqlaşmaması ona baha başa gəlmişdi. Barmağı qopmuş, ayağı yaralanmışdı.

Xəstəxanadan evə qayıdan gün atası qoyun kəsib qonşulara payladı. Sonra mağazalarında nə vardısa, hamısını küçəyə tökdü. Bütün məhlə uşaqları bu sevincdən pay aldılar. Amma nə mən, nə də Murad yaxın durduq bu sevincə. Murad çox sarsılmışdı, bəlkə də bu faciə öz başına gəlsəydi, o qədər üzülməzdi. Amma bu cür yalanla qarşılaşmağı onun qəlbini elə sındırmışdı ki, çölə addımını atmırdı. Sonra da köçüb getdilər o məhəllədən. Uzaqlara, lap uzaqlara...

Amma o uzaqlar belə onun yaddaşında travmaya çevrilən bu hadisəni unutdura bilmədi. Çox-çox sonralar bildik ki, dörd uşağın ölümüylə nəticələnən partlayış xəbərindəki uşaqlardan biri də elə bizim ən sevimli dostumuz Murad olub.

Yenə haradansa bir məhəlləyə atılmış içi silah-sursat dolu torba, yenə qalanmış tonqal... Amma bu dəfə tonqala atılan təkcə mərmilər deyildi, o paltar sabununa bənzər partlayıcını da atmışdılar atəşin içinə. Bizim Muradsa sadəcə tonqalın başına toplaşmış uşaqları uzaqlaşdırmaqçün gəlibmiş ora. Kim bilir, bəlkə də içində daşıdığı o ağrılı xatirəsi onu sürüklədi baş verəcək faciəyə...

Bir yalan, kiminsə uydurduğu bir yalan böyüyüb-böyüyüb ölümə çevrildi. Amma o ölüm Muradı daha tez - Fəxrinin yaralandığı gün haqlamışdı.

Tarix
2018.05.31 / 12:07
Müəllif
Vəli Hüseyn
Şərhlər
Digər xəbərlər

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla