Yuxarı

Lüğət tərtibində plagiat problemi - Araşdırma

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lüğət necə yazılmalıdır? Hər hansı bir lüğətin tərtib olunmasına cəhd etmək, əslində, cəsarətli bir addım kimi qəbul olunur. İlk sözlüklərdən başlamış (qeyd etmək istərdik ki, “sözlük” anlayışını çoxları “lüğət”lə eyniləşdirərək onun sinonimi kimi işlətsələr də, bu leksik vahidin mənası – “lüğət və ya ensiklopediyanı təşkil edən söz toplusu/sırası” mənasını ifadə edir [bax: De Mauro, İl Dizionario della Lingua İtaliana, Paravia, 2000].

Texnikanın inkişaf etmədiyi zamanlarda ilk lüğətlərin tərtibi çox vaxt bir şəxs tərəfindən aparılırdı və saysız-hesabsız sözlərin səbir və səylə kataloqlaşdırılmasını, sıralanmasını tələb edirdi. Əl əməyinə əsaslanan bu işdə səhvlər ortaya çıxır və onların aradan qaldırılması zərurəti yaranırdı. Kiçik lüğətlərin bu üsulla tərtibinin nə qədər çətin olduğunu düşünsək, böyük lüğət və ya ensiklopediyaların tərtibi haqqında bir o qədər geniş təsəvvürə malik olarıq. Çap maşınlarının kəşfi, zaman keçdikcə, bu işi asanlaşdırsa da, ən böyük sıçrayış kompüterlərin və bunun ardınca elektron lüğətlərin yaranması ilə baş verdi. Texnologiyaların inkişafı sözlərin axtarışı, əlaqələndirilməsi, uzlaşmasını maksimum sadələşdirərək, lüğətlərin tərtibi və redaktəsi işini tez və asan başa gələn etdi.

Bununla belə, bütün lüğətlər susdurulmuş informasiya kimi, əvvəlki nəşrlər və nüsxələr əsasında yaradılmışdır. Yeni nəşr olunan lüğətin innovativ çalar qazanması leksikoqrafların linqvistik kreativliyi sayəsində olur.

Lüğət sözü iki anlamda işlənir: 1. Bir dilin söz və ifadələrinin əlifba sırası ilə sıralanması (bu zaman mənası, istifadəsi, etimologiyası, hansısa dilə tərcüməsi, səslənmə forması, hecalanma, sinonim, antonim və s. verilə bilər); 2. Hər hansı bir sahəyə (elm, idman, incəsənət və s.) aid olan əsərlərdən anlayışların müəyyən kriteriyalar əsasında toplanması.

İlk lüğət nümunələri e.ə 2-ci minilliyə (şumer-akkad, sami və s.) gedib çıxır. Bunlar, adətən, ticari-mədəni mübadilələr üçün lazım olan sözlərin (şümer-akkad qarşılığı) tərcüməsindən ibarət olub. E.ə. 1-ci minillikdə ilk birdilli lüğətlərə rast gəlinir. Bu lüğətlər sözlərin mənasını izah etmək məqsədi daşıyırdı (Misir, Hindistan, Çin, Yunanıstan və daha sonra Romada aşkar olunub – bax: vikip).

XV əsrdə çapın kəşfindən sonra lüğətlərin nəşri kütləvi xarakter almağa başlayır. 1502-ci ildə Ambrozio Kalepino “Latın dilinin lüğəti”ni (“Dictionarum Latinum”) nəşr etdirir. Bu lüğət sonralar bir çox digər lüğətlər üçün örnək rolunu oynayır. 1611-ci ildə İspaniyada Sevastian de Kovarrubiasın “İspan dilinin xəzinəsi”, 1612-ci ildə Venesiyada “Kruska lüğəti” işıq üzü görüb. “Kruska lüğəti”nin nümunələri 13-cü əsr Florensiya dilinə əsaslanır. Sözügedən lüğət klassik və arxaik mətnlərə istinadın çoxluğuna görə müzakirələrə səbəb olub. Amma əsrin heç bir lüğəti möhtəşəm “Kruska lüğəti” ilə müqayisəyə gələ bilməz.

1684-cü ildə Antuan Fyureter “Essai d'un dictionnaire universel” adlı lüğət nəşr etdirir, lakin Fransa Akademiyası onu plagiat sayaraq qəbul etmir. Lüğət sonradan Yezuitlər tərəfindən yenidən işlənərək “Dictionnaire universel français et latin” (“Fransız və latın dillərinin universal lüğəti”) adı altında 1694-cü ildə Parisdə nəşr etdirilir. Bu lüğət “Kruska lüğəti”nin formasına əsaslansa da, ondan fərqlənirdi. Nümunələr yeni tərtibçilərin özlərinə məxsus idi, sözlər və terminlər təsnifatlandırılmışdır. Həm də sözügedən lüğət Florensiya dövründən və mühitindən fərqli bir dövr və siyasi-mədəni mühitdə ərsəyə gətirilmişdir. Həmin dövrdə Fransada lüğətin tərtibi qaydaları qədim dövr yazarlarının klassik əsərləri əsasında deyil, ünsiyyət dilinə, saray və ədəbi dairələrin danışıq dilinə əsaslanmalı idi.

Qeyd etmək lazımdır ki, izahlı lüğət birdilli lüğətlərin ən geniş yayılmış formasıdır. İzahlı lüğətlər dilin inkişafının müəyyən bir mərhələsində onun lüğət tərkibini əks etdirir. Lüğətlər çox vaxt mövcud leksikoqrafiya ənənələrinə əsaslanır. Bu zaman subyektiv faktorlar da mühüm rol oynayır. Vebster, Littre, Şerba, Ojeqov və s. kimi görkəmli leksikoqrafların tərtib etdikləri lüğətlərin ən mühüm xüsusiyyəti bu müəlliflərin fərdi yaradıcılıq və novatorluq fəaliyyətinin izlərini özündə daşıması ilə seçilir.

Leksikoqrafiya tarixində lüğətlər iki yerə: əlifba və yuva prinsipinə əsasən bölünür. Yuva prinsipinə əsasən bölünən lüğətlər məqsədinə görə izahlı, morfem və sözyaratma lüğətləri adlana bilər. İzahlı yuva prinsipli lüğətlər bütün qrammatik-qohumluq əlaqəsi olan sözləri birləşdirir. Bu tip lüğətlərin üstün cəhəti ondadır ki, sözlər ümumi semantik və qrammatik əsasda birləşir. Bu zaman sözlər arasında əlaqəni əyani şəkildə müəyyən etmək mümkün olur.

İzahlı lüğətlərin tərtibində sözlərin şərh olunmasının dörd üsulu göstərilir: deskriptiv, sinonimik, sadalama, əlaqələndirmə. Təsviri izah ensiklopedik və ya filoloji ola bilər. Əşyanın hansı əlamətinin daha mühüm olduğunu və lüğətdə əks olunmasını müəyyən etmək üçün leksik-semantik söz qruplarının öyrənilməsinə sistemli yanaşmaq lazımdır. Eyni bir qrupa aid olan leksik vahidlərin izahının verilməsində vahid prinsipə əsaslanmaq artıq qəbul olunmuş tələbdir. Bəzən bu vahidlik prinsipi pozulur. Bununla belə, sistemli yanaşmanı təkcə eyni tematik qrupa aid olan sözlərin izahına deyil, həm də antonimik anlayışların izahına tətbiq etmək mümkündür.

Terminoloji lüğətlərə gəlincə, bu tip lüğətlərdə bəzən onların başlıca keyfiyyəti olan sistemlilik gözlənilmir. Eyni və ya əks növlərdən olan terminlər lüğətlərdə fərqli şəkildə təzahür edir: həmin terminlərin bəzisi söz formasında verildiyi halda, digərləri söz birləşməsi şəklində təqdim olunur. Bu isə qüsurlu tendensiya sayılır. Müasir dilçilik baxımından terminoloji lüğətlərin tərtibində dilin koqnitiv xüsusiyyətləri də nəzərə alınmalıdır. Belə ki, dilin koqnitiv cəhətdən təhlili əldə olunan nəticələrin terminoqrafik praktikada tətbiq olunması üçün əlverişli zəmin yaradır.

İzahlı terminoloji lüğətlərin tərtibində lüğətin tərtib olunduğu dövrdə dilin aktiv fondu, ədəbi-bədii normaları, köhnəlmiş və istifadədən düşmüş sözlərin kənarlaşdırılması, yeniləri ilə əvəz olunması əsas şərtlərdən biridir. Keyfiyyət göstəricisi lüğətin tərtib edilməsində əsas parametrdir. Eyni zamanda, izahlı terminoloji lüğətlərin tərtibində sözlərin sinxronik, diaxronik əlamətləri, uyğunluğu, dövrün aktual mətn korpusları və s. təhlil olunmalıdır.

Lüğətlərin tərtibində plagiatlıq və ya müəllif hüquqlarının pozulması məsələsi xüsusi problematik məsələdir. Bu işi öz üzərinə götürən qurum, redaktor, fərdi tərtibçi ara-sıra qəbul olunan və olunmayan formalarda əvvəlki lüğətlərin təqdim etdiyi materiallara müraciət edir. Plagiatlığın ilk izləri müxtəlif aspektlərdə özünü göstərə bilər: sözlərin təqdimat forması, açar sözlərin sırası, üslub və s. Biz hələ konkret təriflərin, izahların, nümunələrin, faktların, tərcümə və illüstrativ materialların üzünün köçürülməsini demirik.

Problemin mahiyyəti ondan ibarətdir ki, bu sahədə işləyən bütün leksikoqraf və ya terminoqraflar verilən dil (və ya dillər) üzrə oxşar/yaxın biliklərə malikdirlər. Bu biliklərin özünün təbiətcə linqvistik xarakterə malik olduğunu, leksikoqrafın, adətən, bu biliklərdən ən səciyyəvi olanını lüğətdə əks etdirməli olduğunu nəzərə aldıqda, eyni həcmli və ya eyni istiqamətli lüğətlərdə oxşar fraqmentlərin ola biləcəyi faktı danılmazdır. Əlbəttə, lüğətlər fərqli istiqamət, miqyas, məqsəd və s. üçün nəzərdə tutulduğundan, fəaliyyət azadlığı kifayət qədərdir. Mövcud lüğətə alternativ, kəmiyyət və keyfiyyət baxımdan onunla rəqabət apara biləcək bir lüğət ortaya qoymaq başlıca məqsəd olmalıdır.

Məlumdur ki, leksikoqraflar adətən davamlı olaraq digər lüğətlərə müraciət edirlər. Buna görə də, lüğət tərtib edərkən tərtibatda iştirak edənlərin müəyyən prinsip və sistemə tabe olmaqla hansı köçürmənin mümkün (əgər ümumiyyətlə, köçürmə yolveriləndirsə), hansının isə yolverilməz olması ilə bağlı vahid qərar vermələri vacibdir. Bu, təkcə müəllif hüquqları ilə bağlı qanuna görə yox, həm də peşə etikası nöqteyi-nəzərindən mühüm əhəmiyyət daşıyır. Böyük Britaniyanın nəşr evləri ilə əməkdaşlıq edən doktor Con Vilyamz müşahidə etmişdir ki, plagiat məsələsində ya hədsiz dəqiqlik, ya tam laqeydlik hökm sürür. O, 13 lüğətin layihə üzrə menecerlərinə sorğu göndərmiş və sorğu olunanların cavablarına görə, onların plagiata qarşı həssaslığını müəyyən etməyə çalışmışdır.

Con Vilyamz öz araşdırmalarından belə nəticəyə gəlir ki, plagiat kiçik bir işarə olsa belə, dərhal düzəldilməli, hədsiz dərəcədə oxşar qeydlər və şərhlər dəyişdirilməlidir. Müəllifin qeydlərinə görə, Britaniya müəllif hüquqları haqqında 1988-ci il qanunu lüğətləri də əhatə edir. O yazır:

“Mənim kimi qanun məsələlərindən çətin baş çıxaranlar üçün, Skone Ceyms və Dvorkinin təlimatlarından yararlanmaq məqsədəuyğundur. Lakin istər onların təlimatlarında, istərsə də qanunvericilikdə lüğətlər xüsusi hal kimi dəyərləndirilmir”.

Leksikoqrafiyada plagiatçılığı normal qəbul etmək olmaz. Müasir dünyanın aparıcı ölkələrinin leksikoqrafiya sahəsində apardıqları çalışmalar, xüsusilə, dilçilik terminləri ilə bağlı lüğətlər bir-birini əsla təkrar etmir. Bunu italyan, ingilis, fransız, hətta rus dilində mövcud olan dilçilik terminləri lüğətlərini vərəqləməklə aydın görmək mümkündür. Mən burada iki ayrı-ayrı tərtibçilərin hazırladıqları eyniadlı “İtalyan dilinin lüğəti”ndən sadə “anafora” terminini müqayisə üçün göstərmək istərdim (Azərbaycancaya tərcüməsi ilə). İtalyanca bilməyən oxucu da fərqi aydın görə bilər. Yəni izahlı olmayan dilçilik terminlərində belə fərqli üslub, fərqli yanaşmalar mövcuddur. İzahlı terminologiyada bu fərq daha kəskindir.

Mənbə 1. – İl dizionario della lingua italiana, De Mauro, Paravia, 2000.

Anafora – figura retorica che consiste nella ripetizione di una parola o di un gruppo di parole all’inizio di proposizioni o versi successive….

Anafora – söz və ya söz qrupunun cümlənin və ya növbəti sətirlərin əvvəlində gəlməsini ifadə edən ritorik fiqur...

Mənbə 2. – Dizionario italiano, Garzanti Linguistica, Milano 2002.

Anafora – (ret.) ripetizione della stessa parola o espressione all’inizio di frasi o versi consecutivi.

Anafora – (rit.) eyni sözün və ya ifadənin cümlənin və ya növbəti sətirlərin əvvəlində təkrarlanması.

Bir faktı da qeyd edək ki, 2003-2012-ci illərdə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən 30 nəşrin plagiat olması aşkarlanıb. Onlardan 2 ədədi lüğətdir:

  • elmi əsər - 6 nəşr,
  • ədəbi əsər - 5 ədəd
  • lüğət - 2 ədəd
  • ensiklopediya - 1 ədəd
  • mətbuatla əlaqədar -1 fakt

Günel Bayramova,

İtalyanşünas alim, komparativist, filologiya üzrə fəlsəfə doktoru

Tarix
2019.01.08 / 11:14
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla