Yuxarı

Paltarsatan Akif necə jurnalist oldu?

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çox maraqlı adamdı. Əvvəllər paltar satarmış. Bir velosipedi varmış. Bazardan topdan güllü-güllü pal-paltar alıb, velosipedinin tərkinə qoyub, Xudatın küçələrində qapı-qapı düşüb alver edirmiş. Çox vaxt nisyə verərmiş, bəzən borclarını yığmaq üçün bir qapıya əlli dəfə gedərmiş. Bəzən bezərmiş, yorularmış, velosipedinin təkəri yerindən qoparmış, amma başqa məşğuliyyəti olmadığından yenə də “şeytana lənət” deyib paltar dolu kisələrlə, əziyyətlə, zəhmətlə öz işinə davam edərmiş.

Səhərdən axşama qədər küçəbəküçə dolaşdığından Xudatda “məmə” deyəndən “pəpə” yeyənə qədər hamı onu tanıyırmış. Və bir gün…

Hə, günlərin bir günü “güllü paltar mövsümü”nə son verir. Yox, bezmir qəhrəmanımız. Sadəcə, yaş öz sözünü deyir. Daha velosiped “ayaqlarının” sözünə baxmır. Dolanışıq üçün özünə başqa sahə seçir. Kimsə ona deyir ki, səndən gözəl fotoqraf çıxar. Bir fotoaparat alır özü üçün. Başlayır parkda, restoranlarda müştəri axtarmağa. Əvvəl bir az çətin olur. Həm fotoaparatın dilini öyrənmək, həm də fotoqraflığın. Amma çəkə-çəkə, çəkdiklərini bir də pozub yenə çəkməklə bir də görür ki, onun sənətini Xudat camaatı dəyərləndirməyə başlayıb. Dostumuz toy məclislərinə dəvət alır, məktəbdəki şənliklərə gedir, özü demişkən, alababat da olsa, dolanır.

Hər şeyin yolunda getdiyi bir zamanda bu lənətə gəlmiş texnologiyanın inkişafı onun bu kiçik biznesini vurub sıradan çıxarır. Hətta hər uşağın əlində mobil telefonun olduğu halda fotoqrafa nə hacət?

Beləcə, aylar keçir, dostumuz yeni dolanşıq yolları axtararkən qarşısına “Dahi” çıxır. Daha doğrusu…

Yox, bayaqdan haqqında danışırıq, qoyun onu sizə təqdim edim, sonra davam edək. Adı Akifdir, soyadını heç soruşmadım da. Bəstəboy, mehriban, bir az da sadəlövh birisi. Onunla elə yaşadığı, odun doğrayıb istisinə qızındığı kafedə tanış olduq. “Vətən fədaisi” qəzetinin xüsusi müxbiri mənim də jurnalist olduğumu bilcək ilk sualı bu oldu:

- Adınızı eşitməmişəm, müəllim, yəqin təzə başlamsınız.

- Yox, xeyli var.

- Əsas hara baxırsız?

- Anlamadım

- Təhsil, xəstəxana, ekologiya...

- Yox, mən reportyoram. Əfqanıstanda, Suriyada, Pakistanda olmuşam. Son iş yerim Lent.az-da redaktorluq olub.

- Eşitməmişəm. Elə uzağa niyə gedirdin ki?!

- Nə bilim, işim bu olub da.

Deyəsən, heç nə başa düşmür. Akifin xüsusi müxbir olduğu “Vətən fədaisi” qəzeti iki, bəzən üç aydan bir çıxır. Baş redaktoru İsrafil Piriyev Xaçmaz rayonu Çayqırağı kəndinin tarix müəllimidir. Akif xeyli vaxtdır bu qəzetdə külüng çalır. Əvvəlki iş yeri isə “Dahi” qəzeti olub. Bu qəzetin baş redaktoru Qobuqırağı kəndindən olan İbrahim adlı şəxsdir. İbrahim kişi yerli sovxozda fəhlə işləyib. Sovxoz dağılhadağılda onu briqadir qoyublar. Briqadirliyi də məlum səbəbdən uzun sürməyib, sovxozdan sonra boş-bekar qalan İbrahim kişi “Hakimiyyətin kamerası” adlı qəzet buraxmağa başlayıb. Amma bu qəzetin ömrü uzun çəkməyib. İbrahim kşi bu dəfə “Qanunun dairəsi” adlı qəzet nəşr etdirib. Bu qəzetin ömrü bir az uzun çəksə də, İbrahim kişi qəzet bazarında uğur qazana bilməyib, rəqabətə davam gətirmədiyndən tarixin arxivinə qovuşub.

Akif deyir ki, “Qanunun dairəsi” yeni parlamağa başlayırdı ki, Bakıdan gələn jurnalistlər onların çörəyini kəsdilər.

- Bizə baxan yox idi ki? Kimdi Bakıdan gələnləri qoyub Xaçmaz qəzetinin üzünə baxan?!

Elə İbrahim kişi də real həqiqəti başa düşür, bu dəfə manevr edərək “Dahi” qəzetini nəşr etməyə başlayır. “Tək əldən səs çıxmaz” prinspiylə hərəkət etməyin lazım gəldiyini başa düşən İbrahim kişi rayondan bir neçə nəfəri, o cümlədən fotoqraf Akifi işə dəvət edir. Beləcə, qəhrəmanımzın həyatında yeni dövr başlayır: o, artıq jurnalistdir. Həm də qəzetin fotoqrafı.

- Mənə deyirdilər, get filan yeri çək. Mən çəkirdim, İbrahim müəllim yazdırırdı.

- Başqa müxbirləriniz yox idi ki? Həm də özü niyə yazmırdı?

- Özü yazmırdı, ancaq oxuyurdu.

- Redaktə edirdi.

- Yox, onu bilmirəm.

- Yəni redaktorluq edirdi

- Hə, baş redaktorumuz İbrahim müəllim idi də, dedim axı.

- Korrektor var idi.

- Yox, Xaçmazın içində piyada gedirdik obyektə. Kəndə, ya Qusara, Qubaya gedəndə taksi tuturduq.

Bu vaxt Akif yerindən duraraq paltosunun cibindəki və indi xüsusi müxbiri olduğu “Vətən fədaisi” qəzetini gətirir.

- İş yoxdu ki! Bu gün Qusara getdik, 30 manat xeyrimiz oldu, onun 25 manatı taksiyə getdi. 10 manat bir məktəb verdi, 15 biri, 5 də biri. Onun 25 manatı taksiyə getdi, 5 manat qaldı. Bu işdi ki!

- Tutaq ki, mən məktəb direktoru, gəlib nə deyirsən mənə?

- Heç nə. Deyirəm ki, salam, jurnalistəm.

- Bəs, o nə deyir?

- O da heç nə. Tanıyır axı bizi. İnsafı olan bir az çox verir, olmayan 5 litr benzin alır. Lap betəri deyir, nə yazırsız yazın.

- Siz də yazırsız?

- Yox e, vermir verməsin, mərdüməzarlıq nəyə gərəkdi ki!

- Bəs “Dahi”də necəydi?

Akif bir qədər fikrə gedir. Deyir, orda bir az fərqli olub. Az-çox çörək qazana bilirlərmiş əvvəllər. Sonradan İbrahim kişi qəzetin strategiyasını dəyişib. Akif “strategiya” demədi təbii. Yaxşısı budur, özünü dinləyək.

- Bir gün hamını kəndə iclasa çağırdı. Dedi ki, qəzetimizin vəziyyəti pisdir. Bakıya, qəzet çıxan yerə xeyli borc yığılıb. Ona görə də hərə günə 15 manat gətirməlidir. Bizə də maaş təyin elədi: 300 manat. Dedi, yoxsa vəsiqələrimizi alacaq.

- Deməli, təsərrüfat hesabına keçdiz?

- (Gülür) Hə də, özümüz qazanıb, özümüz dolanmalıydıq.

- Çətin deyildi o pulu yığmaq?

- Yığmaq olurdu əvvəlcə. Hərə bir sahəyə cavabdeh idi. Mən ekologiyaya baxırdım. Amma bu, bir neçə gün çəkdi. Hər gün gedib demək olmaz ki, pul ver. Adamın bir qanacağı olar da. Bir az işlədik, mən aralandım. Çatdırmaq olmurdu. Vəsiqəni təhvil verdim, getdim. Amma çox bərəkətli vəsiqəydi.

“Dahi”dən sonra “Vətən fədaisi”nə gəlir Akif. Dediyinə görə, burda işlər hələ uğurlu getməsə də, gələcəkdə hər şey yaxşı olacaq. Vəsiqəsini göstrir:

- Vəsiqə belə olar da, can. Qırmızı. Yoxsa, o nədi plasmasdan?! Bunun hökmü də ağırdı ha.

Akif deyir ki, indiki baş redaktoru İsrafil Piriyev onun üzərinə heç bir öhdəlik qoymayıb.

- Şərkinə işləyirik. Hər rayonda müxbirimiz var, şimal regionunda. Mən Xaçmaza cavabdehəm. Nə qazansaq, kişi kimi aramızda bölürük. Heç kimi incitməklə aramız yoxdur. Pislik eləmək nəyə lazımdı ki?

- Qazanmaq olur?

- Çətindi, atam, amma şükür, dolanışıq çıxı.r

- Çoxdu sizin rayonda qəzet, jurnalist?

- Bir dənə İcra Hakimiyyətinin “Xaçmaz” qəzeti var, ayda bir dəfə çıxır. Ora fotoqraf çağırdılar 120 manat maaşdı. Kəbinli arvad kimi səhər 9-dan 5-ə kimi orda oturmalısan. 120 manata dolanmaq olar? Jurnalist isə çoxdu, atam, lap çox. Saytlar da var.

- Hamısı şərikə işləyir.

- Yox, özünə.

- Saytlar da var?

- Hə, bir Dəyanət var, hamı ondan qorxur. O yazdısa, vəssalam!

- Sən də qorxursan?

- Yox, can, onun mənimlə nə işi?!

Bunu deyib də ayağa qalxır.

- Bir az odun doğrayım, soyuqdu bura.

Aşağı düşüb odun doğrayır. Səliqəylə qucağına yığıb sobanın qarşısına düzür.

Yenidən qayıdıb yanımda əyləşir:

- Sənin qəzetdə yazın çıxıb?

- Hə, o qədər..

- Birini mənə ver, İsrafil müəllimə oxuyum. Xoşuna gəlsə, sənə vəsiqə versin, işlə.

- Demirsən hər yerdə müxbiriniz var?

- Hələlik mənim yanımda hərlənərsən. Bəlkə sənə başqa sahə tapşırdı.

Gülümsəyib minnətdarlığımı bildirirəm.

- Bax, can, savadlı adama oxşayırsan. Məndən deməkdi...

Tarix
2019.01.21 / 13:54
Müəllif
Səbuhi Məmmədli
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla