Ana səhifə Hadisə |
Tərcümə Mərkəzinin saytları - Aydinyol.az və Aztc.gov.az - Azərbaycandakı bəzi onlayn media orqanlarının dil qüsurlarının monitorinqini aparıb.
Şübhəsiz, dil monitorinqləri yalnız və yalnız medianın xeyrinə, dilimizin inkişafına xidmət edir. Çünki burada göstərilən iradlar medianı daha diqqətli olmağa sövq edəcək və belə olan halda “hər yoldan ötən” mətbuat işçilərinə irad tutmayacaq. Yəni dil qüsurları ilə bağlı monitorinqləri alqışlamaq lazımdır. Bu mənada Tərcümə Mərkəzinin də keçirdiyi monitorinqi alqışlamaq olardı, amma...
Amma Mərkəzin “monitorinqçiləri”nin yol verdiyi səhvlər bu işin necə qeyri-peşəkar, pinti şəkildə aparıldığını gözlər önünə sərir.
Əvvəla onu deyək ki, əgər Afaq Məsud dilin qayğısına qalmaq məqsədilə belə bir monitorinq keçirirsə, bunu Tərcümə Mərkəzinin adından etməsi heç bir məntiqə sığmır. Çünki bu, sözügedən mərkəzin işin deyil. Tərcümə Mərkəzinin işi tərcümə məsələləridir ki, onun da öhdəsindən nə qədər gəlir, bunu hamı çox yaxşı bilir.
İkinci bir məsələ: Niyə sözügedən siyahıda, məsələn, Musavat.com, 525.az, Adalet.az kimi portallar yoxdur? Ola bilərmi ki, Afaq xanım məhz dostluq münasibətlərinə görə sözügedən saytları monitorinqə cəlb etməyib? Afaq Məsudun Rauf Arifoğlu, Rəşad Məcid və yaxud Aqil Abbasla dost olması həmin saytları monitorinqdən xilas edib? Açığı, dilin qayğısına qalmaq “istəyən” bir qurumun problemə belə subyektiv yanaşması əsl niyyətin başqa olması haqda fikir formalaşdırır.
İndi isə gələk monitorinqin qeyri-peşəkar şəkildə aparılmasına.
1. Monitorinq qrupunun Axar.az-da yayımlanmamış bir yazını (“Tualetə əsla telefonla girməyin! – çox zərərlidir”) saytımızın adına çıxması xeyli gülməlidir. Çox güman ki, sözügedən yazı saytlardan birinin Axar.az-dakı bannerində olub və “monitorinq” keçirənin peşəkarlığı çatmayıb ki, o materialın Axar.az-a aid olmadığını müəyyən etsin.
2. Tərcümə Mərkəzinin qorxub səhv tutduğu şeylərdən biri də elə məhz bu “şey” sözüdür. Mərkəz türkiyəli ekspertin dediyi “Türkiyə teleserialları istehsal etdiyimiz ən yaxşı şeydir” cümləsini yanlış hesab edib. Bu o “şeydir” ki, görkəmli yazıçılarımız öz əsərlərində bu sözdən gen-bol istifadə ediblər. Tərcümə Mərkəzi bu sözdən niyə qorxur ki?
Elə hər sözü belə vahimə ilə qarşılaya-qarşılaya dildən çıxarırsınız da! Sabah da “xiyar” sözünü çıxaracaqsınız ki, jarqon leksikasında başqa mənada işlənir?
3. Monitorinq qrupu başqa saytda yayımlanmış və hiperlinklə verilmiş bir xəbərdəki səhv Axar.az-ın yanlışı kimi qələmə verilib. Halbuki sözügedən xəbərdə heç “Axar.az” sözü belə işlənməyib.
Əlbəttə, media olaraq bizim də səhvlərimiz olur. Amma bu səhvlər Tərcümə Mərkəzinin səhvləri kimi bilgisizlikdən deyil, sürət əsrində işin operativ təşkilindən qaynaqlanır. Və bu yanlışların demək olar ki, hamısı mexaniki, texniki səhvlərdir.
Ümumilikdə Tərcümə Mərkəzinin keçirdiyi monitorinqin xeyli qeyri-peşəkar, subyektiv olduğu aydın görünür. Çox yaxşı olardı ki, hörmətli Afaq Məsud bu cür qeyri-peşəkar monitorinqdənsə, tərcümə etdiyi əsərləri ciddi şəkildə redaktə edib, yenidən nəşr etdirsin. Çünki buna ciddi şəkildə ehtiyac var. Məsələn, Afaq xanımın tərcümə etdiyi “Patriarxın payızı” romanında rüsvayçı yanlışlar, tərcümənin keyfiyyətinin aşağı olması əksər müəllif və tərcüməçilər tərəfindən dəfələrlə vurğulanıb.
Yoxsa, Afaq xanım özünə aid olmayan sahələrdəki fəaliyyətini də “Patriarxın payızı”nın tərcüməsi səviyyəsinə salmaqdan xüsusi zövq alır?
Tarix
2019.01.22 / 14:01
|
Müəllif
Kamran Ədalət
|