Yuxarı

Veteranlarımız Azərbaycana öz töhfələrini verirlər - Polkovnik

Ana səhifə Digər Hərb
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilovun son illərdə təşkilatın fəaliyyəti, gördüyü işlər, qarşıda duran vəzifələr barədə AzərTac-a müsahibəsini təqdim edir:

- Cəlil müəllim, ilk sualımız təşkilatın qarşıda gözlənilən plenumu ilə əlaqədardır. Bu, əvvəlcədən planlaşdırılmışdı, yoxsa hansısa zərurətlə bağlıdır?

- Respublika Veteranlar Təşkilatının plenumları nizamnaməyə uyğun olaraq, ildə bir dəfə, adətən noyabrda, yaxud dekabrda keçirilir. Plenumda Təşkilatın il ərzində gördüyü işlər müzakirə edilir, növbəti ildə qarşıda duran vəzifələr müəyyənləşdirilir. Növbəti plenum da bu baxımdan əvvəlkilərdən fərqlənmir. Bu imkandan istifadə edərək, noyabrın 22-də keçiriləcək həmin tədbirə media nümayəndələrini də dəvət edirik.

- Təşkilatın 2016-cı ildəki fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz?

- Respublika Veteranlar Təşkilatının fəaliyyəti illik Tədbirlər Planına və Rəyasət Heyətinin qərarlarına uyğun olaraq, bir neçə istiqamət üzrə həyata keçirilir. Əlbəttə, hər il bizim əsas tədbirimiz İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin ildönümü münasibətilə Prezident İlham Əliyevin müharibə veteranları ilə görüşünün təşkilinə hazırlıqla bağlı olur. Bu il mayın 9-da faşizm üzərində Qələbənin 71-ci ildönümü münasibətilə Azərbaycan Prezidentinin İkinci Dünya müharibəsi veteranları ilə görüşü oldu.

Bu görüşə hazırlıqla bağlı cari ildə də ölkənin bütün şəhər və rayonlarında, orta və ali məktəblərində, o cümlədən hərbi yönümlü təhsil ocaqlarında, müxtəlif təşkilatlarda, idarə-müəssisələrdə silsilə tədbirlər keçirilib. Həmin tədbirlərdə İkinci Dünya, Qarabağ və Əfqanıstan müharibələri veteranları, rayon veteran təşkilatları, yerli icra orqanları və ictimaiyyətin nümayəndələri, gənclər və ziyalılar iştirak ediblər. Mən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, Kaspi liseyində, Müdafiə Nazirliyinin təhsil müəssisələrində, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Sərhəd Xidmətinin akademiyalarında, Milli Qvardiyada, Dövlət İqtisad, Odlar Yurdu, Bakı Slavyan, Qərb universitetlərində, Dövlət Uşaq Filarmoniyasında və Xalça Muzeyində keçirilən tədbirləri xüsusi qeyd etmək istərdim.

Ölkə veteranlarının Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin nümayəndələri ilə geniş tərkibdə görüşü, cəbhə xəttində Ermənistan hərbi birləşmələrinin təxribatının qarşısının alınması ilə əlaqədar "Biz Azərbaycan əsgərinə, Ali Baş Komandanımıza və parlaq qələbəmizə inanırıq", "Multikulturalizmin Azərbaycan nümunəsi: Multikulturalizmin inkişafı və beynəlxalq platformaya çevrilməsi başlıca məqsəddir" mövzusunda elmi–praktiki konfrans və digər tədbirlər, habelə İkinci Dünya müharibəsində Moldovada həlak olmuş və itkin düşmüş azərbaycanlı döyüşçülərdən 206 nəfərin taleyinin aydınlaşması münasibətilə nəşr edilmiş xatirə kitabının təqdimatı ölkə ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.

Təşkilatımız Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumla əlaqədar keçirilən tədbirlərdə də fəal iştirak edib. Biz referendumla əlaqədar "Vətəndaş cəmiyyəti" təşviqat qrupunun yaradılmasının ilk təşəbbüskarlarından olmuşuq.

- Təşkilat veteranların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində nə kimi təşəbbüslər irəli sürür? Bu sahədəki fəaliyyətinizi qənaətbəxş hesab edirsinizmi?

- Veteranların sosial müdafiəsinin gücləndirilməsi fəaliyyətimizin əsas istiqamətlərindən biridir. Bu siyasətin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin tapşırığına əsasən hazırlanan "Veteranlar haqqında" Qanunun 1994-cü ildə qəbulu ilə ölkədə veteran hərəkatının dirçəldilməsi dövrü başlayıb. Hazırda bu siyasət Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Başlıca hədəflər və məqsəd vətənpərvər insanların yüksək statusunun daim nümayiş etdirilməsi, sosial müdafiəsinin, cəmiyyətdəki mövqeyinin gücləndirilməsi ilə vətənpərvərliyin təşviq olunmasıdır. İkinci Dünya Müharibəsi iştirakçılarına, bu müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə verilən birdəfəlik maddi yardımın həcminin ildən-ilə artırılması, eləcə də veteranların sosial müdafiəsinin gücləndirilməsi sahəsində imzalanmış çoxsaylı Sərəncam və fərmanlar bu insanlara dövlət qayğısının əyani sübutlarıdır.

Veteranların yaşayış səviyyəsinin yüksəldilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, müəyyənləşdirilmiş güzəşt və imtiyazlardan faydalanmaları, asudə vaxtlarının səmərəli təşkili və sair işlər müvafiq dövlət orqanları, yerli icra hakimiyyətləri və bələdiyyələrlə qarşılıqlı əlaqədə həyata keçirilir. Bir faktı qeyd edim ki, bu məsələlər barədə ötən 11 ay ərzində təşkilata daxil olmuş 100-dən çox müraciətlə bağlı əlaqədar təşkilatlara məktublar göndərilib, problemlər əsasən həll olunub.

Bu il Prezident İlham Əliyevin Respublika Veteranlar Təşkilatına ayırdığı vəsaitin xeyli hissəsinin müalicəyə ehtiyacı olan İkinci Dünya müharibəsi veteranlarına çatdırılması ilə bağlı təşkilatın rəyasət heyətinin qərarı ilə lazımi işlər aparılıb. Artıq Bakının rayonları üzrə ayrılmış müvafiq maddi yardımlar əməkdaşlarımızın və yerli icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə veteranlara çatdırılıb.

Təşkilata hər gün neçə-neçə veteran üz tutur. Biz onları məmnuniyyətlə dinləyir, problemlərinin həllinə kömək göstərməyə çalışırıq. Qaldırılan problemlərin həlli səlahiyyətlərimiz çərçivəsində olmadığı hallarda dövlət orqanları və təşkilatlar bizə imkan daxilində kömək edilər.

Veteranların yubileylərinin keçirilməsi, sağlamlıqlarının qorunması, asudə vaxtlarının səmərəli təşkili də diqqətdə saxlanılıb, bir qrup veteran ölkəmizin sanatoriya-kurort müəssisələrində müalicə alıb, onların Şahdağa və Qobustana səfərləri təşkil edilib.

Çoxsaylı müraciətləri nəzərə alaraq, veteranların bəzi imtiyazlarının bərpası barədə müvafiq dövlət orqanlarına müraciət etməyi nəzərdə tuturuq.

- Təşkilatınızın nümayəndələri tez-tez cəbhə xəttində olur, xidməti borcunu şərəflə yerinə yetirən əsgər və zabitlərimizlə görüşürlər. Bu ənənəniz digər ictimai birliklərə də nümunə ola bilər.

- Bütün ictimai təşkilatların, dövlət orqanlarının, hər bir azərbaycanlının ən ümdə borcu bu gün işğal altında olan torpaqlarımızın erməni tapdağından azad edilməsi üçün bacarığını əsirgəməməsidir. Son illər Azərbaycanda güclü ordu quruculuğu istiqamətində atılan uğurlu addımlar bizim bu vəzifənin öhdəsindən şərəflə gələcəyimizə olan inamı daha da artırıb. Aprel döyüşlərində Azərbaycan əsgəri düşmənə sarsıdıcı cavab zərbə endirərək xalqımızın qəhrəmanlıq tarixinə yeni parlaq səhifə yazdı. Ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. Veteranlar həmin hadisələrlə bağlı yaydıqları bəyanatda yaşlarının bu çağında da düşmənlə vuruşmağa hazır olduqlarını ifadə ediblər. Bu qəti mövqe həmin hadisələrdən əvvəl də, sonra da birbaşa cəbhə xəttində olan hərbçilərimiz qarşısında dəfələrlə səsləndirilib, gənclərimizin döyüş ruhunu daha da artırıb.

Biz Müdafiə Nazirliyi, Respublika Hərbi Prokurorluğunun müvafiq idarələrinin əməkdaşları ilə birgə cəbhə xəttində və ona yaxın ərazilərdə vaxtaşırı tədbirlər keçiririk.

Eyni zamanda, təşkilatımızın üzvləri gənclərin həqiqi hərbi xidmətə hazırlanmasında da əllərindən gələni əsirgəmirlər. Onlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkil etdiyi "Vətənin müdafiəsinə hazıram" mövzusunda rayonlarda keçirilən silsilə tədbirlərdə fəal iştirak ediblər.

Təşkilatımız bu il Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq!" adlı layihə çərçivəsində ölkənin dörd regionunda və Bakıda seminar-müşavirələr keçirib.

Biz bunlarla yanaşı, düşmənin əsl simasının, işğalçılıq siyasətini davam etdirməsinin ifşası, yerli və dünya ictimaiyyətinin bu barədə müntəzəm məlumatlandırılması istiqamətində də ardıcıl iş aparırıq. Belə tədbirlərdən biri cari ilin iyununda Respublika Veteranlar Təşkilatında keçirilib. Həmin tədbirdə İkinci Dünya müharibəsində alman faşizminə xidmət etmiş ermənilərdən ibarət qisasçı legionun yaradıcıları - general Dronun və Qaregin Njdenin MDB məkanında genişmiqyaslı təbliğatına, onların qəhrəman kimi təqdim edilməsinə, barələrində filmlərin çəkilməsinə, Yerevanda abidələrinin qoyulmasına veteranlarımızın etirazını əks etdirən müraciət qəbul olunub. Həmin müraciət MDB ölkələrinin dövlət başçılarına, parlamentlərinə, beynəlxalq qurumlara, veteran təşkilatlarına göndərilib. Müraciətə Rusiya, Ukrayna, Belarus və Qazaxıstanın dövlət orqanlarından, ictimai təşkilatlardan ermənilərin həmin hərəkətlərini qınayan cavablar gəlib.

- Respublika Veteranlar Təşkilatının beynəlxalq əməkdaşlıq əlaqələri barədə də məlumat verməyinizi xahiş edirik. Bu əlaqələrin səviyyəsi qənaətbəxşdirmi?

- Respublika Veteranlar Təşkilatının beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi məqsədilə Diasporla İş üzrə Dövlət Komitəsi və Xarici İşlər Nazirliyi ilə əlaqələrimiz intensivləşib. Təşkilatımızda bu sahəyə cavabdeh şöbə yaradılıb. Hazırda Gürcüstan, Türkiyə, Ukrayna, Moldova, Rusiya və Belarus veteranlar təşkilatları ilə qarşılıqlı əlaqələrimiz xüsusilə genişdir. Bu təşkilatların tədbirlərinə daim dəvət alır, həmçinin onları öz tədbirlərimizə dəvət edirik. Qarşılıqlı fəaliyyətin nəticəsidir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Ukraynanın faşizm işğalından azad olunmasında iştirak edən azərbaycanlı döyüşçülərə xatirə medalları təqdim olunub. Həmçinin Ukrayna Prezidentinin sərəncamı ilə 316 azərbaycanlı veteran döyüşçü medallarla təltif edilib.

Respublika Veteranlar Təşkilatının əməkdaşları faşizm üzərində Qələbənin 71 illiyinə həsr olunmuş "Qələbə və yaddaş" ("Память и Победа") kitabının nəşrində fəal iştirak edib. Həmin kitab 9 May - Qələbə Günündə Prezident İlham Əliyevə təqdim olunub.

Bu ilin iyun və sentyabr aylarında Kiyevdə və Moskvada tədbirlərdə iştirak etmişik. Oktyabrda isə Türkiyənin Müharibə Veteranları Dərnəyinin Qars vilayəti üzrə nümayəndə heyəti Bakıya səfər edib. Sentyabrda Rusiya Federasiyası Silahlı Qüvvələri Veteranları Təşkilatının sədri, ordu generalı Viktor Yermakov Respublika Veteranlar Təşkilatında olub. O, ölkəmizdə yaradılan şəraitin, veteranlara göstərilən dövlət qayğısının bütün MDB ölkələri üçün nümunə olduğunu bildirib.

Hər il 9 May - Qələbə Günü ərəfəsində beynəlxalq "Qara Xaç" Cəmiyyəti üzvlərinin və Almaniyadan gələn qonaqların Bakı, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində İkinci Dünya müharibəsində əsir düşmüş və vəfat etmiş insanların dəfn edildikləri qəbiristanlıqlara ziyarətləri təşkil olunur.

Təşkilatımızın orqanı olan "Azərbaycan Veteranı" qəzeti tədbirlərimizi, eləcə də fəaliyyətimizi kifayət qədər geniş işıqlandırır. Bu sahədə ölkə KİV-lərinin dəstəyini də minnətdarlıqla qeyd etmək istərdim. Təşkilatın tarixi və azərbaycanlıların İkinci Dünya müharibəsində iştirakı ilə bağlı dərc edilmiş kitab da ictimaiyyətin məlumatlandırılması sahəsində mühüm rol oynayıb. Biz digər ölkələrin Bakıdakı daimi müxbir məntəqələrinin imkanlarından da təbliğat işlərində yararlanmağa çalışırıq.

Yeri gəlmişkən qeyd etmək istərdim ki, Respublika Veteranlar Təşkilatı öz fəaliyyəti, yaxud ona aid olan istənilən məsələ ilə bağlı mediaya daim açıqdır.

-Gələn il Respublika Veteranlar Təşkilatının yaradılmasının 30 illiyi tamam olur. Yubiley münasibətilə hansı tədbirlərin keçirilməsi nəzərdə tutulub?

- Əvvəla onu deyim ki, 30 il bundan əvvəl fəaliyyətə başlayan Respublika Veteranlar Təşkilatının ilk sədri bu yaxınlarda 95 illik yubileyini keçirdiyimiz general-mayor, sərhədçi Mustafa Nəsirov olub. Yubileylə bağlı müvafiq tədbirlər planı hazırlanıb. Plana əsasən, təşkilat və müəssisələrdə, xüsusilə təhsil ocaqlarında tədbirlər keçirilməsi, təşkilatın tarixinə aid kitabın nəşri, sənədli filmin çəkilməsi, həmçinin müxtəlif ölkələrin veteran təşkilatları ilə birgə tədbirlərin təşkili və digər işlər görüləcək.

Hazırda qarşımızda duran əsas vəzifələrdən biri təşkilatın fəaliyyətini daha da təkmilləşdirmək və səmərəsini artırmaq, ictimaiyyətin geniş təbəqələrini əhatə etmək üçün iş mexanizmlərini yeniləməkdir. Bir milyondan çox veteranı təmsil edən Respublika Veteranlar Təşkilatının fəaliyyəti daim yüksək səviyyədə olmalı, doğma Azərbaycanın inkişafına layiqli töhfə verməlidir.

Tarix
2016.11.19 / 19:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başladı

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla