Ana səhifə İdman |
Hamınızı salamlayıram. Mən əvvəllər də Azərbaycan haqda çoxlu yaxşı sözlər eşitmişdim.
APA-nın məlumatına
görə, bu sözləri Azərbaycanda səfərdə olan əfsanəvi futbolçu
Ronaldinyo deyib.
"Qəbələ" klubunun təşəbbüsü ilə Bakıda olan superulduzun adına
ölkəmizdə akademiya açılacaq.
Bununla bağlı Bakı Olimpiya Stadionunda keçirilən mətbuat
konfransında "sambaçı" bunları söyləyib: "Bilirdim ki, burda çoxlu
braziliyalı futbolçular oynayıb. Bakıda olmağıma çox şadam".
- "Qəbələ"nin Futbol Akademiyasının açılışı ilə bağlı
təklifi nə vaxt oldu?
- Təxminən bir ay yarım əvvəldən "Qəbələ" futbol klubu ilə bu
barədə danışıqlara başladıq.
- Sizin bir neçə ölkədə akademiyanız var. Bakıda istedadlı
uşaqları görüb, burdakı akademiyaya necə kömək edə
bilərsiniz?
- Əsas məqsədim odu ki, akademiyaya gələn uşaqlar mənim adımı
eşidib, öz futbollarına daha ciddi yanaşsınlar. Onlar gələcəkdə
peşəkar oyunçu olsalar, bu, mənim uğurum olacaq, buna çox
sevinəcəm. Böyük klublara getmək imkanları olsa, bunda mütləq
köməklik göstərəcəm.
- Necə oldu ki, bu səviyyəyə çatdınız?
- Yəqin mən doğulanda Allah mənə istedad verdi. Amma böyüyəndə
çoxlu məşq etdim. Bəlkə də, hamıdan çox məşq edirdim. Qazandığım
bütün titullar bunun bəhrəsidi.
- Mətbuat konfransında çox adamın olması sizə İspaniyanı
xatırlatmır?
- Deyə bilmərəm, harda jurnalist daha çox gəlirdi. Amma sizin
hamınıza minnətdaram. Mənə hörmətinizi göstərirsiniz. Hamınıza "çox
sağ ol" deyirəm.
- Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsinə uğurlu
start götürüb. Bu barədə fikirləriniz maraqlıdı...
- Azərbaycan yığmasının bu seçmə mərhələyə yaxşı başladığını
eşitmişəm. 7 xal toplamısınız. Gəlmişəm ki, ölkəni daha yaxşı
tanıyım və onun futbolu ilə daha yaxından maraqlanım.
- Gələcəkdə Azərbaycanla Braziliya millisinin yoldaşlıq
görüşünün təşkili üçün köməklik göstərə bilərsinizmi?
- Əgər belə oyun nəzərdə tutulsa, kömək edə bilərəm. Əsas odu ki,
belə bir məsələ gündəmə gəlsin.
- Son vaxtlar Hindistanda çıxış etdiniz. Azərbaycan
klublarından təklif gəlsə, cavabınız nə olar?
- Bəli, Hindistan futzalında bəzi oyunlar keçirdim. Düzü, karyeramı
bitirib-biitirməməklə bağlı hələ qərar verməmişəm. Dekabr ayına
qədər qərar verəcəm. Ola bilsin ki, vida oyunu keçirim.
- Sizə görə, dünyanın ən güclü futbolçusu
kimdi?
- Lionel Messi.
- İlk dəfədi Bakıdasınız. Bura sizdə necə təəssürat
yaratdı? Nəyə heyran qaldınız?
- Düzünü deyim, dünən axşam gəlmişəm. Aeroportdan çıxandan sonra
restoranda yemək yedim. Mətbəxinizi çox sevdim. Şəhəri gəzməyə hələ
vaxtım olmayıb. Burdan çıxandan sonra daha yaxından tanıyacam.
- Azərbaycanlı futbolçulara nə məsləhət görərdiz ki, sizin
getdiyiniz yolun yarısını gedə bilsinlər?
- Uşaqlar nə qədər tez futbol oynamağa başlasalar, o qədər yaxşı
olar. Məşqlərinə ciddi yanaşmalıdırlar. Məşqə hamıdan əvvəl gəlib,
hamıdan sonra getmək lazımdı. Yüksək səviyyəyə çatmaq istəyirlərsə,
ciddi hazırlaşmalıdırlar.
- Sizi dünyanın ən istedadlı oyunçusu sayırlar. Bəs Pele,
Maradona səviyyəsinə çatmağınıza nə mane oldu?
- Əslində, mən elə onların səviyyəsindəyəm (gülür).
- Bütün klubların azarkeşləri sizi sevir. Bunu necə
bacarmısız?
- Düzü, dəqiq deyə bilmərəm niyə hamı məni sevir. Amma bəlkə ona
görə ki, gözəl futbol oynamışam, öz stilim olub.
- "Qəbələ"dən təklif alsanız, burda
oynayarsınızmı?
- Niyə də yox? Hər şey ola bilər.
Tarix
2016.10.20 / 17:48
|
Müəllif
Axar.az
|