Azərbaycanın məşhur K-1
döyüşçüsü Zabit Səmədov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay
şəhərində keçirilən "Global Fighting Championship 3" turnirində
qalib gəlməsi nəticəsində qazandığı 1 milyon dirhəm (286 min manat)
pul mükafatının müəyyən hissəsini Azərbaycan Respublikasının
Silahlı Qüvvələrə Yardım Fonduna bağışlayacaq.
Report-un məlumatına görə, bu barədə Z.Səmədov
özü məlumat verib.
"Bir döyüş idman növünü təmsil etdiyim üçün ordumuza hər hansı
formada köməklik etməyi özümə mənəvi borc bilirəm. Mən bütün
qələbələrimi Azərbaycana həsr edirəm!", - Zabit Səmədov deyib.
Xatırladaq ki, aprelin 17-də Z.Səmədov Birləşmiş Ərəb
Əmirliklərinin Dubay şəhərində keçirilən "Global Fighting
Championship 3" turnirinin qalibi olub. 31 yaşlı idmançı mübarizəyə
yarımfinal mərhələsindən başlayıb. Z.Səmədov şotlandiyalı ulduz
Stiv Makkinnonu məğlub edib. Digər yarımfinal qarşılaşmasında
Konqo-Almaniya əsilli Danyo İlunqa iranlı Cəfər Əhmədidən üstün
olub. Nəticədə finalda Səmədov İlunqa ilə üz-üzə gəlib. Görüş
başlayan kimi Azərbaycan təmsilçisi ardıcıl 2 dəfə ayaq zərbələri
ilə rəqibini yerə sərib. Növbəti raundlarda döyüşü əks-hücumlar
üzərində quran Səmədov kəsərli zərbələrlə 4-cü raundda qələbəyə
nail olub. Bununla da "Mauqli" ləqəbli məşhur azərbaycanlı döyüşçü
kuboka və 1 milyon dirhəm (286 min manat) pul mükafatına sahib
olub.
Dubayda keçirilən bu turnirin super finalı isə bu ilin dekabr
ayında keçiriləcək. Həmin döyüşün qalibi mükafat kimi 1 milyon ABŞ
dolları qazanacaq.