Avropa Olimpiya Komitəsi (AOK) insan hüquqları
məsələsinin Azərbaycan hakimiyyəti qarşısında qaldırılması ilə
bağlı İnsan Haqları Koalisiyası adlandırılan qurumun müraciətinə
sərt şəkildə rədd cavabı verib.
APA-nın xəbərinə görə, AOK cavab bəyanatında bildirib ki,
Azərbaycanda insan haqlarının vəziyyətinin "dözülməz olması ilə
bağlı" irəli sürülən iddialar haqda hər hansı məlumata malik deyil
və bu istiqamətdə rəsmi Bakıdan heç bir sorğu-sual etməyəcək.
Təşkilat qeyd edib ki, onun suveren bir ölkədəki hüquqi və siyasi
prosesləri mühakimə etmək səlahiyyəti yoxdur.
AOK, həmçinin, müstəqil ölkənin siyasi sisteminə müdaxilə etmək
səlahiyyətində olmadığını, lakin Azərbaycan hakimiyyətindən Oyunlar
zamanı Xartiyanın pozulmayacağı barədə zəmanət aldığını mürəciət
müəlliflərinin diqqətinə çatdırıb. Komitə bildirib ki, bütün başqa
idman təşkilatları kimi, o da hər hansı ölkənin mövcud siyasi
sistemi şəraitində fəaliyyət göstərməlidir.
Təşkilat onu da qeyd edib ki, Azərbaycan hakimiyyəti Oyunlar
zamanı akkreditasiyası olan bütün media nümayəndələrinin azad
fəaliyyətini təmin etmək zəmanəti verib. Bəyanatda kifayət qədər
sərt leksikonda bundan daha uzağa gedən məsələlərin "şəxsi
səviyyədə və medianın müdaxiləsi olmadan aparılacağı"
vurğulanıb.