Çoxdandır azarkeşlərimiz önündə belə oyun keçirmək
istəyirdik. Çox sürətli komandaya qarşı oynayacağıq. "Anderlext"də həmişə ustalıq səviyyəsi yüksək
olan futbolçular olur. Buna görə də bu komandadan digər klublara
səviyyəli futbolçular transfer olunur. Çox diqqətli
olmalıyıq.
Axar.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov
bu gün keçirdiyi mətbuat konfransında belə deyib.
Ağdam klubunun çalışdırıcısı hesab edir ki, futbolçularımız
məsuliyyəti dərk edir: "Bilirik ki, sürətli olmasaq, bu komanda ilə
başabaş mübarizə apara bilmərik. Məncə, sabah çox maraqlı oyunun
şahidi olacaqsınız. Sabah bizə psixoloji hazırlıq da çox lazım
olacaq. İstərdim ki, oyunu qələbə ilə başa vuraq. Amma rəqibin də
gücünü dəyərləndirməliyik".
Q.Qurbanov əlavə edib ki, komandanın oyuna 6 hücumameyilli
futbolçu ilə çıxması istisna deyil: "Dəfələrlə bildirmişəm ki,
hücum edə-edə müdafiə olunmalıyıq. Rəqibə hücum qurmağa imkan
verməməliyik".