Xərçəng xəstəliyindən əziyyət çəkən boksçumuzun ölüm
xəbəri onu tanıyanları sarsıdıb.
Axar.az yada salır ki, ABŞ-da yaşayan Emil Baku 1972-ci il
təvəllüdlüdür. 1990-cı illərin əvvəllərində ABŞ-a köçüblər.
O, 90-cı illərin sonunda okeanın o tayında hər kəsin diqqətini
cəlb eləmişdi. Qardaşı Rüfətlə birlikdə ABŞ-da yaşasalar da,
peşəkar rinqdə qələbələrini Azərbaycan bayrağı altında qeyd
edirdilər.
Onların döyüşləri tez-tez AzTV efirində yayımlanırdı. Amma hər
ikisi karyerasını başa vurandan sonra unuduldu. Emil isə 43 yaşında
ağır xəstəliyə tutuldu.
Peşəkar rinqdə keçirdiyi 24 döyüşdən 22-sində qələbə qazanan
Emilin xəstəlikdən qurtuluşu üçün yardım kampaniyasına Marina adlı
şəxs start vermişdi. "Gofundme.com" saytında fikirlərini yazan
xanım Emilin qonşusu olduğunu qeyd etmişdi:
"O çox incə, centlmen və qayğıkeş insandır. Emilin enerjisi,
mülayimliyi və sevgisi məni çox dəyişib. Onun bu xəstəliklə
mübarizəsini kənardan izləmək dəhşətlidir. Bəzən ağrılar çox
şiddətlənir. Başqalarının yardımı olmadan gəzə bilmir".
Marinanın çağırışından sonra həmin portala onlayn ianələr
göndərilib. Onlar arasında azərbaycanlılar da var, başqa ölkələrin
vətəndaşları da. Amma yığılan vəsaitlər Emili ağır xəstəliklə
mübarizə rinqindən qalib çıxara bilmədi...