"Neftçi"nin braziliyalı
futbolçusu Denis Silvanın cazibədar xanımı Luana Rinaldini
futbolinfo.az saytına verdiyi müsahibədə Azərbaycandakı
həyatlarından danışıb.
"Axar.az"
həmin müsahibəni təqdim edir:
- Xeyli müddətdi Azərbaycanda yaşayırsız. Ölkəmiz
haqqında nə deyə bilərsiz?
- Mən buranı çox sevirəm. Artıq 6 ildi ki, buradayam. Qızım
burada dünyaya gəlib. Bura artıq bizim ikinci vətənimiz sayılır.
Qızım burada dünyaya gəldiyi üçün onun vətəni elə buradı.
- Necə oldu ki, bura gəldiz? Denis Azərbaycanı seçərkən
sizinlə söhbət etdi?
- Bura 6 il əvvəl gəlmişdim. Gələrkən Azərbaycan haqqında
araşdırmalar apardıq. Sizin ölkənin müharibə şəraitində yaşadığını
da bilirdik. Bu, çox pisdi. Müharibə insanlara xeyir gətirmir. Amma
ölkəniz gözəldi. Xüsususən də paytaxt Bakı. Başqa bölgələrlə də
tanışam. Gəzməli, görməli yerlər çoxdu. Azərbaycan gündən-günə
inkişaf edir. Düşünürəm ki, 5-6 il sonra bura tamamilə Avropa kimi
olacaq.
- Burada ən çox nəyi xoşlayırsız?
- Görün neçə ildi buradayam. Artıq Azərbaycanla bağlı hər şeyi
öyrənmişəm. Məsələn, burada ət daha çox yeyilir. İndi biz də ətdən
çox istifadə edirik.
- Denis ilk dəfə Azərbaycanda "Xəzər Lənkəran"da
oynayıb. O günləri necə xatırlayırsız?
- Lənkəranda çox yorulurduq. Komanda Bakıya gəlirdi, Lənkərana
gedirdi. Oradakı mədəniyyətə , şəhərə uyğunlaşmaqda çətinlik
çəkirdim. Ümumiyyətlə, tanıdğım insanlarla əlaqədə də problem
yaşayırdım.
- Bəs Denis "Xəzər Lənkəran"dan razı idi?
- Buna şərh vermək istəmirəm.
- Həyat yoldaşınız indi "Neftçi"də
oynayır...
- Futbol dostluqdu. Azərbaycanda da inkişaf edir.
- Amma "Xəzər Lənkəran" və "Neftçi" barışmaz rəqiblərdi.
Denis əvvəlcə "Xəzər Lənkəran"da oynadı, indi isə
"Neftçi"də...
- Əslində futbol qardaşlıq oyunudu. Burada vəhşiliklərə, lazım
olmayan şeylərə yer yoxdu. Bəzən stadionlarda olan vəhşiliklər məni
kədərləndirir. Axı bütün bunlar nəyə lazımdı? Bunlar mənə xoş
gəlmir. Denis peşəkar futbolçudu. O, bir gün bu komandada, başqa
vaxt ayrı komandada oynaya bilər. Bu, normaldı. Həmçinin Denis
"Xəzər Lənkəran"dan ayrılandan sonra Bakıya gəlməyimiz yaxşı oldu.
Bizim uşağımız var idi. Onun üçün həm dil baxımından, həm də
sağlamlığı baxımından paytaxt daha yaxşıdı. Çünki biz paytaxtda onu
xəstəxanalara daha rahat apara bilirik.
- Azərbaycan və Braziliya arasında nə kimi fərqlər
var?
- Fərqli mədəniyyətlərə malik ölkələrdi. Braziliya tamamilə
fərqlidi. Qeyd edim ki, orada böyük cinayət dalğaları var.
Azərbaycanda isə belə şeylər azdı. Ona görə də burada yaşamaq mənim
üçün də, Denis üçün də, qızım üçün də yaxşıdı.
- Futbolumuz arasında nə fərq var? Niyə Azərbaycan
futbolu Braziliya futbolu kimi güclü deyil?
- Braziliya futbolunun uzun tarixi var. Orada futbol çox sevilir
və bu, çoxdan belədi. Zamanla Azərbaycanda da belə olacaq. Burada
da futbolu çox sevəcəklər və uğurlar olacaq.
- "Neftçi" uduzanda Denisə necə dəstək
verirsiz?
- "Neftçi" məğlub olanda Denis çox pis olur. Ona söz demək
mümkün olmur. Evə gələndə həddən artıq üzgün görünür. Onlar
meydanda məğlub olarkən mən tirbunadan onu izləyə bilmirəm. Çox
kədərli oluram. Amma futbol belədi. Həmişə qələbə olmur.
Məğlubiyyət də var, bərabərlik də, qələbə də. Bunu qəbul etmək
lazımdı.
- Azərbaycan mətbəxi xoşunuza gəlir?
- Əlbəttə. Buranın yeməklərini çox xoşlayıram. Mənim anam da,
nənəm də buranın yeməklərini xoşlayır. Burada düyüdən, ətdən və
müxtəlif ədviyyatlardan istifadə olunur. Azərbaycan yeməklərini
bişirməyi bacarıram. Bu, mənim çox xoşuma gəlir. Ümumiyyətlə
Azərbaycan mətbəxi dadlıdı.
- Azərbaycanda Lənkəran və Bakıdan başqa hansı
bölgələrdə olmusuz?
- Mən Azərbaycanın bölgələrində olmuşam. Amma adları yadımda
qalmayıb. Məsələn, Sumqayıtda olmuşam. Yayda Mərdəkana getmək çox
xoşuma gəlir. Orada yaxşı çimərliklər var.