“TuranBank” ASC 2025-ci ili 1,223 milyon manat mənfəətlə başa vurub. Bankın kapitalı 2024-cü ilin sonundakı 101,961 min manatdan 104,806 min manata (2,8% artaraq) çatıb.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, 2025-ci ildə “TuranBank”ın aktivləri illik müqayisədə 7% - 57 milyon 339 min manat artaraq 907 milyon 176 min manata çatıb. Bunun 674,846 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 9,3 % böyüyüb. Bu ilin yanvar ayının 1-nə “TuranBank”ın aktivləri 907 milyon 176 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 7% çoxdur. Bunun 706 milyon 053 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, bankın kredit portfeli 8.3% böyüyüb.
Bankın gəlirləri və depozit portfeli artıb
Ötən il bankın gəlirləri bir əvvəlki ilə nisbətən 14,4% artaraq 126,657 milyon manat olub. Xərcləri 99,187 milyon manat (14,9% çox), xüsusi ehtiyatlara ayırmaları isə 26,246 milyon manat (20,1% çox) təşkil edib.
Bankın öhdəlikləri isə 7,3% artıb. Nəticədə ilin sonuna öhdəliklər 802 milyon 369 min manat təşkil edib. Bunun 468 milyon 532 min manatını (1,5% artım) depozit portfeli təşkil edib.
İlin sonuna fiziki şəxslərin bankdakı depozitləri 389 milyon 289 min manat, hüquqi şəxslərin depozitləri 79 milyon 244 min manat olub.
Hesabat ilində bankın faiz gəlirləri 102 milyon 642 min manat, qeyri-faiz gəlirləri 24 milyon 15 min manata çatıb. Maliyyə qurumu müştərilərə verilən kreditlərdən 94 milyon 876 min manat faiz gəlir götürüb.
Bankın xarici valyutadan gəlirləri isə 5,46% artaraq 12 milyon 98 min manata çatıb. 2024-cü ildə bu göstərici 11 milyon 472 min manat səviyyəsində olub.