Bizim iqtisadiyyatımız enerji sektorundan çox asılıdır. Dünya bazarında neftin qiymətinin xeyli qalxmasına baxmayaraq, ölkəmizdə neft hasilatı azaldığından gələn il büdcədə neft-qaz gəlirlərinin bu illə müqayisədə 920 milyon manat azalacağı proqnozlaşdırılır. Dövlət büdcəsinin gəlirləri isə 39.324 milyard manat proqnozlaşdırılır ki, bunun 11.900 milyard manatı Neft Fondundan transfert olacaq.
Axar.az xəbər verir ki, bu sözləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev mediaya açıqlamasında 2027-ci ilin dövlət büdcəsi layihəsində 2026-cı ilin təsdiq olunmuş büdcəsi ilə müqayisədə 625 milyon manat və ya 1.6 % artım proqnozunu şərh edərkən deyib.
“Büdcə gəlirlərinin əhəmiyyətli artımı üçün iqtisadi sıçrayışa nail olmalıyıq. Bunun üçün böyük iqtisadi islahatlar həyata keçirilməli, ölkəyə xarici investisiya cəlbi üçün “Xarici İnvestisiyaların Cəlbi Strategiyası” hazırlanmalıdır. Yeni istehsal və emal müəssisələri yaratmadan, turizmi inkişaf etdirmədən ölkəmizdə güclü iqtisadiyyat, rifah dövləti qurmaq mümkün olmayacaq”, - o bildirib.
Millət vəkili xatırladıb ki, ölkəmizə birbaşa xarici investisiya qoyuluşu 2024-cü ildə 7.05 miliyard dollar idisə, 2025-ci ildə bu rəqəm 6.60 milyard dollara düşüb:
“Bizim imkanımız var ki, daha çox investisiya cəlb edək. Ermənistanla sülhə nail olmalı, mülkiyyətin maksimum qorunması ilə yanaşı (bu yalnız məhkəmə islahatları yolu ilə mümkündür), xarici investorlar üçün “proqnozlaşdırılan gəlirlilik” olmalıdr. İnvestor burada layihəsinin 10-15 illik perspektivdə gəlir gətirəcəyinə inanmalıdır. Bunun üçün uzunmüddətli vergi sabitliyi, elektrik, qaz, su və logistika xərcləri proqnozlaşdırılan olmalı, valyuta və mənfəətin ölkədən çıxarılması üzrə aydın qaydalar, sürətli elektron lisenziyalaşdırma olmalıdır. Amma təcrübə göstərir ki, bunlar da ölkəyə investisiya cəlbi üçün yetərli deyil. Bizi maraqlandıran hər bir xarici investorla görüşməli, ona hazır paketlər təqdim etməliyik. Paketdə layihə, infrastruktur, xammal, işçi qüvvəsi, satış bazarı, o cümlədən regional bazara çıxış, dövlət güzəşti, gözlənilən gəlirlilik göstərilməlidir. AZPROMO-nun fəaliyyəti gücləndirilməli, xaricdə Azərbaycanın investisiya ofislərinin sayı artırılmalı, onlardan iş tələb olunmalıdır.
Həmçinin böyük xarici şirkət Azərbaycanda zavod tikmək istəyirsə, amma mühəndis, proqramçı, texnik, menecer və ixtisaslı fəhlə tapa bilmirsə, investisiya qoymayacaq. Ona görə peşə təhsili və universitetlər investorların ehtiyaclarına uyğunlaşdırılmalı, xaricdə təhsil proqramı genişləndirilməlidir. Ümid edirəm ki, ölkəmizdə bu istiqamətdə görülən işlər sürətləndiriləcək”.