Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 20,8% artaraq 3,6 milyard ABŞ dolları təşkil edib.
Axar.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) məlumat yayıb.
Bildirilib ki, təkcə oktyabrda isə ölkənin qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri 1 il əvvələ nisbətən 23% çox - 414,2 milyon ABŞ dolları olub.
Ümumilikdə bu dövr ərzində yeyinti məhsulları üzrə ixracın dəyəri 115,2 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə ixracın dəyəri isə (qeyri-monetar qızıl istisna olmaqla) 29,9 % artaraq 280,7 milyon ABŞ dolları olub.
Məlumata görə, hesabat dövründə şəkər və şəkərdən hazırlanan qənnadı məmulatlarının ixrac dəyəri 2,4 dəfə (137,6%), alüminium və ondan hazırlanan məmulatların ixrac dəyəri 39,2%, qara metallardan məmulatların ixrac dəyəri 34%, bitki və heyvan mənşəli piy-yağların ixrac dəyəri 27,1%, mis və ondan hazırlanan məmulatların ixrac dəyəri 24,9%, üzvi kimyəvi birləşmələrin ixrac dəyəri 16,1%, pambıq lifinin ixrac dəyəri 14,2%, tərəvəzlərin ixrac dəyəri 11,6%, qəhvə və çayın ixrac dəyəri 10,9%, yeməli meyvələrin ixrac dəyəri isə 6,7% artıb.
İl ərzində aqrar məhsulların ixrac dəyəri 12,7% artaraq 866,9 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracın dəyəri 28,8% artaraq 334,9 milyon ABŞ dolları, bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixrac dəyəri isə 16,7 % artaraq 1,2 milyard ABŞ dolları təşkil edib.