"Satılacaq qazın qiymətinin neçəyə olması ilə bağlı heç
bir məlumat yoxdur".
Bunu Axar.az-a "Ukrtransqaz" şirkətinin baş mühəndisinin müavini
Oleq Mixaleviçin TANAP-la bağlı layihəsini şərh edən neft-qaz
məsələləri üzrə ekspert İlham Şaban bildirdi:
"Rəsmi Kiyev ölkəyə qaz idxalı üçün başqa mənbələrdən istifadə
etmək istəmələri ilə bağlı planlarının olmasını dəfələrlə
açıqlayıblar. Burda nəzərdən keçirilən variantlar çox olsa da, ən
əhəmiyyətlilərindən biri TANAP-ın olduğu deyilir. Əslində, məsələ
TANAP vasitəsilə Avropa bazarlarına çatdırılan Azərbaycan qazının
Ukraynaya satılmasıdır. Ukrayna burada "interkonnektorlar" deyilən
ölkələr arasındakı birləşdirici xətlərin çəkilməsini istəyir. Bu o
deməkdir ki, rəsmi Kiyev bu məqsəd üçün Avropa Birliyi ölkələri ilə
razılaşmağa çalışacaq. Amma satılacaq qazın qiymətinin neçəyə
olması ilə bağlı heç bir məlumat yoxdur. Sadəcə, qazın satın
alınması ilə bağlı ideyalar var".
Ukraynanın TANAP-la bağlı ideyasının reallaşmasına Rusiyanın
hansısa maneələr yaratmaq ehtimalının az olduğunu deyən ekspert,
bunun üçün rəsmi Moskvanın Avropa Birliyi ilə qarşı-qarşıya
gələcəyini deyir:
"Hesab edirəm ki, Rusiyanın bu məsələyə mane olması mümkün
deyil. Rusiya bu işin qarşısını necə ala bilər?! Onda gərək getsin
Rumıniyada, Bolqarıstanda qaz kəmərlərini bağlasın. Bu, mümkünsüz
bir işdir. Digər tərəfdən də düşünürəm ki, Rusiya heç bunun
qarşısını almaq niyyətində də deyil".
Xatırladaq ki, "Ukrtransqaz" şirkətinin baş mühəndisinin müavini
Oleq Mixaleviç mediaya açıqlamasında deyib ki, Ukrayna hökuməti
TANAP layihəsinin tikintisinin reallaşmasında mümkün iştirakını
nəzərdən keçirməyə başlayıb.
Mixaleviçin sözlərinə görə, qazın təchizat terminalı qismində
Xorvatiyanın Aralıq dənizində tikintisinə hazırlaşdığı LNG
terminalı ola bilər. O, həmçinin əlavə edib ki, Ukraynanın qaz
şaxələnməsində iştirakı gələcəkdə ölkəsini Şərqi Avropa
dövlətlərinə mavi yanacağın təminatında mühüm tranzit ölkəyə
çevrilə bilər.