Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 İyun 2018


Valyuta ehtiyatları 13 faizdən çox artıb - Nazir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlətin məcmu valyuta ehtiyatları 13 faizdən çox artıb.

Axar.az xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov yanvarın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı deyib.

S.Şərifov bildirib ki, yola saldığımız 2017-ci il Prezident İlham Əliyevin rəhbərliyi altında makroiqtisadi sabitlik və maliyyə dayanıqlılığının təmin edilməsi, xarici şokların ölkə iqtisadiyyatına təsirlərinin neytrallaşdırılması, mənfi fəsadlarının aradan qaldırılması və iqtisadi artımın bərpa olunması üçün münbit şəraitin yaradılması istiqamətində görülən işlər və əldə edilən nailiyyətlər baxımından da əlamətdar olub: “Belə ki, operativ statistik məlumatlara əsasən, 2017-ci ilin ilk 11 ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 12 faiz artaraq 21,8 milyard ABŞ dolları təşkil edib, əmtəə ixracı isə 19 faiz artaraq 14 milyard ABŞ dollarını üstələyib. Məmnunedici hal kimi qeyri-neft əmtəə ixracının 24 faiz artmasını xüsusi qeyd etmək lazımdır. Bütövlükdə ticarət hesabında 6 milyard ABŞ dollarından çox müsbət saldo yaranıb və nəticədə dövlətin məcmu valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 4,5 milyard ABŞ dolları və ya 13,3 faiz artıb”.

Nazir qeyd edib ki, xarici şokların iqtisadiyyata mənfi təsirlərindən təkcə Azərbaycanda deyil, bütün region ölkələrində ən çox bank sektoru zərər çəkib: “Lakin digər ölkələrdən fərqli olaraq, ölkəmizdə özəl kommersiya banklarında sığortalanmış əmanətlərə 2016-cı ildə xüsusi olaraq qəbul edilmiş Qanuna əsasən dövlət 100 faiz zəmanət verir. Bunun nəticəsində bank əmanətçilərinin mütləq əksəriyyəti zərərlərdən tam qorunub. Bu əsasda bank sektorunda sağlamlaşdırma tədbirləri nəticəsində fəaliyyəti dayandırılmış bir sıra banklarda qorunan əmanətlərin qaytarılması məqsədilə dövlət büdcəsindən Əmanətlərin Sığortalanması Fonduna 545 milyon manat məbləğində vəsait köçürülüb.

Möhtərəm cənab Prezident, 2017-ci ilin dövlət büdcəsinin gəlirləri və xərcləri təsdiq olunmuş proqnoza qarşı 98 faiz səviyyəsində icra olunub və müvafiq olaraq 16 milyard 447 milyon manat və 17 milyard 588 milyon manat təşkil edib”.

O əlavə edib ki, büdcə proqnozu ilə nəzərdə tutulan mədaxil mənbələrindən 736 milyon manat az vəsait daxilolmasına baxmayaraq, gömrük daxilolmalarının 16 faiz və ya 359 milyon manat çox olması, əlavə həcmdə dövlət qısamüddətli istiqrazlarının daxili bazarda satılması və büdcə xərclərinin səmərəliliyinin artırılması hesabına büdcə təşkilatlarının təqdim etdikləri məxaric sifarişləri dövlət büdcəsinin təsdiq olunmuş xərcləri çərçivəsində tam icra olunub:

“Dövlət büdcəsinin kəsiri təsdiq olunmuş yuxarı həddən 34 milyon manat az olub. İcmal büdcənin icrasında əldə edilmiş müsbət dinamika xüsusilə qeyd olunmalıdır. Belə ki, təsdiq olunmuş icmal büdcənin kəsiri 7,6 milyard manat və ya ÜDM-in 11,1 faizi səviyyəsində proqnozlaşdırılırdısa, ilin nəticələrinə əsasən həmin kəsir ÜDM-in 1,5 faizinədək daralaraq 1 milyard manat təşkil edib”.

S.Şərifov deyib ki, 2017-ci ildə sosial sahənin prioritet qaydada maliyyələşdirilməsi məqsədilə 5 milyard 52 milyon manat və ya dövlət büdcəsi xərclərinin 28,7 faizi həcmində vəsait yönəldilib: “Bu vəsait çərçivəsində maliyyələşdirilmiş bir sıra sosial xərcləri xüsusilə qeyd etmək istərdim. Ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi yolu ilə əmək haqlarının əhəmiyyətli dərəcədə artırılması təmin edilir. Bu istiqamətdə 2014-cü ildən başlanılmış işlər uğurla davam etdirilib və dövlət büdcəsindən 164 milyon manat vəsaitin yönəldilməsi ilə dəstəklənib. 2018-ci il yanvarın 1-i vəziyyətinə 140 min müəllimin bilik və bacarıqlarının qiymətləndirilməsi başa çatdırılıb ki, bunun da 41 min nəfərdən çoxu 2017-ci ilin payına düşür.

Səhiyyə sisteminin idarə olunmasının təkmilləşdirilməsi və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində 1800-dən çox müayinə, müalicə, diaqnostika, cərrahiyyə əməliyyatı və digər tibbi xidmətləri özündə birləşdirən icbari tibbi sığortanın tətbiqinə başlanılıb və 2017-ci il dövlət büdcəsindən bu məqsədə 36,0 milyon manat vəsait yönəldilib”.

Nazir bildirib ki, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün 2017-ci ilin icmal və dövlət büdcələrindən üst-üstə 326,0 milyon manat, o cümlədən dövlət büdcəsindən 221,0 milyon manat, Dövlət Neft Fondunun büdcəsindən 105,0 milyon manat vəsait ayrılıb:

“Bu səpkidə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Bakı və Abşeron yarımadasında qəzalı binalarda məskunlaşmış 4 mindən çox məcburi köçkün ailələrinin yeni təhlükəsiz mənzillərə köçürülməsi ilə bağlı nəcib təşəbbüsü xüsusilə təqdirəlayiqdir. Həmin təşəbbüsə cavab olaraq ölkəmizin bir sıra özəl şirkətləri öz vəsaitləri hesabına bir neçə yaşayış kompleksi inşa edib məcburi köçkünlərin sərəncamına verilməsi barədə qərar qəbul ediblər”.

O qeyd edib ki, 2017-ci ildə sosial təminat və əmək bazarı sahələrində də bir sıra islahatlara başlanılıb: “Belə ki, 2017-ci ilin ortalarından etibarən əmək pensiyaları haqqında qanunvericiliyə dəyişikliklərin qüvvəyə minməsi ilə yeni pensiya sisteminə keçilib, İşsizlikdən Sığorta Fondunun, qeyri-rəsmi əmək bazarı üzrə komissiyanın yaradılması, yeni peşə təlimi mərkəzlərinin açılması və passiv əmək bazarı proqramlarından aktiv proqramlara keçilməsi istiqamətində atılan addımlar əhalinin sosial təminatının və əmək bazarının daha da yaxşılaşdırılmasına xidmət edir.

Möhtərəm Prezident, xüsusi diqqətiniz sayəsində ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi, hərbi potensialımızın artırılması dövlətimizin ən ümdə vəzifəsi kimi gündəmdə qalmaqdadır. Sizin tapşırığınıza əsasən müdafiə xərclərinə ayrılan vəsaitlərin həcmi ilbəil artırılmaqla dövlət büdcəsinin xərclərinin tərkibində böyük xüsusi çəkiyə malik olur”.

S.Şərifov vurğulayıb ki, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli və sürətlə həyata keçirilməsi üçün müstəsna rola malik olan “ASAN xidmət”in maliyyə təminatı üçün 2017-ci ildə 45,0 milyon manat vəsait yönəldilib:

“2017-ci ilin dövlət büdcəsinin vəsaiti hesabına investisiya xərclərinə 2 milyard 690 milyon manat vəsait yönəldilməklə, nəzərdə tutulan bütün layihələrin maliyyələşdirilməsi təmin edilib. Bu mənbədən elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 651,0 milyon manat, ölkənin əsas enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisi və yenidən qurulması üçün 1 milyard 237 milyon manat vəsait ayrılıb”.

Nazir deyib ki, hesabat dövrü ərzində dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərindən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsi üçün 67,0 milyon manat vəsait sərf edilib. Bu, 2016-cı illə müqayisədə 35,0 milyon manat və ya 2,1 dəfə çoxdur:

“Kənd təsərrüfatına dövlət dəstəyinin daha da artırılması, pambıqçılığın, taxılçılığın, baramaçılığın, tütünçülüyün və heyvandarlığın kompleks inkişafının genişləndirilməsi, ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi üçün 2017-ci ilin dövlət və icmal büdcələrindən üst-üstə 581,0 milyon manat vəsait ayrılıb. Pambıqçılığa dəstək məqsədilə xüsusi təyinatlı kənd təsərrüfatı texnikalarının alınmasına son iki ildə dövlət büdcəsindən 295,0 milyon manat vəsait ayrılıb, pambıq istehsalına görə 30,0 milyon manatadək subsidiya verilib. Kənd təsərrüfatı dövriyyəsinə əlavə suvarılan torpaq sahələrinin daxil edilməsi, meliorativ sistemin müasir tələblər səviyyəsinə uyğun modernləşdirilməsi və mütərəqqi suvarma üsullarının tətbiqi üçün 2017-ci ilin dövlət və icmal büdcələrindən ayrılan vəsait və xaricdən cəlb edilmiş kreditlər hesabına cəmi 461,0 milyon manat vəsait yönəldilib.

2018-ci ilin dövlət büdcəsi Qanunu ilə birlikdə 2018-ci ilin yanvar ayının 1-dən ölkə üzrə ehtiyac meyarının həddi orta hesabla 12 faiz artırılaraq 130 manat səviyyəsində müəyyən edilməsi, bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə minimum əməkhaqqının yuxarı həddinin də eyni səviyyəyə qaldırılması, habelə həmin Sərəncamla dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması üzrə təkliflərin üç ay müddətində Nazirlər Kabineti tərəfindən hazırlanaraq təqdim edilməsi barədə tapşırığınız Azərbaycan xalqının sosial və maddi rifahının Sizin, cənab Prezident, daim gündəliyinizdə yüksək prioritetə malik olmasının bariz sübutudur.

Çıxışımın sonunda icazə verin Sizi əmin edim ki, yola saldığımız 2017-ci ildə əldə olunmuş iqtisadi nailiyyətlərin, müşahidə olunan müsbət meyillərin əsasında 2018-ci ildə də Sizin rəhbərliyinizlə yuxarıda qeyd olunan inkişaf hədəflərinin təmin olunmasında dövlət maliyyə orqanlarının əməkdaşları, bugünkü iclasda verəcəyiniz tapşırıqlar da nəzərə alınmaqla, səylərini əsirgəməyəcəklər”.

Tarix
2018.01.10 / 23:48
Müəllif
Aygün Yusibova
Şərhlər
Загрузка...
Digər xəbərlər

Bezosun sərvəti 141 milyardı keçdi – Yeni reytinq

Gürcüstandan avtomobil idxalı artıb - Hesabat

Türkdilli ölkələr vahid gömrük zonası yaradır

FES-in qərarı: dollar sürətlə möhkəmlənir – Ekspert

Azərbaycanda bu şəxslərin maaşı artdı

Azərbaycanda bu məhsulların istehsalı artıb

Dünya birjalarında neftin qiyməti

Baş bankirdən devalvasiya ilə bağlı açıqlama - Video

Bayram günü banklar necə işləyəcək – Açıqlama

Pensiya və əmək haqları artacaqmı? – Millət vəkili

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla