"Neftin qiyməti yaxın gələcəkdə 75-85 dollar arasında
gedib-gələcək. Gələn il ABŞ koqressi daha çox neft və neft
məhsullarının ixracına icazə versə və İranla bağlı bütün
sanksiyalar aradan götürülsə, neftin 60-65 dollara qədər enmə
ehtimalı var".
Axar.az xəbər verir ki, bu barədə Feysbuk səhifəsində Natiq
Cəfərli yazıb. Onun sözlərinə görə, neftin qiymətinin enməsinin bir
neçə iqtisadi səbəbi var:
1) 2008-ci ilə qədər Şimali Amerika dünyada istehsal olunan
neftin 30%-ə yaxınını istehlak edirdi. Əsasən, Venesuela və Ərəb
yarmadasından neft alırdılar. Qətərdən isə ildə 30-35 mlrd. kub qaz
istehlak olunurdu. 2009-cu ildə ABŞ dünyada ən çox qaz istehsal
edən ölkə oldu və Qətərdən qaz almasını dayandırdı. Özü-özünü qazla
tam təmin etdi. 2016-cı ildən isə ixraca başlayacaq. Neftlə bağlı
isə ABŞ bu ildən özü-özünü tam təmin etdi. Bundan əlavə 40 ildən
sonra ilk dəfə olaraq ABŞ gündə 600 min barel neft kondensatını
dünya bazarında satmağa başladı.
2) ABŞ-ın Federel Rezerv Sistemi (FED, bir növ onların Mərkəzi
Bankı) 2008-dən bəri hər ay dünya birjalarına 85 mlrd. dollar
vəsait axıdırdı. Bu isə qiymətləri yuxarı çəkirdi və 2014-ün
əvvəlindən hər ay bu proqram azaldılmağa başladı. Gələn ilin
əvvəlindən isə tamam bağlanır, yəni bazarlarda ucuz pul dövrü
bitir. FED gələn ildən uçot dərəcəsini qaldıracaq, bu isə dolların
daha da "bahalı" olması ilə nəticələnəcək.
3) OPEK ölkələrində neft hasilatı artır. Bundan əlavə ilin
əvvəlində Liviyada gündəlik hasilat 250 min barel olduğu halda,
indi 1 milyon barel neft hasilatı bərpa olunub. Bu ölkələrdə
hasilatın azalması onların gəlirlərinin azalması ilə nəticələnir.
Eyni vəziyyət Rusiyada da hökm sürür.
4) İran kimi böyük neft-qaz potensialı olan ölkə artıq dünya
bazarına yenidən daxil olmağa başlayır. Əgər yaxın gələcəkdə İranla
bağlı sanksiyalar götürülsə, bu ölkə gündə 3,5-4 milyon barel neft
istehsal ederək dünya bazarına çıxara bilər.
Neftin qiyməti yaxın gələcəkdə 75-85 dollar arasında
gedib-gələcək. Gələn il ABŞ Konqresi daha çox neft və neft
məhsullarının ixracına icazə versə və İranla bağlı bütün
sanksiyalar aradan götürülsə, neftin 60-65 dollara qədər enmə
ehtimalı da var.