Bu gündən Tarif Şurasının qərarı ilə Azərbaycanda
avtomobil yanacaqları üçün yeni qiymətlər
müəyyənləşdirilib.
Təbii ki, bizdə belə bir praktika yoxdur ki, Tarif Şurası
qiymətlərin dəyişildirilməsinin iqtisadi əsaslandırılmasını ortaya
qoysun və isbat etsin. Yəni bunun müzakirə predmetinə çevrilməsinə
ehtiyac belə qalmasın və cəmiyyət qiymət dəyişikliyinin real bir
fakt kimi qəbul etsin.
Ona görə də hər dəfə Azərbaycanda Tarif Şurası qiymət artımı ilə
bağlı qərar çıxaranda və bundan cəmiyyət gecə yarısı xəbər tutanda
(!), səhərisi gün və bəzən də digər günlər ancaq müzakirə obyekti
bu olur ki, hökumətin fikri nədir görəsən?
Nəyə görə hökumət?
Çünki Azərbaycanda Tarif Şurası əksər sivil ölkələrdəki kimi
müstəqil bir qurum kimi çıxış etmir və onun üzvləri elə hökumətin
yüksək vəzifəli məmurları, daha dəqiq desək, nazir müavinləri və
komitə sədrlərindən təşkil olunub.
Hətta postsovet ölkələrinin Avropaya inteqrasiya kursu götürmüş
ölkələrində (Ukrayna, Moldova, Gürcüstan) bu təşkilat Tənzimləyici
orqan adlanır və hökumətə heç bir tabeçiliyi yoxdur. Qərbdə isə
Tənzimləyici orqan parlamentə tabedir və büdcədən maliyyələşır. Ora
bazarda monopol "söz sahibi" olan həm hökumət, həm də özəl qurumlar
qiymət və xidmət haqlarının təyin edilməsi ilə bağlı müraciət edə
bilərlər. Tənzimləyici orqanın vəzifəsi təklifə baxmaq, bazardakı
vəziyyəti araşdırmaq və mübahisəli vəziyyət yaranarsa,
maliyyələşdirməni öz boynuna götürərək yerli və beynəlxalq
(müstəqil) ekspertlərdən ibarət audit təşkil etməkdir. Yalnız
bundan sonra bu orqan qiymətlərlə bağlı qərarını mətbuatda dərc
edir və 30 gündən 45 günədək müddət qoyulur ki, maraqlı tərəflər
qərarla tam tanış olsunlar.
Burda çox maraqlı bir maddə var. İstehlakçı Tənzimləyici orqanın
çıxardığı qərarla bağlı onu və ya ona müraciət etmiş monpolisti
məhkəməyə vermək hüququ var. Ona görə bu qədər müddət verilib ki,
maraqlı tərəflər bir-birilərinə olan bütün inamsızlıqlarını hüquqi
müstəvidə həll etsinlər və bundan sonra yazılmış tarixdən qərar
icra edilməyə başlasın.
İndi bunları oxuyandan sonra görürsünüzmü Azərbaycan reallığı
ilə istehlakçının hüquqlarının real qorunduğu məkanlarda nə qədər
fərq var!
Keçək məsələnin ikinci hissəsinə. Qiymət artımı
labüd idimi? Əlbəttə. Bununla bağlı Azərbaycanın tanınmış
ekspertləri hələ oktyabr ayının sonunda hökumət parlamentə 2014-cü
ilin büdcə layihəsini təqdim edərkən həyəcan təbili vurmuşdular.
"Caspian Barrel" bununla bağlı hökumətin kommunal sektorda
enerji xərclərinin artımları cədvəlini dərc etmişdi.
Artımın iqtisadi əsası varmı?
Əvvəla, il boyu bircə dəfə də olsun
hökumətin iclaslarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)
məsələ qaldırmayıb ki, onun emal müəssisələri ziyanla işləyir və ya
alınan benzin və dizel yanacağına sərf edilən vəsaitlə onun
topdansatış qiymətləri arasında bir disbalan ayaranıb və buna görə
də tariflərə baxılması ehtiyacı var. SOCAR-ın açıqladığı 2012-ci il
maliyyə hesabatına görə, şirkət emal sektorundan 2.5 milyard manat
gəlir əldə edib.
İkincisi, SOCAR daim dövlət büdcəsinə
ödəmələri aybaay artırır. Özü də bu o zaman baş verir ki, SOCAR
"Azərenerji"yə satdığı qazın pulunu tam həcmdə ala bilmir və 9 ayın
yekunlarına görə bu borc 200 milyon manata qədər yüksəlir.
Nəzərə almaq lazımdır ki, SOCAR-ın xam neftin ixracında azalma
var. Əgər SOCAR-da mənfəətin azalması prosesi emal sektorunda da
baş versəydi, məntiqlə Dövlət Neft Şirkəti büdcəyə ödəmələrini
2013-cü ilin 10 ayında 14,2% artıra bilməzdi...
Üçüncüsü, SOCAR öz emal müəssisələrinə neftin 1
barrelini 10 dollara satır. Bu qiymətə xammal alan müəssisə necə
bəyan edə bilər ki, "bizim istehsal etdiyimiz yanacağın maya dəyəri
özünü doğrulda bilmir?" Bəs onda 100 dollardan xammal alan emal
müəssisələri neyləməlidirlər? Bir də SOCAR-ın istehsal etdiyi
benzinin keyfiyyəti ilə həmin 100 dollara xammal idxal edən NEZ-nın
məhsullarının keyfiyyətini də yanaşı qoymaq olmaz axı...
Dördüncüsü, yanacağın indiki artım tempinin bu
qədər yüksək olmasına (dizel yanacağı üçün - 34%, A-92 markalı
benzin üçün – 28% və A-95 markalı benzin üçün – 33,5%) demək olar
ki, heç bir bazar iqtisadiyyatı olan ölkədə rast gəlməzsən. Hətta
yanacaq bazarı qismən tənzimlənən qonşu Qazaxıstanda belə hökumətin
qərarı ilə noyabrda yanacağın qiyməti orta hesabla 5,6% artmışdı.
Bazar ölkələrində qiymətlər artsa da, onların azalan vaxtları da
olur. Bizdəki kimi ancaq yuxarı xətlə inkişaf etmir. Bəs niyə
birdən-birə belə artım?
Dövlət Statistika Komitəsinin məlumatlarını təhlil edərkən məlum
olur ki, SOCAR 2008-ci ildən ixrac neft məhsullarını kəskin
itirməyə başlayıb və hazırda bu azalma 50%-ə qədər artıb. Bu
illərdə demək olar ki, daxili bazarda yanacağa olan tələbat da o
nisbətdə artmağa başlayır. Bunun obyektiv səbəbləri ölkəyə
gətirilən avtomobillərin böyük sürətlə artmasıdır. Təbii ki,
gətirilən avtomobillər hərəkət etməlidir, hərəkət üçün isə yanacaq
gərəkdir. Bundan əlavə, daxili bazarda yanacağın həddən artıq
istehlakının artmasına təkan verən bir səbəb də şəhər
infrastrukturunun artan avtomobil tələbatını ödəyə bilməməsidir.
Məhz bu səbəbdən də külli miqdarda neft məhsulu izafi xərclənməyə
başlayıb 2010-cu ildən. Neft Araşdırmaları Mərkəzinin təqribi
hesablamalarına görə, əgər normal şəhər infrastrukturu mövcud
olsaydı və yollardakı təmir-tikinti işləri illərlə uzanmasaydı (bir
küçənin əsaslı təmiri bəzən 4-5 il çəkir, yeni yolların çəkilişi
isə yubanır) və avtomobillərin texniki baxışı normativlərə əsasən
həyata keçirilsəydi, onda SOCAR xarici bazara çıxardığı əlavə neft
məhsulları hesabına ildə 300-350 milyon dollar əlavə qazanc əldə
edə bilərdi.
Ona görə də hökumət indiki qiymət artımı hesabına SOCAR-ın
xarici bazarlarda itirdiyini müəyyən mənada daxili bazarın artan
tələbatı hesabına kompensasiya etmək qərarına gəlib. Yaxın
gələcəkdə daxili bazar genişlənəcək, SOCAR-ın isə xarici bazara
neft məhsul ixracı imkanları məhduddur. Bu baxımdan daxili bazar
daha perspektivlidir və dünya bazarı kimi hər hansı qiymət
risklərindən sığortalanıb.
SOCAR-a isə yaxın beş ildə masştablı layihələr həyata keçirmək
lazımdır. Düzdür onların reallaşdırılması üçün beynəlxalq
kreditlər, dövlətin dəstəyi, Neft Fondunun vəsaitləri lazım olacaq,
ancaq stabil gəlir mənbəyi kimi daxili bazarın öz yeri var.
İlham Şaban
Neft Araşdırmaları Mərkəzinin
rəhbəri