ANS-nin məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov
deyib. O bildirib ki, bazarı bir qədər də aktivləşdirmək üçün
Mərkəzi Bank tərəfindən əlavə vəsait təklif edilə bilər.
İpoteka kerditlərinin verilməsi ilə bağlı maliyyə naziri Samir
Şərifovun bu açıqlaması daşınmaz əmlak bazarında əməlli başlı
rezonans yaradıb. Nazirin sözlərindən belə məlum olur ki, hökumətin
hazırladığı yeni ipoteka strategiyasının əsas yeniliyi verilən
ipoteka məbləğinin artırılması olacaq. Hazırda bu məbləğin yuxarı
həddi 50 min manatdır. Amma hesab olunur ki, qüvvədə olan ipoteka
şərtləri hazırkı qiymətlərlə müqayisdə yeni mənzil almağa kifayət
etmir.
Bu günə qədər İpoteka Fondu 31 müvəkkil bankı vasitəsi ilə
14603-dən çox ipoteka krediti verib. Bu istiqamətdə ən çox müştəri
cəlb edən bank - 1327 ipoteka krediti, ən az müştəri cəlb edən bank
isə 14 ipoteka krediti verib. Bu gün Azərbaycanda orta əmək
haqqının 400-450 manat, dövlət təşkilatlarında çalışan şəxslərin
isə orta əmək haqqları 200-250 manat olduğunu nəzərə alsaq onların
ev almaq istəyinin hələ uzun illər elə arzu olaraq da qalacağını
demək olar. Çünki son bir ildə paytaxtda köhnə mənzillər üzrə
qiymətlərdə 15 -20 %, yeni binalar və fərdi evlərdə isə 8-10 faiz
arası artım müşahidə olunur. Mənzillərin bir kvadrat metrinin
qiymətləri yerindən asılı olaraq 650-2500 manat arası dəyişir.
2015-ci il üçün nəzərdə tutulan 50 milyon manatdan yalnız 1000-1200
ailə mənzil ala biləcək ki, bu da ipoteka üçün müraciət edən
vətəndaşların heç 35 faizini də təşkil etmir.
Millət vəkili Musa Quliyev isə deyir ki, əhalinin mənzil
şəraitinin yaxşılaşması və prosesi sürətləndirmək üçün sosial
evlərin tikintisini təşkil etmək lazımdır.
Musa Quliyev əlavə etdi ki, sosial evlərin sahəsi 100 kvmetr
olur. Belə evlərin sahəsi az olduğu üçün, hündürmərtəbəli olmadığı
üçün, evlərə ayrılan torpaq sahəsi bahalı olmadığına görə,
tikintiyə də çox pul sərf olunmur.
Mənzil bazarındakı mövcud qiymətləri, həmçinin əhalinin
gəlirlərini əsas gətirən millət vəkili Əli Məsimli isə təklif edir
ki, vətəndaşlar aylıq 70-100 manat ödəməklə, kirayə kimi qaldığı bu
evləri 20-25 ildən sonra şəxsi mülkiyyətinə çevirsinlər. Bu həm də
gənclərə böyük stimul verə bilər.
Əli Məsimli onu da vurğuladı ki, bugünki kapitalı gənclərər
qoymaq lazımdır. O gənc ailələrin evlə təmin olunması və həyat
şəraitinin yaxşılaşdırılmasının tərədarı olduğunu bildirdi.
İnkişaf etmiş ölkələrdə sosial ipoteka freditlərinin illik faizi
0,7-2 faiz arasında dəyişir. Ödəmələr isə kredit götürənlərin əmək
haqqına uyğun olaraq hesablanır. Bizdə isə ipoteka götürənin aylıq
gəliri ən azı 600 manat olmalıdır. Gənc ailələr, müharibə əlilləri,
hərbçilər və digər imtiyazlı şəxslərə verilən sosial, başqa sözlə
güzəştli ipoteka maksimum 50 min manat olmaqla 4%-lə 30 illiyə, adi
poteka isə maksimum məbləği 50 min manat olmaqla 8%-lə 25 illiyə
verilir.