Azərbaycanda benzinin və digər yanacağın qiymətinin yenidən
artacağı gözlənilmir. Bu barədə "APA-Economics"ə Tarif Şurasından
məlumat verilib.
"Ölkədə benzin və digər yanacağın qiyməti ötən ilin dekabr
ayında qalxıb. Şuraya benzin və yanacağın qiymətinin artırılması
ilə bağlı heç bir təklif gəlməyib. Bu baxımdan da hər hansı qiyməti
artımı gözlənilmir", - deyə Tarif Şurasından bildirilib.
Qeyd edək ki, "Musavat.com" saytı Azərbaycanın cənub bölgəsində
yanacaqdoldurma məntəqələrində avtomobillərə 6-7 litrdən yuxarı
benzin doldurmağa icazə verilməməsi barədə məlumat yayıb. Məlumatda
bildirilir ki, sürücülərə yalnız 5 manatlıq benzin ala biləcəkləri
deyilib. Məntəqələrdə böyük növbələr yaranıb. Yanacaq dolduranlar 5
manatlıq benzin limitinin səbəbini izah edə bilmirlər. Ancaq
sürücülər bunu benzinin bahalaşacağı ehtimalı kimi qəbul
edirlər.
Məlumatda böyük ehtimalla yanvarın ilk iş günü (yanvarın 7-dən)
Tarif Şurasının benzinin yenidən bahalaşması ilə bağlı qərarını
elan edəcəyi deyilir. Yanacaqdoldurma məntəqələri də bundan
xəbərdardır, ona görə benzin satışını məhdudlaşdırıblar ki, ucuz
qiymətə aldıqları benzini baha qiymətə satsınlar. Benzinin qiyməti
1 manata qədər artırıla bilər.
Xatırladaq ki, Azərbaycanda benzin sonuncu dəfə Tarif Şurasının
2 dekabr 2013-cü il tarixli qərarı ilə bahalaşıb. Aİ-95 benzinin
pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80
markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70
qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60
qəpik səviyyəsində müəyyən edilib, bəzi neft məhsullarının yeni
topdansatış qiymətləri təsdiq olunub.