Dünyanın ən böyük Dövlət
Neft Şirkəti olan Səudiyyə Ərəbistanına məxsus "Saudi Aramko"nun
satışa çıxarılması ölkə tarixində şəffaflığa doğru atılmış addım
kimi qiymətləndirilə bilər.
Bu sözləri Axar.az-a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin
rəhbəri İlham Şaban deyib. Ekspertin sözlərinə görə, "Saudi
Aramko"nun səhmlərinin satılması ilə dövlət büdcəsinə xeyli vəsait
daxil olacaq:
"İPO - hər hansı bir şirkətin bütün təsərrüfat məlumatları və
iqtisadi göstəricilərinin toplanıb, şəffaf şəkildə birjaya
çıxarılması ilə müəyyən faizlərinin satışının təmin edilməsidir.
Eyni zamanda, İPO-ya görə qiymət bazar şərtləri daxilində
müəyyənləşir. Nəticədə şirkət müəyyən gəlirlər qazanmaq imkanı əldə
edir. Belə odluqda isə şirkətin səhmdarları da bundan əlavə
dividentlər qazanır. Qərara əsasən, Səudiyyə həmin şirkəti satmır,
sadəcə müəyyən faizini səhmləşdirir. Çox güman ki, bu səhmləşmə
London birjasında aparılacaq. Nəticədə ölkəyə böyük vəsaitlər daxil
olacaq. Çünki İPO nəticəsində birjaya çıxarılacaq səhmlərin qiyməti
trilyonlarla ölçülə bilər. 1979-cu ildə bu şirkətin yaranması isə
Səudiyyəyə qapalı bir dövlətdən ən böyük neft sənayesi ölkəsinə
çevrildi. İndi bu qərar ölkə tarixində şəffaflığa doğru atılmış bir
addım kimi qiymətləndirilə bilər".
İlham Şaban bildirib ki, neftdən asılı olan ölkələrin
özəlləşdirmə ilə bağlı addım atması büdcə kəsirlərinin
doldurulmasında mühüm rol oynayır:
"Məsələn, Qazaxıstan da özəlləşdiriləcək dövlət müəssisələri ilə
bağlı təqribən 30-a yaxın bir siyahı açıqlayıb. Eyni zamanda,
Qazaxıstan, İran, Belarus kimi ölkələrdə fond birjaları mövcuddur.
Hazırkı dönəmdə bunun özü də neftdən asılı olan ölkələrin
iqtisadiyyatında rol oynamaqdadır. Azərbaycanda da belə fond
birjaları olsaydı, bu, çox yaxşı olardı".
Qeyd edək ki, Səudiyyə Ərəbistanı ölkənin dövlət neft şirkəti
"Saudi Aramko"nun səhmlərini satmağı planlaşdırır.