Kənd təsərrüfatının
kooperasiyası qarşıda duran ən əsas məsələlərdən biri
olmalıdır.
Bu barədə Milli Məclisin Regional məsələlər komitəsinin sədri
Arif Rəhimzadə Axar.az-a açıqlamasında deyib. Prezident İlham
Əliyevin regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş
konfransdakı nitqini şərh edən millət vəkili kənd təsərrüfatının
inkişafının hazırda qarşıda duran əsas prioritet olduğunu
bildirib:
"Dövlət başçısının regionlarla bağlı üç əsas
məsələyə-iqtisadiyyatın real sektorunun daha çox kreditlərlə təmin
olunması, rayonlarda sənaye zonasının yaradılması və bölgələrə
investisiya axını - diqqət çəkməsi tamamilə düzgündür. Nefti çıxmaq
şərtilə, bizim kənd təsərrüfatından savayı elə bir sahəmiz yoxdur
ki, inkişaf edə bilək. Biz nə təyyarə, nə də ki, maşın istehsal
edirik. Bunun əsas səbəbi istehsaldan sonra həmin sahənin bazarının
olması amili ilə bağlıdır. Ancaq kənd təsərrüfatı məhsullarına
bizim nəinki tələbatımız, əlverişli bazarlarımız da var. Odur ki,
aqrar sferaya investisiya ayrılmaları artırılmalı, kənd təsərrüfatı
ilə bağlı indiyə qədər olan tədbirlərəvə kənd əməkçilərinin
stimullaşdırılması məsələsinə yenidən baxılmalıdır. Hesab edirəm
ki, hazırda bu sahə müsbət rol oynayır və ən əsas
prioritetlərdəndir. Ona görə də yeni üsullar tətbiq olunmalıdır.
Kənd təsərrüfatının kooperasiyasına diqqət artırılmalı, əlavə
imkanlar verilməlidir. Bir sözlə, hər cür şərait yaradılmalıdır ki,
insanlar kooperasiyaya getsinlər. Bunun üçün də yeni üsul və
texnologiyaların tətbiqi qarşıda duran əsas məsələlərdəndir".