Yuxarı

Qadınlarla romanlar yaşayan qadın romançı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransuaza Saqanın ölümündən üç il yarım keçəndən sonra Fransada onun şəxsiyyətinə yenidən maraq yaranmağa başlayır. Onun bioqrafiyası haqqında iki kitab nəşr olunur, tezliklə məşhur yazıçı haqqında bədii film ekranlara çıxır. Müəllifi qadın olan kitablarda da, kinolentdə də ilk dəfə olaraq "Salam, kədər!"in müəllifinin həyatının naməlum tərəfləri üzərindəki pərdə açılır. Fransuaza Saqanın yeganə oğlu – 45 yaşlı fotoqraf Deni Uesthoff "İzvestiya"nın Paris müxbiri Yuri Kovalenkoya anasının narkotiklərə, alkoqola, ruletka oyununa və öz cinsindən olanlara aludəliyindən danışıb.

Saqan heç də pis yazmırdı

- Fransuaza Saqan cəmi neçə kitab yazıb?

- Qırxa yaxın. Romanlar, hekayələr, teatr pyesləri, ssenarilər. O, film də çəkib, ancaq çox uğursuz alınıb. 1950-ci illərin ortalarında rejissor Roje Vadimlə birlikdə balet tamaşası hazırlayır. Bu da heç bir uğur qazanmadan "Şamz Elize" teatrının səhnəsində nümayiş etdirilir. Bir sözlə, o özünü müxtəlif sahələrdə sınayıb, ancaq hər şeydən əvvəl, əlbəttə ki, yazıçı olub.

- Saqan şedevr ola bilmədiyi üçün əzab çəkirdi. Etiraf edirdi ki, o, Stendal, Dostoyevski, Prust, Folkner, Sartrın... qələmindən çıxan kitablar səviyyəsində güclü əsərlər yazmağa qadir deyil.

- Demək lazımdır ki, anam özünün yaradıcılıq imkanlarını kifayət qədər təvazökarlıqla qiymətləndirirdi və bilirdi ki, heç vaxt klassiklər səviyyəsinə qalxa bilməyəcək. Ancaq bu gün tənqidçilər etiraf edirlər ki, Saqan heç də pis yazmırdı.

Dərc olunmamış əlyazma

- Hələ də naməlum Saqan mövcuddurmu?

- "L' Ern" nəşriyyatı anamın ömrü boyu yazdığı məqalələri nəşr etməyə başlayıb. İlk olaraq "Salam, Nyu-York!" toplusu çıxır. Bu topluya onun ELLE jurnalında müxbir işlədiyi vaxtlar yazdığı məqalələr daxil edilib. Nəhayət, biz onun evində heç vaxt dərc olunmamış əlyazma tapdıq. Anam bu məqalə üzərində həyatının ən son dönəmində işləyib. Onun çox pis xətti var idi, biz indi onu araşdırmağa çalışırıq.

- Onun arxivi harada qorunur?

- Onun əlyazmaları hər yana səpələnib. Anam heç vaxt hər işini mütəşəkkil görən bir qadın olmayıb və onun çoxsaylı səfərləri zamanı əlyazmalarının çoxu itib. O, nə əşyalarına, nə öz əsərlərinə əhəmiyyət verirdi və manuskriptlərini (əlyazmalarını - tərc.) səxavətlə paylayırdı.

Onda narkotikaya qurşanmamışdı

- Yəqin ki, yazıçı Saqanın oğlu ilə məşğul olmağa vaxtı olmayıb?

- O mənə çox diqqətlə yanaşırdı. Ancaq o, uşağının corablarını çitəyən analardan deyildi. Mənim məktəbdəki qiymətlərimi izləyirdi, məni müxbirlərdən və hər cür dedi-qodudan qoruyurdu, yaxşı təhsil almağım üçün hər şey edirdi, onda narkotikaya qurşanmamışdı, az içirdi.

- Nə üçün atanızla – amerikalı Bob Uesthoffla onun ailə həyatı baş tutmamışdı?

- Atam çox yüngülxasiyyət adam idi. O, əvvəlcə orduda xidmət etmişdi. Sonra isə Birləşmiş Ştatlarda ilk model-kişilərdən biri olur və işləmək üçün Avropaya yollanır. Elə anamla da orada tanış olmuşdular. Onun heç bir sənəti-peşəsi yox idi, heç nə etməyi bacarmırdı və yalnız anamın tay-tuşlarının yanında qayğısız vaxt keçirirdi.

- Deyəsən, heykəltəraş olub da o?

- O özünə bir məşğuliyyət fikirləşib uydurmalı idi və madam ki, Monmartrda – gilin bişirilməsi üçün soba olan emalatxanada məskunlaşmışdı, özünü heykəltəraş adlandırırdı. Doğrudur, sonra atam Fransuaza Saqanın kitablarını tərcümə edir... Anam hamilə qalanda onlar evlənirlər. Bir-birlərini sevmələrinə baxmayaraq, anam ayrılmağı qərara alır – o, nişan üzüyü gəzdirməyi sevmirdi. Ancaq ayrılandan sonra birlikdə daha yeddi il yaşadılar. Atam 17 il əvvəl xərçəngdən öldü və anamla bir sərdabədə, onun vətəni Karjakda dəfn olundu.

Saqan böyük bir yaltaq bandası saxlayır

- Saqanın bioqraflarının yazdığı kimi, o, bohema həyatı (daima gəliri olmayan, sərsəri həyat keçirən ziyalılar təbəqəsi: aktyorlar, şairlər, rəssamlar və b.; bu mühitdə yaşayan adamların pozğun həyatı – tərc.) sevirdi...

- Əslində bu, belə idi. Ancaq bu, anamın ilk romanının gətirdiyi ağlagəlməz uğurdan sonra taxmalı olduğu maskadan başqa bir şey deyildi. O, birinci qanorardan sonra özünə "Yaquar" alanda söz-söhbət gəzirdi ki, Fransuaza rolun arxasında ayaqyalın oturur və maşını saatda 200 km sürətlə uçuraraq sürür. Deyirdilər ki, Saqan böyük bir yaltaq bandası saxlayır, gecə klublarında içki məclisləri təşkil edir...

- Anan çox əliaçıq idi.

- O, pula heç bir dəyər vermirdi və onu sağa-sola səpələyirdi. Anam dostlarını səyahətlərə dəvət edir, pulunu da özü ödəyirdi. Yadımadır ki, 1974-cü ildə bütöv bir dəstə onunla birlikdə Nyu-Yorka getmiş və ən bahalı mehmanxanada - "Uoldorf-Astoriya"da yerləşmişdi... O, küçədə dilənçi görəndə çox vaxt üstündə olan bütün pulunu verirdi. Anam bu və ya digər məbləğin göndərilməsini xahiş edən çoxlu məktublar alırdı. Kimsə ütü almaq üçün yalvararaq ondan yüz frank xahiş etmişdi, köhnəsi sınmışdı. Anam çek göndərdi. O, daima təkrar edirdi ki, pul pis sahibkardır, amma yaxşı xidmətçidir.

Qumarda 8 milyon frank udur

- Və bununla yanaşı ömrü boyu qumarda həmişə bəxti gətirərdi. O, gülərək deyərdi ki, oyuna olan bu həvəsi, guya əslən rus olan ulu nənəsindən keçib.

- Həddi-buluğa çatan günü anam ilk dəfə Monte-Karlodakı kazinoya gedir. O, əmin idi ki, oyun məhz ona görə yaxşıdır ki, pulu qiymətdən salır və onu hər cür mənadan məhrum edir. Ona görə də böyük məbləğdə pula oynayırdı. Ruletkada eyni rəqəmləri seçirdi – 3, 8, 11. Bir dəfə 1980-ci ilin 8 avqustunda (ilin bu səkkizinci ayında) o, kazinoda 8 milyon frank udur və bu pula özünə Normandiyada ev alır. O biri dəfə Londonda oynayır. Bir neçə saatlıq oyundan sonra oyunu idarə edən şəxs uduzduğu məbləğ – 3 milyon funt yazılmış vərəqi ona göstərir. Anam hətta mənzil də daxil olmaqla hər şeyini satsaydı belə, yenə bu məbləği ödəyə bilməzdi. Ancaq o, ustalıqla işin içindən çıxaraq uduzduqlarını yenidən qaytarır.

Dəhşətli avtomobil qəzasından sonra

- Bəc neçə oldu ki, narkotiklərə qurşandı?

- Dəhşətli avtomobil qəzasından sonra o, möcüzə ilə sağ qaldı. Ancaq qolları, ayaqları, qabırğaları sınmışdı və dəhşətli ağrılardan əzab çəkirdi. Ona dərman verməyə başladılar – morfinin digər növlərindən... Görünür o, bu dərmanı uzun müddət qəbul etmişdi və artıq onsuz keçinə bilmirdi.

- Saqan nəinki bütün ömrü boyu kokain qəbul edirdi, həm də çoxlu içirdi.

- O belə hesab edirdi ki, alkoqol insanlarla ümumi dil tapmağa, həmişə yaxşı əhvali-ruhiyyədə olmağa kömək edir. Onun mədəaltı vəzində ciddi problemlər yarananda həkimllər içməyi qadağan etdilər – o, alkoqoldan ölə bilərdi. Və anam yenidən güclü narkotiklər qəbul etməyə başladı. Biz heç vaxt onunla bu mövzuda danışmırdıq, bu, tabu (qadağan – tərc.) idi.

- Narkotiklər üzündən az qala həbsə düşəcəkdi.

- Bir dəfə polis xırda narkodileri həbs edir, onun qeyd dəftərçəsində Saqanın da adı çıxır. Evimizdəki axtarış zamanı da narkotik tapılır. Anamı bir aylıq həbs cəzasına və 600 min frank cəriməyə məhkum edirlər.

Məşhurlarla məhəbbət macəraları

- Bu gün bütün məqamlarda Fransuaza Saqanın Ava Hardner, Jüliet Qrekko və digər məşhurlarla məhəbbət macəraları haqqında dedi-qodular gəzməkdədir. Bildiyim qədərilə, o özünün biseksuallığını nümayiş etdirmirdi?

- Bu, doğrudur. Onun qadınlarla çoxlu romanları olub, ancaq onların heç biri haqqında təfsilatı ilə bilmirəm. Anam təmkinli, ədəbli adam idi və özünün şəxsi həyatı haqqında mənə az danışırdı. Mən yalnız bir dəfə Ava Hardneri görmüşdüm, Jüliet Qreko ilə tanış idim. Ancaq mən uzun illər bizimlə yaşayan Peqqi Roşu yaxşı tanıyırdım. Bir vaxtlar Peqqi maniken idi, sonra dizayner oldu. Hökmlü xarakterə malik olduqca gözəl və zərif qadın idi. O, müəyyən mənada ev sahibəsi rolunu oynayırdı. Peqqi anamın bütün zəifliklərini, qüsurlarını bilirdi və anamı ovcunda saxlamağı bacarırdı. Anam yalnız ona qulaq asırdı. Və Peqqi ona deyəndə ki, "Fransuaza, bu gün axşam Siz içməyəcəksiniz", anam tabe olurdu. Anam və Peqqi bir-birilərinə qarşı olduqca nəzakətlə davranırdılar. Bəli, onlar birlikdə yatırdılar, ancaq bunun mənə dəxli yox idi. Peqi 1991-ci ildə vəfat etdi. O mənim valideynlərimlə eyni sərdabədə dəfn olunub. Ancaq qəbirüstü daşda onun adı yoxdur.

Saqan və Mitteran

- Məşhur qadın düşkünü olan prezident Fransua Mitteranı Saqanla nə bağlayırdı?

- Onlar necəsə, aeroportda tanış olmuş və hələ Mitteran prezident seçilməmişdən əvvəl dostlaşmışdılar. Anam tez-tez onu evə şam yeməyinə dəvət edərdi. Mitteranın qadınları özünə cəlb etməkdə məşhur olmasına baxmayaraq, onların arasında heç nə yox idi. Onlar bir-birilərinə qarşılıqlı heyranlıqla yanaşırdılar.

- Mitteran ətrafına intellektualları toplamağı sevirdi.

- O, Saqanı öz səfərlərinə dəvət edirdi. Bir dəfə o, prezidentlə Boqotaya uçmuş və orada halı pisləşmişdi. Bəziləri deyirdilər ki, buna səbəb şəhərin yerləşdiyi yüksəklik olmuşdu, digərləri isə yazıçının kokain üzündən bu hala düşdüyünü söyləyirdilər. Xidmətçi otağa daxil olanda anamı döşəmədə huşsuz vəziyyətdə görmüşdü. Onu dərhal hərbi qospitala göndərirlər. Bu barədə öyrənən prezident bütün görüşlərini təxirə salmış və ona baş çəkməyə getmişdi. Anamı müayinə edən prezident həkimi demişdi ki, Saqan ölür. Onda Mitteran öz təyyarəsində anamı Fransaya göndərmiş və bununla da onun həyatını xilas etmişdi.

Özbəkistanda neft axtarışları

- Necə oldu ki, Saqan neft fırıldağına ilişdi və bu da ona çox baha başa gəldi?

- 90-cı illərdə o, Sardina Dədə təxəllüslü məşhur iş adamı Andre Gelfi ilə tanış olur. O, bilirdi ki, anamın Mitteranla yaxşı münasibətləri var və xahiş etmişdi ki, prezidentlə onun görüşünü təşkil etsin. Söhbət Özbəkistanda neft axtarışlarından gedirdi. Bu işlə fransız şirkəti "Elf-Akiten" məşğul olmaq niyyətində idi. Nəticədə anam prezidentə məktub yazaraq xahiş etdi ki, yüksək vəzifəli özbək emissarını (siyasi təşkilat və ya dövlət təşkilatı tərəfindən məxfi tapşırıqla başqa bir ölkəyə göndərilən şəxs; gizli agent – tərc.) qəbul etsin. Mitteran əvvəlcə imtina etdi və anama belə bir cavab yazdı: "Mən bilmirdim ki, Siz Mata Hari (XX əsrin məşhur casusu – tərc.) rolunda çıxış edirsiniz". Ancaq sonra görüş baş tutdu.

- Elə həmin Andre Helfi deyirdi ki, vasitəçilik xidmətinə görə Fransuaza Saqana bir neçə milyon avro - əgər müasir valyuta ilə hesablasaq – ödəyib.

- Prezident Jak Şirakın seçilməsindən iki ay sonra vergi müfəttişliyi anamın işlərini yoxlamağa başlayır. Yoxlama nəticəsində məlum olur ki, o, dövlət xəzinəsinə bir milyon avro borcludur. Aydındır ki, onun bu qədər pulu yox idi. Onda vergi xidməti anamın bütün hesablarını bağladı. Anam bütünlüklə müflisləşdi. Onun evini, mebelini, ayrı-ayrı nəşriyyatlardan aldığı pulları müsadirə etdilər...

Yazıçı Frederik Beqbeder hökuməti lənətləyir

- ...Nəticədə Saqan dilənçi kimi ölür. Yazıçı Frederik Beqbeder onun vəfatına az qalmış hökumətə heç bir səmərəsi olmayan müraciət etmişdi: "Fransa özünün sonuncu ədəbi dahisini məhv edir. Mən öz ölkəmə görə utanıram. Saqan öləndə hamı onun cənazəsinə baş əymək üçün qəbrinə gələcək. Qanacaqsız hökmdarlar! Sizin hamınız çoxdan unudulanda Saqanı xatırlayacaqlar!"

- Təəssüf, heç nə kömək etmədi. Baxmayaraq ki, o, dövlət xəzinəsinə təxminən bir milyon avro borclu qalmışdı, varisliyi qəbul etməyə və müvafiq olaraq onun borclarını üzərimə götürməyə razı oldum. Bu gün mən büdcə nazirliyindən vergilərin ödənilməsi üçün möhlət almağa çalışıram. Əlbəttə, onlar heç vaxt silinməyəcək, ancaq belə bir möhlət mənə kitabların nəşri üçün hansısa məbləği almağa imkan yaradardı. Fransuaza Saqanın ədəbi irsi ilə bağlı problemin həlli üçün mənə vəsait lazımdır. Hələ ki, məsələ divara dirənib. Mən iki dəfə prezident Nikola Sarkoziyə yazmış və çox iltifatlı bir cavab almışam. Hər şeyin yaxşı qurtaracağına ümid edirəm. Necə olsa da, verginin ödənilməsinə illər sərf olunacaq.

- Bəs vergi problemlərini həll etməyə müvəffəq olandan sonra nə işlə məşğul olacaqsınız?

- Mən Fransuaza Saqan Fondu yaratmaq niyyətindəyəm. Bu fond yazıçının kitablarının nəşri, tərcüməsi, ekranlaşdırılıması, pyeslərin qoyulması məsələləri ilə məşğul olacaq. Mən həmçinin Saqan adına mükafat da təsis etmək istəyirəm, bu mükafat gənc yazıçılara veriləcək.

- Siz son nəfəsinədək ananızın yanında idinizmi?

- Mən daima Onfler şəhərindəki klinikada onun yanında idim. Anam orada vəfat etdi. Ölümün səbəbi ağciyərlərin şişməsi və bir çox digər xəstəliklər idi. O, bütün ömrü boyu öz orqnizmini narkotiklər və alkoqolla taqətdən salmışdı. Anamın 69 il yaşaya bilməsi, sadəcə, möcüzə idi.

06 fevral 2008-ci il

Tarix
2014.03.18 / 21:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla