Qabriel Qarsia Markes
Tanrı bir anlıq çınqıldan da balaca olduğumu
unudub can verərək məni mükafatlandırsa və ömrümü bir azca da
uzatsa, ağlıma gələn hər şeyi dilə gətirməyə bilərdim, amma heç
olmasa, dilimə gətirdiklərimi detallarıyla keçirər və
düşünərdim:
Əşyaların maddi tərəflərinə deyil, mənalarına dəyər
verərdim.
Az yatar, çox yuxu görər, gözümü yumduğum hər dəqiqədə, 60
saniyə boyunca işığı itirdiyimi düşünərdim.
Başqaları dayandığı zaman mən getməyə davam edərdim.
Başqaları yatarkən oyaq qalmağa cəhd göstərərdim.
Başqaları danışarkən dinləyər, şokoladlı dondurmanın dadından
zövq alardım.
Əgər Tanrı mənə bir az da ömür versəydi, sadə geyinər, üzümü
günəşə çevirər, yalnız bədənimi deyil, ruhumu da bütün çılpaqlığı
ilə açardım.
Tanrım, əgər bir ürəyim olsaydı, nifrətimi buzun üzərinə həkk
edər və günəşin doğub onu əritməsini gözləyərdim.
Səmadakı aya ulduzlar boyunca Van Qoq rəsmləri çəkər, Benedetti
şeirləri səsləndirər və serenadalar oxuyardım.
Gözyaşlarımla gülləri sulayar, bədənimə batan tikanlarının
ağrısını hiss edərək dodaq qırmızısı tac yarpaqlarından öpmək
istəyərdim.
...Tanrım, bir qurtumluq həyatım olsaydı...
O gün olmazdı ki, qarşılaşdığım bütün insanlara onları sevdiyimi
söyləməyim. Bütün qadın və kişiləri ən sevdiyim insanlar
olduqlarına inandırardım. Və EŞQ içində yaşayardım...
Kişilərə, yaşa dolduqları vaxt eşqdən uzaqlaşmaqlarının nə qədər
səhv hərəkət olduğunu izah edərdim. Çünki insan eşqdən uzaqlaşdıqca
yaşlanır.
Uşaqlara qanad verərdim. Amma uçmağı özlərinin öyrənməyinə imkan
yaradardım.
Yaşlılara isə ölümün yaşlanma ilə deyil, unudulma ilə gəldiyini
öyrədərdim.
EY İNSANLAR!
Sizlərdən nə qədər də çox şey öyrənmişəm. Bütün insanların -
xoşbəxtliyin həqiqəti görməkdən keçdiyini bilmədən - dağların
zirvəsində yaşamaq istədiyini öyrəndim.
Yeni doğulan balaca bir körpənin atasının barmağını sıxarkən
əslində onu özünə sonsuza qədər qandalla məhkum etdiyini
öyrəndim.
Sizlərdən çox şey öyrəndim. Amma bu öyrəndiklərim çox işə
yaramayacaq. Çünki hamısını bir çantada kilidlədim. Bədbəxt bir
şəkildə...
ARTIQ ÖLƏ BİLƏRƏMMİ?..