Amerikanın dünyaca ünlü aktrisası Natali Portman 1981-ci il
iyunun 9-da Yerusəlimdə Avner Xerşlaq və Şelli Stivensin ailəsində
anadan olub. 1988-ci ildə Natali Portman öz valideynləri ilə
birlikdə Nyu Yorka köçüb. Aktrisa həm İsrail, həm də ABŞ
vətəndaşıdır. Bununla bağlı aktrisa belə deyir: "Mən Birləşmiş
Ştatları çox sevirəm, lakin mənim ürəyim Yerusəlimlədir, ora mənim
üçün daha doğmadır".
Aktrisa 4 yaşında olarkən rəqslə məşğul olub və yerli
truppalarda çıxış edib.
Kino ulduzu
olmaqdansa…
Portman 2003-cü ilin iyununda psixologiya bölməsi üzrə Harvard
Universitetinin məzunu olur. Müsahibələrindən birində bildirir ki,
Universitet karyerama mane olduğu üçün heç də narahat deyiləm.
Maraqlı cəhətsə ondan ibarətdir ki, Portmana görə məşhur kino
ulduzu olmaqdansa, təhsilli olmaq daha vacibdir.
Poliqlot
O, ivrit və ingilis dillərindən başqa, fransız, alman, ərəb və
yapon dillərini öyrənir. Natalinin 11 yaşı olanda Revlon firması
ona model olmağı təklif edib. Lakin bütün fikrini aktrisa olmağa
yönəltdiyindən bu təklifə razılıq verməyib.
13 yaşdan başlayan böyük
yol
1994-cü ildə Natali Portman Lyuk Bessonun "Leon" filmində
Matilda obrazına görə kastinqdə iştirak edir və filmdə oynamağa
dəvət alır. "Leon" filmi 1994-cü il noyabrın 18-də ekranlara çıxır
və tamaşaçılar tərəfindən müsbət rəy alır. Beləliklə, Portmanın
böyük kinoya gəlişi cəmi 13 yaşında baş verir.
Nəhənglərlə
əlbəyaxa
1995-ci ildə Portman Al Paçino
və Robert De Niroyla birgə "Əlbəyaxa" filmində rol alır. Bu film
heç bir mükafata layiq görülməsə də, tənqidçilərin müsbət rəyini
alır və yüksək qazanc gətirmək baxımından uğurlu film kimi
dəyərləndirilir.
1996-ci ildə aktrisa daha üç filmdə çəkilir. Bunlar "Gözəl
qızlar", "Hamı səni sevdiyimi deyir" və "Mars hücum edir"
filmləridir. Bir il sonra Portman "Anna Frankın gündəliyi" bədii
filmində baş rolda çıxış edir. 2000-ci ildə "Ürək olan yerdə"
filmində 17 yaşlı hamilə qızı canlandırır.
Qara qu quşunun
uçuşu
Bu filmlərdən başqa 2004-cü ildə Zakk Braffin "Bağlar ölkəsi",
Mayk Nikolsun "Yaxınlıq", "V, yəni Vendetta", 2009-cu ildə
"Qardaşlar" və başqa filmlərdə rol alır.
2010-cu ilin sentyabrında isə aktrisanın baş rol aldığı məşhur
"Qara qu quşu" filmi ekranlara çıxır və böyük uğura imza atır.
Ət yeməyən qızın
sevgililəri
Natali Portman 8 yaşında vegeteryan olur və ət məhsullarından
tamamilə imtina edir. O, xəz və dəridən olan geyimlər geyinmir.
2007-ci ildə aktrisa özünün süni materiallardan hazırlanmış
ayaqqabı fabrikini açır. 2011-ci ildə Portman hamiləlik zamanı
uşağının xatirinə vegeteryanlıqdan əl çəkir. 2004-2005-ci illərdə
Natali Afrikanın ən kasıb ölkələrinə kömək üçün səyahət edir.
Natali Portmanın aktyor Qael Qarsia Bernal və Ceyk Gillenxolla
romantik münasibətləri olur. Eyni zamanda, "Marun 5" qrupunun
solisti Adam Levinlə görüşdüyü söylənilir. Bir müddət sonra isə
aktrisa məşhur multimilyarderlər ailəsinin üzvü Net Rotşildlə
görüşür.
Və nəhayət, Hollivud aktrisası əsl sevgini "Qara qu quşu"
filminin çəkilişi zamanı Nyu-York balet teatrının rəqqası Benjamen
Milpeydə tapır. 27 dekabr 2010-cu ildə cütlük nişanlanır. 14 iyun
2011-ci ildə isə onlarin oğlu Alef Portman-Milpe dünyaya gəlir.
2012-ci il avqustun 4-də Portman və Milpe evlənir.
Qeyd edək ki, Natali Portman 2005 və 2011–ci illərdə "Qızıl
Qlobus", 2011-ci ildə "Oskar" və "BAFTA" mükafatlarına layiq
görülür.