Yuxarı

Prezidentin təltif etdiyi polkovnik danışdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibətilə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, qarşılarında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Prezident İlham Əliyevin iyunun 25-də imzaladığı Sərəncama əsasən, Müdafiə Nazirliyinin hərbi qulluqçularının bir qrupu döyüş orden və medalları ilə təltif olunub.

Kult.az xəbər verir ki, təltif olunanlar arasında xalqımızın yaxşı tanıdığı, Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani də var. Daha əvvəl xidmətlərinə görə “Azərbaycan uğrunda”, “Hərbi xidmətlərə görə” və digər orden və medallarla təltif olunan Abdulla Qurbani bu dəfə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.

Respublikada son üç hərbi paradın aparıcısı kimi tanınan Abdulla Qurbani Silahlı Qüvvələrimizin 100 illik yubileyinə həsr olunan hərbi paradın da aparıcısıdır. Paradla bağlı ətraflı məlumat vermək üçün AZƏRTAC-a dəvət etdiyimiz Abdulla Qurbanini yüksək ordenlə təltif olunması münasibətilə təbrik edərək onunla söhbətimizə başlayırıq.

Müasir Azərbaycan Silahlı Qüvvələrinin Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun varisi olduğunu və bu varislik ənənələrinə həmişə sadiq qaldığını vurğulayan Abdulla Qurbani deyib: “Hər bir vətəndaşımız haqlı olaraq fəxr edir ki, XX əsrin sonlarında müstəqilliyini bərpa etmiş müasir Azərbaycanımızın bu gün qüdrətli ordusu var. Bu ordu qarşısına qoyulmuş istənilən tapşırığı yerinə yetirməyə hər an hazır və qadirdir. Ordumuzun əsasının 1918-ci ildə qoyulmasına baxmayaraq, peşəkar Azərbaycan Silahlı Qüvvələrinin yaradılması məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu ordunu yaratmaq müdrik və qətiyyətli sərkərdəmizin xalqımız qarşısında ən böyük xidmətlərindəndir. İyirmi beş il əvvəl Ümummilli Liderimizin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğunun yeni mərhələsi başlayıb. Bu proses Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf etdirilir”.

Polkovnik Abdulla Qurbani deyib ki, doğma Azərbaycanımız dinamik sürətlə inkişaf edərək bütün sahələrdə, eləcə də ordu quruculuğunda böyük uğurlar qazanıb. Ölkəmiz bu gün də daha xoşbəxt gələcəyə doğru inamla irəliləyir. Ali Baş Komandan İlham Əliyevin fəaliyyətində ordu quruculuğu prioritet məsələlərdəndir. Silahlı Qüvvələrimiz dövlət səviyyəsində hər cür diqqət və qayğı ilə əhatə olunub. Bu, Azərbaycan əsgərini sevindirir və onu daha böyük qələbələr qazanmağa ruhlandırır. 2016-cı ilin Aprel döyüşləri zamanı və bu yaxınlarda Azərbaycan əsgəri bir daha təsdiq etdi ki, o, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrimizə və onun şəxsi heyətinə göstərdiyi diqqət və qayğıya, böyük etimada cavab olaraq Azərbaycanın ərazi bütövlüyünü təmin etməyə hər an hazırdır.

Hərbi paradla bağlı məlumat verən Abdulla Qurbani deyib ki, müstəqilliyimizin, xoşbəxtliyimizin keşiyində mərdliklə dayanan Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyinə həsr olunmuş sabahkı hərbi paradda bütün qoşun növlərini təmsil edən dörd minə yaxın hərbi qulluqçu tribuna önündən keçərək Vətənə, xalqa, dövlətə, öz Ali Baş Komandanına sədaqətlərini bir daha bildirəcək. Paradda 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş zirehli texnikalar, raket və artilleriya silahları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar nümayiş olunacaq. Sabah paytaxtımızın Azadlıq meydanında sözün həqiqi mənasında Azərbaycan hərb tarixinin yeni bir şanlı səhifəsi yazılacaq.

“Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanı İlham Əliyevin hərbi paradda Azərbaycan Ordusunun yaradılmasının 100 illik yubileyi münasibətilə təbrikini və nitqini həm xalqımız, həm də Silahlı Qüvvələrimizin şəxsi heyəti səbirsizliklə gözləyir. Azərbaycan Respublikasının dövlət bayrağı altında Silahlı Qüvvələrin parad heyətlərinin təntənəli yürüşü olacaq, Dövlət Bayrağının ardınca Azərbaycan Ordusunun qoşun növlərinin bayraqları gətiriləcək. 2016-cı ilin aprelində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının 800 hektardan çox ərazisinin işğaldan azad edilməsində xüsusi xidmətləri olan hərbi hissələrin və bu yaxınlarda Naxçıvan Muxtar Respublikasında bir çox strateji yüksəklikləri azad edərək 10 min hektardan çox ərazinin nəzarətə götürülməsində fərqlənən Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrinin döyüş bayraqları da tribuna önündən keçəcək”, - deyə hərbi paradın aparıcısı bildirib.

Abdulla Qurbani qeyd edib ki, paradda ulu öndər Heydər Əliyevin 1971-ci ildə yaratdığı Cəmşid Naxçıvanski adına hərbi liseyin kursantları, Azərbaycan Ordusunun zabitləri, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları, qardaş Türkiyənin Silahlı Qüvvələrinin təmsilçiləri, Sülhməramlı, Əməliyyat İmkanları Konsepsiyası və Əməliyyat Ehtiyatları taborlarını təmsil edən hərbi qulluqçular, Xüsusi Təyinatlı Qüvvələrin və Dəniz Piyadaları bölmələrinin hərbi qulluqçuları, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hərbi qulluqçuları tribuna önündən keçərək Vətənə, xalqa, dövlətə, Ali Baş Komandana və Heydər Əliyev ideyalarına öz sədaqətlərini bir daha bildirəcəklər.

Diqqətə çatdırılıb ki, paradda, həmçinin xüsusi təyinatlı avtomobil texnikası və silah sistemləri, zirehli avtomobil üzərində quraşdırılmış “SPAYK-LR”, silahlanmaya yeni qəbul edilmiş daha güclü “SPAYK-ER” tank əleyhinə idarə olunan raket kompleksləri, üzərində pilotsuz uçuş aparatları əleyhinə qurğu yerləşdirilmiş zirehli avtomobillər, mina əleyhinə yüksək müdafiə sistemi ilə təchiz olunmuş “MARAL-1” və “MARAL-2” zirehli avtomobilləri, Dövlət Sərhəd Xidmətinin hərbi texnikaları, “ORBİTER 1K”, “ORBİTER 3B”, “AEROSTAR BP”, müasir peyk naviqasiya sistemi ilə təchiz olunmuş “HERON”, orta ölçülü çoxməqsədli “HERMES 900”, “HERMES 450”, “HAROP” pilotsuz uçuş aparatları, zirehli-tank texnikası, özüyeriyən artilleriya qurğuları, ən müasir, modernləşdirilmiş piyadaların döyüş maşınları, dünyada ən döyüşkən tank kimi tanınan “Т-90S” tankı, Hava Hücumundan Müdafiə silahları sistemləri, yüksək mobilliyi ilə seçilən “BUK-МB” zenit-raket kompleksi, “S-300 FAVORİT” çoxkanallı universal mobil zenit raket sistemi, “İldırım” və “Qalxan” hava hücumundan müdafiə kompleksləri, yubiley ərəfəsində Azərbaycan Ordusunun silahlanmasına daxil edilmiş yüksək dəqiqliyə malik qanadlı hava-yer raketi, artilleriya silahları sistemləri, silahlanmaya yeni daxil olmuş avtomatik idarəetmə sistemi ilə təchiz edilmiş 152 mm-lik özüyeriyən artilleriya qurğusu, 300 mm-lik yaylım atəşli reaktiv sistemləri, raket silahları sistemləri, avtomatik idarəetmə sistemi ilə təchiz edilmiş 301 mm-lik və 624 mm-lik əməliyyat-taktiki raket kompleksləri təqdim ediləcək.

Bundan əlavə, Bakı buxtasında reyddə dayanmış Hərbi Dəniz Qüvvələrinin, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi Xidmətinin döyüş gəmiləri də nümayiş olunacaq. Döyüş təyyarələri və helikopterlərinin səmada güc və imkanlarını nümayiş etdirməsi xalqımızda öz ordusuna inamı daha da artıracaq.

“Həqiqətən də bu gün Hərbi Hava Qüvvələrimiz hərbi əməliyyatlar teatrının istənilən nöqtəsində düşmənə sarsıdıcı zərbələr endirmək qabilliyyətinə malikdir. Qırıcı-bombardmançı aviasiya bütün hündürlüklərdə hava hədəflərini məhv etmək, yerləşdiyi məkandan asılı olmayaraq, yerüstü obyektlərə və hədəflərə zərbələr endirmək iqtidarındadır. Hücumçu və döyüş helikopterləri tam qüvvələri ilə Quru Qoşunlarına aviasiya dəstəyi göstərmək və bütün cəbhə boyu düşmənə fasiləsiz təsir etmək gücündədir.

Nəqliyyat aviasiyası desant və kəşfiyyat qruplarının düşmənin arxa cəbhəsinə çıxarılması və ehtiyatların təmin edilməsi istiqamətində tapşırıqları müvəffəqiyyətlə yerinə yetirir. Azadlıq Meydanı üzərindən Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin döyüş təyyarələrinin və helikopterlərinin uçuşu əminəm ki, xalqımızın sevindirəcək, düşmənlərimizi isə xar edəcək”, - deyə Abdulla Qurbani vurğulayıb.

Tarix
2018.06.25 / 22:25
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla