Sentyabrın
26-da Bakıda, Heydər Əliyev Mərkəzində məşhur fransız rəssamı
Bernar Buffenin fərdi sərgisinin açılış mərasimi olub.
Axar.az AzərTAc-a istinadən xəbr verir ki, Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva açılış
mərasimində iştirak ediblər.
Mərasimdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar
Ələkbərov sərgi haqqında məlumat verərək deyib ki, bu gün növbəti
layihəmizi təqdim edirik. Bir neçə ay ərzində şəhərimizin sakinləri
və qonaqları Heydər Əliyev Mərkəzində görkəmli fransız rəssamı
Bernar Buffenin sərgisi ilə tanış ola bilərlər. A.Ələkbərov
layihənin ərsəyə gəlməsində böyük zəhməti olan Heydər Əliyev
Mərkəzinin və London Opera Qalereyasının kollektivlərinə dərin
minnətdarlığını bildirdi. O, diqqətə çatdırdı ki, layihənin ideya
müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyevadır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin
açılışında çıxış edərək dedi:
- Əziz dostlar!
Mən sizin hamınızı Bakıda, Heydər Əliyev Mərkəzində fransız
rəssamı Bernar Buffenin sərgisinin açılışında görməkdən çox şadam.
Yəqin ki, sizlərdən çoxunuz artıq onun yaradıcılığı ilə tanışsınız,
lakin çoxunuz da onun haqqında bu gün ilk dəfə öyrənəcəksiniz. Mən
birinci dəfə Buffenin yaradıcılığı ilə iki il bundan əvvəl tanış
oldum və ilk baxışdan onun əsərlərinə vuruldum. Mənim üçün onun
əsərləri emosiya, hisslər və dərinliklə doludur. Hətta onun ən
kədərli və tünd çalarlı əsərləri yenə də müsbət enerji verir və
əhval-ruhiyyəni yüksəldir.
Buffe yaradıcılığı boyu 12 mindən çox əsər yaradıb. Çox parlaq,
dramatik, maraqlı həyat yaşamasına baxmayaraq, o, demək olar ki,
unudulub. Əminəm ki, bugünkü sərgi vasitəsilə xeyli insan bu böyük
rəssam haqqında məlumat əldə edə biləcək.
Sərginin açılışında dünyanın bir çox şəhərlərindən qonaqların
iştirak etdiyini bildirən Leyla Əliyeva dedi: "Əksəriyyətiniz
Azərbaycanda çox olmusunuz, bəzilərinizin isə ölkəmizə ilk
səfəridir. Lakin hər birinizin ölkəmizin tarixi, mədəniyyəti,
təbiəti, memarlığı haqqında kəşf edəcəyi çox şey var. Fərqli
mədəniyyətlərin, dinlərin, ənənələrin kombinasiyası hər zaman bizə
yeni yaradıcı ideyalar bəxş edir. Fürsətdən istifadə edərək mən
noyabr ayında Londonda həyata keçiriləcək növbəti layihəmizin
anonsunu vermək istəyirəm. Həmin sərgidə məşhur rəssamların
əsərləri nümayiş olunacaq".
Sərginin təşkilatçılarına təşəkkür edən Heydər Əliyev Fondunun
vitse-prezidenti bildirdi: "Zənnimcə, ən qüdrətli incəsənət bu
günün meyllərini izləmək deyil, səmimi və dərin əsərlər yaratmaqla
zamanın sınağından keçməkdir. Məncə, Buffe rəssam kimi buna nail
olub".
Sonra London Opera Qalereyasının direktoru Jan-David Malat çıxış
edərək sərginin təşkilində əməyi olan hər kəsə dərin təşəkkürünü
bildirdi.
Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış oldular.
Sərgi ilə tanışlıq zamanı məlumat verildi ki, rəssamın Bakıdakı
ilk fərdi sərgisində 43 əsəri nümayiş olunur. Onların sırasında
müəllifin "Sirk", "Dantenin cəhənnəmi", "Dərisi soyulmuşlar"
silsilələrindən rəsmləri, eyni zamanda, avtoportretləri yer
alıb.
Sərginin təşkili ərəfəsində Bernar Buffenin əsərlərinin
reproduksiyasından ibarət kataloq nəşr olunub. Kataloqda ön sözün
müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyevadır.
Leyla Əliyeva ön sözdə Bernar Buffenin əsərlərinin Bakıya
gətirilməsindən və dünyanın istedadlı memarlarından olan Zaha Hadid
tərəfindən layihələndirilən Heydər Əliyev Mərkəzində
sərgilənməsindən məmnunluq hissi keçirdiyini qeyd edib.
Bernar Buffenin Heydər Əliyev Mərkəzindəki sərgisi 2015-ci il
yanvarın 15-dək davam edəcək.
Bernar Buffe 1928-ci il iyunun 10-da Parisdə anadan olub. Rəssam
melanxolik, monoxrom əsərləri ilə məşhurlaşıb. О, "Fəxri Legion",
"İncəsənət və Ədəbiyyat" ordenlərinin kavaleri olub. 1973-cü ildə
Yaponiyada Bernar Buffe Muzeyi yaradılıb. Parkinson xəstəliyindən
əziyyət çəkən rəssam 1999-cu ildə 71 yaşında intihar edib.