"Min öfkə, bir eşq" filmi əsir düşmüş böyük bir millətin
hekayəsidir
Azərbaycanın
güneyində doğulub böyüyən, müəyyən səbəblər üzündən dünyanın
müxtəlif ölkələrində yaşamaq məcburiyyətində qalan soydaşlarımız
arasında istedadlı rəssam, heykəltaraş, sənətçilər var ki, əslində,
onlar həm yaşadıqları ölkədə, həm burda - Qüzey Azərbaycanda
diqqətdən kənardadırlar. Bunu nəzərə alaraq zaman-zaman onlardan
soraq verəcəyik.
Beləliklə, ilk qonağımız Ankarada yaşayan güneyli soydaşımız
rejissor Vahid Azərnəviddir.
- Vahid
bəy, yeni film üzərində işi başa çatdırmısınız. Xeyirli olsun. İndi
film hansı mərhələdədir?
- Çəkilişlər 20 avqustda başa çatdıqdan sonra filmin montajı
başladı. İndi montaj da bitmək üzrədir və Güney Azərbaycandan olan
dəyərli bəstəçimiz Məmməd bəy Ənsari səs və musiqi üzərində
çalışır.
- Filmin mövzusu haqda nə deyərdiniz?
- Mövzu
İranda istihbarat basqılarına uğrayaraq İranı tərk etmək zorunda
qalan bir Güney azərbaycanlı musiqiçinin Türkiyəyə gəlməsi ilə
bağlıdır. Adı Aydındır və Türkiyə üzərindən İngiltərəyə gedib orada
böyük bir musiqi qrupu yaratmaq istəyir. Ankarada qaldığı oteldə
çalışan Özlem adlı bir qızla tanış olur və filmin hekayəsi bu
şəkildə irəliləyir. Əslində, bu filmin hekayəsi ilk baxışda acı bir
eşq kimi görünsə də, çox böyük siyasi mesaj verməkdədir. Bu film
Güney Azərbaycan adıyla çəkilmiş olan ilk filmdir.
- Filmdə
Güneydən olan aktyorlar iştirak edibmi?
- Oyuncuların
bir hissəsi Türkiyə və Azərbaycanda yaşayan Güney Azərbaycan əsilli
oyunçulardır. Filmin kişi baş rolunu Mehran İsmayılzadə, qadın baş
rolunu Başak Vural oynayıb.
- Türkiydə
bu filmi çəkmək sizə çətin olmadı ki? Axı Türkiyədə də Güney
məsələsinə o qədər isti yanaşmırlar.
- 6 ilə
yaxındır ki, Türkiyədə yaşayıram və burada bir çox film çəkmişəm,
ancaq bu günə qədər heç bir rəsmi orqan mənim çəkdiyim filmlərlə
ilgili maneçilik törətməyib. Hər kəs Türkiyədə rahatlıqla film
çəkimi yapa bilər. Ancaq bunu da qeyd etmək istəyirəm ki, iki il
öncə Türkiyə Sinema Genəl Müdirliyinə projemi təqdim etdim və rədd
edildi. Bunun Güney Azərbaycanla ilgili olub-olmadığını deyə
bilmərəm. Mən öz maddi imkanlarım, Güney Azərbaycanlı bəzi
dostlarımın dəstəyi və "Azərbaycan Federasyonu – İsveç"in (AFİ)
maddi yardımıyla çəkimlərə başladım. Bir çox çətinliklərimiz oldu,
amma onları öz gücümüzə dayanaraq aşdıq. Ayrıca filmimdə Türkiyə
iqtidarına qarşı da tənqidlər var.
- Vahid
bəy, Güneydə ümumiyyətlə filmlərin çəkilməsi nə yerdədir? Yəni deyə
bilərikmi ki, Güneydə kino sənəti var, yoxsa bunu ayrıca olaraq
ayırmaq mümkün deyil, elə İran kinosunun tərkib
hissəsidir?
- Bu günə
qədər Güney Azərbaycan sineması adıyla bir film olmayıb və mənim
filmim sinema tarixində bir ilkə imza atmaqdır. Əslində, "Min öfkə,
bir eşq" filmi siyasi iradəyə sahib olmayan və əsir düşmüş böyük
bir millətin hekayəsidir. Güney Azərbaycanda sinema filmi çəkilmir,
ancaq bir çox televiziya filmləri çəkilir və bunların hamısı dövlət
siyasəti istiqamətindədir, Güney Azərbaycan toplumsal istəklərini
əks etdirmir.
- İran
kinosunun son nailiyyətləri nəylə bağlıdır? Qadağalarla dolu
cəmiyyətdən etirazın gəlməsi, yoxsa sırf sənətkarlıq işinin
uğurudur bu?
- İranın öz
məxsusi sinemasının olmasında bir çox şeyin təsiri var, ancaq ən
önəmli səbəblərdən biri dövlətin sinema təhsili qonusunda yaptığı
yatırımlardır. Hər il bu qonuda büdcə ayrılır və İranın bütün bölgə
və rayonlarında İran Gənc Sinemaçılar Dərnəyi tərəfindən
sinemaçılar yetişdirilir. İran sinemasının başarısının əsil səbəbi
budur. Təbii ki, qadağaların da çox böyük rolu vardır. Bir toplumda
qadağa nə qədər çox olsa, sənətçilər də dərdlərini bir o qədər
içdən və ürəkdən öz əsərlərində əks etdirə bilərlər.
- Yaradıcı
adamdan həm də arzularını soruşurlar...
- Ən böyük
arzularımdan biri də Bakı küçələrində, ya da Quzey Azərbaycanın
rayonlarında film çəkməkdir, çünki məqsədim Azərbaycan sinemasını
dünyaya tanıtmaqdır. Azərbaycana bir bütün olaraq baxıram. Yaxşı
yadıma gəlir ki, nənəm farsca bilməzdi və o sadəcə, Quzey
Azərbaycan (sovet dönəmi) filmlərini izləyərdi. Ərdəbildə insanlar
Bakı televiziyasını izləmək üçün 10-15 metrlik uzun antenlər
alardılar və bu antenlərin adı Bakı anteniydi. Sinema və musiqi
kimi sənətlər bizim Azərbaycan millətinin bütünlüyünü qoruyan ən
önəmli səbəblərdən birisidir. Heç bir güc bölünmüş Azərbaycan
insanlarının arasındakı o dərin bağları qopartma gücünə sahib deyil
və biz bu bağları öz sənətimizlə daha da
gücləndirməliyik…