Yuxarı

Rəhmin gəlmədimi 47 yaşa?! – Aşıq Vüqarın xatirəsinə...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan aşıq sənətinin tanınmış nümayəndələrindən olan Aşıq Vüqar Mahmudoğlunun anım günüdür.

Kult.az xatırladır ki, Aşıq Vüqar Mahmudoğlu 2018-ci il yanvarın 10-da infarktdan dünyasını dəyişib.

Gözlənilməz vəfatı ilə Şirvan elini sarsıdan Aşıq Vüqara ötən bir il ərzində sənət yoldaşları şeirlər həsr edib.

Aşıq Vüqarın əziz xatirəsinə həsr edilən şeirlərdən bəzilərini təqdim edirik:

Zamanı deyildi bu ayrılığın

Bu ayrılıq qəfil düşdü araya

Zamanı deyildi bu ayrılığın

Loğmanlar da yetəmmədi haraya

Zamanı deyildi bu ayrılığın

Ömrün bahar çağı, yaz zamanıydı,

Gülün bülbülünə naz zamanıydı

Bir söz vədəsiydi, saz zamanıydı

Zamanı deyildi bu ayrılığın.

Bağında çiçəklər açırdı hələ

Ətrini ətrafa saçırdı hələ

Qəm-qüssə də səndən qaçırdı hələ

Zamanı deyildi bu ayrılığın

Sən bir el oğluydun, el aşığıydın.

Oba vurğunuydun, el aşiqiydin

Elimin, obamın yaraşığıydın

Zamanı deyildi bu ayrılığın

Bəzərdin məclisi Qobustanıyla

Öz sazı, öz sözü, öz dastanıyla

Ölümün səhv düşən bu ünvanıyla

Zamanı deyildi bu ayrılığın

Məktəb partasında bir bəstə qaldı

Yanıq könüllərdə şikəstə qaldı

Daha qulağımız bu səsdə qaldı

Zamanı deyildi bu ayrılığın

Vüqar, səni indi kimdən soruşaq?

Mizrabdan soruşaq, simdən soruşaq?

Nə loğmandan, nə həkimdən soruşaq?

Zamanı deyildi bu ayrılığın

Gethagetdi, köçhaköçdü elə bil

Dədə Mahmud bir də köçdü elə bil

Ürəyimdən bir ox keçdi elə bil

Zamanı deyil bu ayrılığın.

Daşqın Sabiroğlu

***

Nə tez gəlib çatdı bir ilin başa?!

Nə nakam toxundu bəxt oxun daşa?!

Vüqar Mahmudoğlun arama daha

İndi yana - yana yaşahayaşa

Rəhmin gəlmədimi 47 yaşa?!

Dağı dağ üstündən çəkdiniz qoşa

Dedin ki biçarə anam ölüncə

Döysün iki əlli başahabaşa

Zalim fələk sürgün etdi birbaşa

Köç edib döndünüz qanadlı quşa

Biri Mahmud dərdi, birisi Vüqar

Çəkin illər boyu qoşahaqoşa

Sənsiz yovuşmuram dosta, tanışa

Daha söz tutmayır dilim danışa

Don vurdu qönçəsin soldurdu gülün

Döndü fəsillərim qışahaqışa

Qarışdın torpağa döndün sal daşa

Sağalmaz dağ çəkdin yara, yoldaşa

İncinin ümidin puç edən Vüqar

Getdi ümidlərim boşahaboşa

Çal

Ustad Abuzər, balabanı asta çal

Ərməğan et, Vüqar kimi dosta çal

Anaların fəryadına rəhm elə

İlham ilə Fərizəni səslə, çal

Ustad Abuzər, balabanı asta çal

Bir az həzin, bir az kövrək pəstə çal

Nakam gedişi ilə fani dünyadan

Aşıq Vüqar etdi məni xəstə, çal

Ustad Abuzər, balabanı asta çal

Həsrət, hicran dayanıbdı qəsdə, çal

İthaf elə əziz xatirəsinə

Vüqara bir şikəstə de, bəstə çal

***

Oxşadım Vüqarı laylasın çaldım,

Boyuna yalvardım qadasın aldım

Bu sevgini sevənlərə çox gördü

Həsrətin əlində giriftar qaldım

Məqsədi, məramı qəsddi fələyin

Onsuz da amalı nəsdi fələyin

Qoydu yarı yolda aşıq Vüqarı

Amansız rüzgarı əsdi fələyin

Yandı ürəyimin başı, ay Vüqar

Düşdü üzüyümün qaşı, ay Vüqar

Səni tək İnci yox, bütün Şirvanın

Oxşadı torpağı, daşı, ay Vüqar.

İnci Şirvanlı

***

Səs ver mənim harayıma, hayıma

Aşıq Mahmud, Vüqar sənə gəlir, hey...

Bu itki də düşdü ömür payıma,

Bu ayrılıq bağrımızı dəlir heyyy...

Aşıq Mahmud, Vüqar sənə gəlir, heyyy...

Şirvan eli kədərlənir, ağlayır,

Gəlin-qızlar başa qara bağlayır,

Bu son gediş ürəkləri dağlayır-

Nə çəkirik təkcə Allah bilir, heyyy..

Aşıq Mahmud, Vüqar sənə gəlir, heyyy...

Elin oğlu, qızı nalə qoparır,

Yetim qalan sazı nalə qoparır.

Qadir Allah yaxşıları aparır

Pislər qalır, yaxşı kəslər ölür, hey...

Aşıq Mahmud, Vüqar sənə gəlir, heyyy...

Xəyyam Mirzə

***

Apardın

Zalım əcəl, nəydi qəsdin-qərəzin,

Necə qıydın şirin cana, apardın!

Arzuları çiçək açan aşiqi,

Nə tez çəkdin imtahana? Apardın!

Ürəyində getdi neçə arzular,

Bu acı xəbəri duyan qan ağlar.

Yas tutub Vüqara qocaman dağlar,

Bürüdün ağ kəfən-dona, apardın.

Görən geri dönəcəkmi bu bahar,

O dəyərli insan, gözəl sənətkar.

Xamisin qəlbinə dolub qəm-qubar,

Əzrail, vermədin aman, apardın!

Aşıq Xamis Xanışoğlu, 11.01.2018

***

Yalvarım

Sən sazsız-söhbətsiz durmazdın bir an,

Bəs niyə gəncliyin tez oldu viran.

Əlacın duyanı yaradan quran,

De, hansı əldəsə ələ yalvarım.

Ömür gülşəninə nə tez yağdı qar,

Həkimlər dərdinə qaldılar naçar.

Qardaş, bu dərmanın harda, kimdə var,

Gəzim dağı-daşı, elə yalvarım.

Həyat aşıq üçün yaranıb cəfa,

Ölümə dərman yox, ömrə vəfa.

Sənə həkimlərdən olmadı şəfa,

Qoy ana torpağa belə yalvarım.

Aşıq Rza, 11.01.2018

***

Apardı

Nə yaşa baxmadı, nə insanlığa,

Nə rəhmi gəlmədi bu cavanlığa.

Vaxtsız gələn əcəl bircə anlığa,

Aman da vermədi, aldı apardı...

“Ölüm Peşrosu”nu çaldı, apardı...

Yeri məclislərdə yuxarı başda,

Xətrini istərdi dost da, yoldaş da.

Nə deyim fələyə, bu cavan yaşda,

Könlümüzü dərdə saldı, apardı,

“Ölüm Peşrosu”nu çaldı, apardı...

Adı yaraşırdı şəxsiyyətinə,

Həmişə sadiqdi saf niyyətinə.

Ata sənətinə, öz sənətinə,

Arzuları yarım qaldı, apardı,

“Ölüm Peşrosu”nu çaldı, apardı...

Xəyyam Məmmədov

***

Nə tez oldu bu səfər

Nəvən hələ sənə saz gətirməmiş,

Yaşın üstə bir yaş yaz gətirməmiş.

Mahmudun yarası köz gətirməmiş,

Aşıq Vüqar, nə tez oldu bu səfər?

Bir sədəfli saz da asılı qaldı,

Neçə bəy gəlinin vüsalı qaldı.

Təqvimdə neçə toy yazılı qaldı,

Aşıq Vüqar, nə tez oldu bu səfər?

Nə tez söndü axı eşqin həvəsin?

Ədəbdə, ərkanda olmaz əvəzin.

Saraylarda qaldı nəfəsin, səsin,

Aşıq Vüqar, nə tez oldu bu səfər?

Şirvan üstə idi hər şövqün, şəstin,

Kərəmi, Şikəstə içrə bitmişdin.

İslamla görüşmü təyin etmişdin,

Aşıq Vüqar, nə tez oldu bu səfər?

Dedilər köçmüsən sənət yoldaşım,

Eşitcək sinəmə əyildi başım.

Əmi kimi kimdən soruşsun Haşım?

Aşıq Vüqar, nə tez oldu bu səfər?

Aşıq Haşım Qubalı, 11 yanvar 2018

Tarix
2019.01.10 / 09:07
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla