Yuxarı

Rasim Balayev açıqladı: Məni ora buraxmırlar

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti, “Şöhrət” ordeninə layiq görülmüş Rasim Balayevi bildirdiyi iradlara görə, artıq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qəbul imtahanlarında iştiraka dəvət etmirlər. Məşhur aktyor gələcək aktyorların seçim sistemindən narazıdır.

Sputnik.az bildirir ki, bu sözləri Rasim Balayev Bakı Kitab Mərkəzində tamaşaçılarla keçirdiyi görüş zamanı deyib. Sevimli aktyorla görüşə çox sayda pərəstişkarları və yaradıcı ictimaiyyətin nümayəndələri gəlib. Balayev gecə boyu publikanın onun yaradıcılığı, yeni planları və məşhur filmi “Nəsimi”nin çəkilişləri ilə bağlı çoxsaylı suallarını cavablandırıb.

Aktyor hesab edir ki, Azərbaycan teatrı və kinosunda artıq uzun müddətdir sakitlik hökm sürür. Balayev bunun səbəbini gələcək aktyorların seçiminin düzgün aparılmaması ilə izah edib. Onun fikrincə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə, Bakı Rəssamlıq Akademiyasına, Milli Konservatoriyaya daxil olan insanlar digər imtahanları da verməlidir və insanların istedadını nəzərə almaq lazımdır.

“Bir dəfə məni Mədəniyyət və İncəsənət Universitetinin qəbul imtahanında iştiraka dəvət etdilər. Mən bir neçə iradımı bildirdim və görünür, bu, kiminsə xoşuna gəlməyib. Bundan sonra daha məni çağırmadılar. Onda mən digər mədəniyyət xadimləri ilə birlikdə həqiqi aktyorluq istedadı olan beş gənci seçmişdim. Lakin sonra bildim ki, onlar test imtahanları zamanı lazımi balı toplamadıqlarına görə universitetə daxil ola bilməyiblər”, – deyə Balayev təəssüflə bildirib.

Onun fikrincə, qız və oğlanların əksəriyyəti aktyorluq istedadı olmaya-olmaya Mədəniyyət və İncəsənət Universitetinə daxil olurlar. Çünki oranın balları yüksək deyil. Balayev hesab edir ki, hər bir insan peşə seçərkən öz qabiliyyətinin bu və ya digər ixtisasa uyğun gəlib-gəlmədiyini nəzərə almalıdır.

Balayev əmindir ki, aktyorun yeri əvvəlcə teatrdır, sonra isə kino. O, evdə rusiyalı həmkarlarının müsahibələrini oxuyur və heyran qalır ki, onlar üçün birinci yerdə teatr sənətidir. Artist hesab edir ki, hər bir aktyor teatrda işləməlidir. Kinoya isə pul və populyarlıq xətrinə çəkilmək lazımdır. Balayev təəssüf edir ki, Azərbaycanda aktyorlara kinoya çəkilərkən ən azı Rusiyadakı qədər yüksək qonorar vermirlər.

Xalq artisti ona böyük populyarlıq qazandıran “Nəsimi” filmindəki məşhur rolundan da danışıb. Onun sözlərinə görə, o illərdə Azərbaycan şairi Nəsimi haqqında praktiki olaraq, heç nə bilmirdilər. Sadəcə məktəb dərsliklərində onun bir neçə şeiri dərc olunmuşdu. Sonralar onun yaradıcılığına həsr olunmuş tədbirlər keçirməyə başladılar və onda Həsən Seyidbəylidə Nəsiminin həyatı haqqında film çəkmək ideyası yarandı. Film kifayət qədər uğurlu alındı. Aktyor hesab edir ki, bu, təkcə onun uğuru deyil, bütün çəkiliş komandasının uğurudur.

“Bu filmin çəkilişinə qədər beş filmin kastinqlərində iştirak etmişdim və hər dəfə də eyni cavabı almışdım – sizin zahiri görkəminiz ekran üçün uyğun deyil. Nəsimi filmində iştirak etmək üçün seçmələri mənim üçün şok oldu. Dərhal düşündüm ki, hansısa epizodik rolu oynayacağam və əgər oyunum zəif alınsa, heç kəs fərqinə varmaz. Biləndə ki, mən Nəsiminin özünü oynayacağam, çox sevindim. Başa düşdüm ki, ya bu rol mənə uğur gətirəcək, ya da mən digər peşə ilə məşğul olmalı olacağam” – deyə Balayev bildirib.

Aktyorun fikrincə, bu film üstündən uzun müddət keçməsinə baxmayaraq, indiyə qədər də populyardır. Film tamaşaçıların o qədər xoşuna gəlib ki, bir çox valideynlər hətta öz uşaqlarına Nəsimi adını qoyublar.

Rasim Balayev qeyd edib ki, rejissorlardan, ssenari müəlliflərindən təklif gözləyir. Onun fikrincə, təkcə aktyorların yeni obrazlar axtarışında olması ilə iş bitmir, kinematoqrafçılar özləri onlara təkliflərlə müraciət etməlidir.

Görüşdə xalq artistinə çoxsaylı suallar ünvanlanıb. Heç kəs görüşün başa çatmasını istəməyib. Hamı istəyib ki, sevimli aktyordan daha çox yeni şeylər öyrənsinlər. Rasim Balayev görüşdə Nəsiminin bir neçə qəzəlini də oxuyub.

Rasim Balayev 8 avqust 1948-ci ildə Ağsuda anadan olub. 1969-cu ildə Azərbaycan İncəsənət İnstitutunu (hazırda Mədəniyyət və İncəsənət Universiteti) bitirib. Sonra Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında işləyib. O, “Nəsimi”, “Babək”, “Atları yəhərləyin”, “Arxadan zərbə”, “İstintaq”, “Gözlə məni”, “Yaramaz”, “Cin mikrorayonda”, “Otel otağı”, “İstanbul, İstanbul”, “Dronqo”, “Cavid ömrü”, “Günaydın mələyim” və bir çox başqa filmlərdə çəkilib.

Tarix
2019.05.19 / 14:21
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla