Yuxarı

Əsgər qıza zəng edəndə…

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu yazı cəbhədə gördüyüm və 8 Mart bayramını ölümündən sonra təbrik etdiyim qadın haqqındadır…

1993-cü il idi. Mart ayı elə ilk günündən sərt üzünü göstərməyə başlamışdı. Cəbhəyə ezam olunmuşdum. Ağır döyüşlər gedirdi.

Tabor komandiri qazmada, odun sobasının kənarında oturmuşdu. Ocağın şölələri sir-sifətini yaladıqca, yol çəkən gözləri də alışıb yanırdı. Üzündə qos-qoca bir kədər vardı. Amma özü cavan idi. Nazik-uzun barmaqlarına baxanda kökdən düşmüş köhnə pianinomuzu xatırladım. Barmaqlarının arasında sıxdığı siqareti sonadək tüstülənmişdi, külü kötüyündən sallanırdı…

Üzünü zorla mənə tərəf çevirəndə gəlişimdən xəbərdar olduğunu anladım. Buz kimi soyuq, qılınc kimi iti baxışlarını özümdən rahatlıqla adlatdım. Belə yerlərdə jurnalistlərin “arzuolunmaz qonaq” kimi qarşılanması adi haldı. “Necəsən”, “nə var, nə yox” kimi yersiz suallar da səngərlərdə adama adətən anadan ölü doğulmuş uşağı xatırladır...

Qaşlarını çatıb başını yana əydi, sobanın böyründəki taxta mərmi qutusunu göstərdi. Qutunun üstünə quzu dərisi sərilmişdi. Sonra baxışlarını çirkdən rəngi bilinməyən fincanlara zilləyib köməkçisinə çay gətirməyi “tapşırdı”. Əsl cəbhə komandirləri dildən ləng olur. Amma bu dəfə daş qayaya rast gəlmişdi. Bir az da keçsəydi, lal olduğunu düşünəcəkdim. Dodaqlarının arasından tənbəl-tənbəl süzülən, özü kimi yorğun-arğın sözləri sükutu zorla dilimlədi:

- Səhərədək yaralı daşıyıb yazıq. İndilərdə gələr…

Adətən belə məqamlarda sükutla qaynayıb-qarışmağa, səssizliyin nəbzini tutmağa çalışardım. Sakitcə irəli keçib təklif olunan yerdə əyləşdim. Qoca da mənimlə idi. Fotoqraf Əli Qafarovu deyirəm. Rəhmətlik yaman yorulmuşdu. Hələ bura gələndə meşədə qarşımıza sısqa bir arx çıxdı. Arxı addayanda ayağı sürüşdü. Üzüqoylu yerə yıxıldı. Özümü görməzliyə vurdum. Qoca qürurlu adam idi. Amma oturan kimi başını çiynimə qoyub mürgüləməyə başladı. Üç gün idi səngərdən səngərə addaya-addaya cəbhə xəttini ayağımızın altına almışdıq.

Qocanın yuxusu sükutun ömrünü bir az da uzatdı…

Orta yaşlı bir qadın idi. Qırxı bəlkə də haqlamazdı. Amma baxışlarında, danışığında, hərəkətlərində yaşına uyuşmayan qeyri-adi nəsə vardı. Bir anlıq mənə elə gəldi ki, bu xanım qırx illik ömrünün hələ heç yarısını yaşamayıb. Hardasa iyirmi il bundan qabaq dünyaya gəlib ya da. Ya da çox erkən qocalıb. Özündən iki dəfə böyük görünürdü…

Düz qarşımda oturdu. Tabor komandirinin yerində. Amma iyirmi yaşlı gənc xanım kimi…

Əllərini dizlərinin üstünə qoymuşdu. Bəstəboy idi. Gözləri dənizi xatırladırdı. Cod saçlarında təptəzə daraq izləri vardı. Rahat otursun deyə cütlədiyi ayaqlarını yana əymişdi. Baxışlarında, hərəkətlərində qəribə bir ürkəklik duyulurdu. Deyəsən içindən boylanan o gənc qızı nə susdura, nə də özündə gizlədə bilirdi. Qırx yaşında iyirmi yaşlı bir xanım kimi göründüyünə görə sıxılırdı, utanırdı o qadın bəlkə də...

Əllərinin üstü, sir-sifəti cızıq-cızıq idi. Elə bil pişik cırmaqlamışdı. Gözlərimi qanı laxtalanmış yaralarına zilləmişdim. Bu yaralar, bu qan laxtaları onun haqqında o qədər obrazlı, o qədər mükəmməl danışırdı ki, özünü dindirməyə heç ehtiyac duymurdum.

Ancaq qadın fürsəti fövtə vermədi. Diqqətimi özündən yayındırmaq üçün qəfildən tabor komandirinə tərəf çevrildi və içdən gələn uca səslə:

- Gombuldan nə xəbər var? – dedi.

Tabor komandirinin tükü də dəbərmədi. Az qala ikiqat bükülüb qazmanın ensiz, alçaq qapısından yanpörtü bayıra çıxdı. Bu vaxt səngərdən Qocanın səsini eşitdim. Həmişəki kimi əsgərlərlə deyib-gülür, zarafatlaşırdı.

Dar qazmada üz-üzə oturmuşduq. Daha qaçmağa yerimiz, gizlətməyə sirrimiz qalmamışdı. İndi o özünü hər şeydən çox döyüşən əsgər kimi göstərməyə çalışırdı. İstəyirdi ki, onun qadın olduğunu biryolluq unudum, yaddan çıxarım. Tez-tez gözlərini qıyıb açıq qapıdan bayıra boylanmağı, yaxınlıqda partlayan mərmilərin gurultusuna qulaq kəsliməyi də bundan ötrü idi. Arada nəsə tapmış kimi sevinə-sevinə çiyni sallanan əsgər gödəkçəsinin yaxasını sığallayır, uzunboğaz çəkməsinin bağını açıb yenidən düyünləyirdi. Ancaq bacarmırdı. İçindəki iyirmi yaşlı gəncə gücü çatmırdı bu qadının. O çox yorğun idi. Söz dalınca yüyürməyə nə taqəti vardı, nə də həvəsi. Yəqin elə buna görə hər sualımı yenidən təkrarlayırdı. Elə bil ona verdiyim sualı o da bir başqa adama verirdi – içindəki gənc xanıma…

Hər dəfə nəsə soruşanda mən bu döyüşçü qadından çox, o gənc xanımın səsini eşidirdim. O səs indidən düz iyirmi il geridə qalmışdı. O səsin iyirmi yaşı vardı. Və bu iyirmi yaşlı səs ətrafdakı mərmi gurultusunu, ardı-arası kəsilməyən güllə səslərini sanki eşitmirdi, arzularla dolu firavan həyatının pəncərəsi önündə dayanıb gülə-gülə mənə öz həqiqətlərindən danışırdı (iyirmi beşinci kadr kimi):

“Qarşındakı bu zavallı qadın əslində məni – gənc bir qızı qorumaq üçün gəlib cəbhəyə. Yarımçıq sevgi nəğməsini notlara köçürməkdən ötrü.

Burada günlərin rəsmi güllələrlə, mərmilərlə cızılır…

Başını yuxarı qaldır. Göy üzünə diqqətlə bax. Görəcəksən ki, burada Günəş də, Ay da yaralıdı. Burada hər səhərin sinəsində güllə yeri, hər axşamın yaxasında qan ləkəsi var.

Mənə diqqətlə qulaq as! Qarşındakı qadına istədiyin gözlə baxa bilərsən, dostum, amma onu heç vaxt olduğu kimi görə bilməzsən! Çünki yalnız körpələr anadan ölü doğulmurlar! Ölü doğulan günlər də var!..

Sən indi inamla şübhənin, mərhəmətlə nifrətin, sədaqətlə xəyanətin qova-qova yorub əldən saldığı köməksiz bir qadınla üz-üzə oturmusan! O öz taleyinin əsgəridir! Bu əsgəri soyuq səngərlərə çəkib gətirən yollarda yalnız bir cüt ayaq izi var! Bugünündə də, sabahında da dünənini yaşayanların ayaq izləri də tənha olur…

Səngər həm də olumla ölümün əl-ələ verib cızdığı cığırdı, qol-qola girib gəzdiyi məkandı. Burada hamı sağ qaldığına görə sevinmir! Burada hamı öldüyünə görə kədərlənmir!

Dünən axşam Gombulun son sözlərini də son nəfəsilə birgə ciyərlərinə çəkən bu qadına dəli kimi baxma! Kol-kosdan yapışa-yapışa döyüş meydanından çıxardığı, sürüyə-sürüyə zorla səngərə saldığı gənc bir zabitin ölümünə o həqiqətən inanmır. Çünki xəyalları ilə gerçəyini, cəsarətilə sevgisini qoruyur!..

Həm də müharibə sözlərin mənasını dəyişir! Həm də səngər torpağının öz dili var. Elə səngərdəkilərin də! Burda güllə-güllə, mərmi-mərmi daşınan hökmlər həmişə ölümə aparmır! Bəzən ölümdən qaytarır…

Sən indi barıt qoxusu verən suallarınla müharibə həqiqətlərini kimə xatırlatmaq istəyirsən! O həqiqətlərin iyirmi illik yol yoldaşınamı!?

Burda hər əsgərin öz nağılı, hər döyüşçünün öz əfsanəsi var. Sən ona mənim gözümlə bax! Orada müdafiəsiz bir qadının müdafiəsinə qalxdığı adamları görəcəksən həm də. O adamların özlərindən sonra soyuq səngərlərdə qoyub getdiyi bir həqiqət var ancaq: Qadınlar sevildikləri günədək yaşayarlar. Qadınlar atıldıqları yaşda qalarlar. Və bir də heç vaxt qocalmazlar. Və bir də heç vaxt ölməzlər…”

Onunla söhbətim çox çəkmədi. Ancaq yazım dərc olunduğu günədək uzandı. Martın yeddisi idi. Bayram təbrikim ürəyimcə alınmışdı. Uşaq kimi sevinirdim. Dərhal səhra telefonunun dəstəyini götürüb tabor komandirinə zəng vurdum. Vergülü, nöqtəsi bilinməyən ərköyün cümlələrim dəstəyin o biri tərəfindən gələn qara xəbərə çırpıldı:

- Snayperlə vurdular onu… Yaralı əsgəri döyüş meydanından çıxaranda… Elə sən gedən gün…

Bu mənim Qəhrəmanımın ikinci dəfə şəhid olduğu gün idi. Birinci dəfəsindən xəbər tutmamışdım. Aradan keçən üç gün ərzində biz Onunla xeyli dərdləşmişdik. Aradan keçən üç gün ərzində O mənim üçün hələ ölməmişdi, hələ sağ idi…

Ancaq illər sonra haqqında bəhs edən məqaləmi itirdiyimi biləndə Onun üçüncü dəfə Şəhid olduğunu anladım. Bu dəfə qatil özüm idim..

O vaxtdan sinəmi ağacdələn kimi bir səs döyəcləyir. O səsi dərhal tanımışdım. Unudulmuş qəhrəmanımın bu illər ərzində bəlkə yüz dəfə, bəlkə min dəfə… Şəhid olduğunu da o səs pıçıldamışdı qulaqlarıma!

Bu o idi! Onun səsi idi! Öz səsi! O səs müdafiəsiz bir xanımın müdafiəsinə qalxdığı insanlara səngərlərdə miras qoyub getdiyi sonuncu həqiqətini xatırladırdı:

- Adam hasarın o tayında görünsün deyə, hasarın bu tayında namusunun üstünə çıxmaz!..

P.S. Adam hasarın bu tayında görünsün deyə, hasarın o tayında namusunun üstünə çıxmamalıdır…

Tarix
2019.12.11 / 22:29
Müəllif
İbrahim Rüstəmli
Şərhlər
Digər xəbərlər

Bütün qazancını təhsilə verən kişi...

Ayağı sürüşkən adamlar...

Baldızını qaçıran “bəy”, qaynı ilə gedən “gəlin”...

Sən öz halınla sahibinin ayaqqabısısan...

Məndən düşmən yaratmağa tələsməyin

Deyəsən, meydanda tək qalmışıq...

Mən özgürlüyümü qoruyuram, ətrafımdakılar isə…

Mən kloun deyiləm, Çarli!

Anamın xəstəxanadan gətirildiyi gün...

Mən bu rəzalətə görə üzr istəyirəm...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla