Yuxarı

Adil Mirseyid: “On gündən sonra, Faiq, on gündən sonra...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu dəfə şair Adil Mirseyidin evinə qəfil qonaq qismində gedəsi oldum. Şairin sağlamlıq durumu ilə bağlı həm onu ziyarət etmək, həm də yazı yazmaq istədim.

"Qəfil qonaq" layihəsində şairimizi söhbətə çəkəcəkdim. Doğrusu, əvvəlcə səhhəti ilə bağlı onu narahat etməmək üçün fikrimdən daşındım. Bir gün qabaq layihənin formatına "xəyanət" etdim. Axsam saatlarında şairin mobil telefonuna zəng vurdum. Səsi çox batıq idi. Hal-əhval tutduqdan sonra:

- Sabah sizə gəlmək istəyirəm,- dedim. Razılaşmadı.

- Özümü indi yaxşı hiss etmirəm. İnşallah, yaxşılaşım, özüm sənə zəng edərəm,- dedi.

Sabahı gün Adilin səsindəki xırıltının, titrəyişin hələ də qulaqlarımda qaldığını hiss edib, foto-müxbirimiz İsmi bəylə onun yaşadığı, Xətai rayonu, M. Hadi küçəsində "kvadratlar" kimi tanınan ünvana yola düşdük. Şairin kirayədə qaldığı evin məhz hansı "kvadrat"da olmasını bilmədiyimizə görə, soraqlaşmalı olduq. 3-cü "kvadratda" ayaqqabı təmiri ustasına yaxınlaşıb:

- Burda şair, rəssam Adil Mirseyid yaşayır, onun dəqiq ünvanını bilmirsiz ki? - soruşdum.

Ayaqqabı ustası:

- Mən onu tanıyıram, sakit adamdır, həmişə həyətdə gəzişir, başı aşağı adamdır. Mən bilirəm ki, o məşhur adamdır, amma heç kəsə yovuşmur. Hansı binada yaşadığını isə bilmirəm, havalar xoş olanda daim bayırda gəzişir.

Pinəçi dükanının qarşısındakı ağsaqqallar isə, bizə Mənzil İstismar İdarəsinə getməyi məsləhət bildi. "Onlar dəqiq deyəcək", – dedilər. Elə də oldu. Bir qadın:

- Adil müəllim 93-cü binada yaşayır, mərtəbəni, mənzili isə deyə bilmərəm, - deyib nişan verdi.

93 saylı binaya yaxınlaşırıq, artırmada bir kişi siqaret çəkir. Ondan soruşuram. O, bizə Adilin yaşadığı mənzili nişan verir.

Baxın, stolun üstündəki dərmanlara

Qapının zəngini sıxıram. Səs yoxdur. Sonra qapını döyürəm. Gözləyirəm, bir-iki siqaret çəkirəm və yenidən qapını ehmalca döyürəm. Qapı cəftəsinin səsi gəlir. Şairin həyat yoldaşı Nüşabə xanım qapını açıb, bizdən bir-neçə dəqiqə gözləməyi xahiş edir.

Bu uzun çəkən bir neçə dəqiqəyə 3 siqaret çəkirəm. Qapı açılır və evin xanımı bizi otağa dəvət edir.

Nüşabə xanım:

- Dostları zəng edir, gəlmək istəyirlər. Razılıq vermir. Heç biz də onun narahat olmasını istəmirik. Tibb bacısı bir az olar gedib. Yatmışdı. İndi oyatdıq. Bir baxın, stolun üstündəki dərmanlara, iynələrə...

- Vallah, bura gəlişim jurnalist marağından çox, dost nigarançılığıdır. Adil bizim böyük qardaşımızdır.

- Jurnalistləri heç başa salmaq olmur. Başa düşürəm ki, bu onların sənətidir. Amma deyəndə ki, sonra zəng edin, indi yatır, inanmırlar, qapıya qədər gəlirlər. Evə dəvət etməmək də olmur. Otağa da girən kimi... day nə bilim...

Adillə hal-əhval tuturam:

- Abi, maşallah, səni son dəfə şəhərdə görüb söhbət etdiyimizdən indiki halın çox yaxşıdır. Göz dəyməsin.

- Sağ ol. Amma ağrıyıram. İnşallah 10 günə yaxşı olaram. Zəng edərsən, o vaxt səninlə lap yaxşı söhbət edərik, indi halım yoxdu...

Adil dedi axı, indi yox

Hiss edirəm ki, Adil dost, həmkar gəlişinə sevinir. Lakin üzücü ağrılar bu sevincin pardaqlanmasının, üzünə-gözünə çilənməsinin qarşısını alır.

- Axşam siz zəng edəndə, Adil dedi axı, indi yox, sonra gələrsiz,– xanımı gileylənir.

- Elə, açığı, Adilin o cür deməyinə görə gəldim. Adil heç zaman söhbət etməyə, görüşüb çay içməyə vədələşəndə, ədəbi müzakirəyə dəvət olunanda "yox" kəlməsi deməyib. Doğrusu, qorxdum ki, şairin ağrıları möhkəm olar, çox pis oldum. İndi maşallah, çox yaxşıdır.

- İndi yaxşıdır bir az. İynələri vuruldu, yatmışdı, istirahət edirdi, siz gəldiniz.

Şəklini çəkmək istəyirik. İsmiyə işarə edirəm. Razılaşmırlar. Adilə, "gəl iki qardaş şəkil çəkdirək",– deyirəm. Adil oturduğu yataqdan ayağa qalxsa da, Nüşabə xanım yenə də razı olmur:

- Bu geyimdə, bu cür görünüşdə çəkməyin.

Adil də etiraz edir:

- Faiq, başqa vaxt, 10 gündən sonra...

İsmi ikinci dəfə foto-kamerasını çantasında sahmanlayır. Söhbət zamanı, "müalicəsinə kömək edənlər varmı?"- soruşuram. "Hər kəs sağ olsun",- deyir. Və birdən qəfildən yadına düşürmüş kimi:

- Tural neynir? Yenə orda, əvvəlki yerində işləyir?

- Yox, indi "1937.az"dadır.

- Onun məndən götürdüyü müsahibə maraqlı alınmışdı... Elçini görürsən? (E.İsgəndərzadəni nəzərdə tutur). Bakıdadır? - Sonra xanımına tərəf dönür: -Faiq Elçinlə həm qonşudur, həm qardaş kimidirlər, yaxın dostdurlar.

- Elçin mənim qardaşımdır,– Nüşabə xanım deyir.

- Hə, Bakıdadır. Dünən bir yerdə idik. Təzə gəlib. Dedi mütləq Adilə dəyməliyəm.

Heç kəsə inam qalmayıb

Adilin yatağının yanındakı stulun üstündə də dərmanların yanında göy cildli bir kitab var.

- Kimi oxuyursan?

- Nə bilim e... Həkim çox hərəkət eləməyə qoymur, heç oxumağa da...

Adillə yarım saatlıq görüşümdə söhbətimizin onu yoracağından qorxuram. Ayağa qalxıram. Sağollaşıram. Nüşabə xanım:

- Siz Allah, bağışlayın, qəfil gəldiniz. Qabaqcadan adam biləndə ki, qonağı gəlir, yır-yığış edir, hazırlıq görür.

- Narahat olmayın. Siz bizi bağışlayın ki, xəbərsiz gəlib, sizi, şairi rahatsız etdik. Amma mətbuat üçün yox e, elə özümüz üçün şairlə şəkil çəkdirsəydik, yaxşı olardı, – şəkil çəkməyin razılığını almaq üçün inad edirəm.

- Heç kəsə inam qalmayıb. İstəmirəm Adilin belə şəkli çəkilsin. Özü dedi axı, sağalan kimi sizə zəng edəcək...

Adillə qucaqlaşıb, şairin 60 yaşında hələ də kirayədə yaşadığı mənzildən çıxırıq. Hər ikimizin dilində "Allah şəfa versin", - duaları...

Tarix
2013.12.24 / 14:44
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla