Yuxarı

Filmlərimiz süni, qeyri-səmimi olur - Kino Günü

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

1985-ci il 28 dekabr tarixində ilk dəfə Parisdə "Qrand kafe"də Lyumer qardaşlarının ilk kinematoqraf seansı keçirilib.

Həmin tarixdə Parisin Kapuçino Bulvarındakı kafedə Lyumer qardaşları dünyada ilk dəfə geniş ictimaiyyətə "Qatarın La Sota vağzalına gəlişi" adlı qısametrajlı filmi nümayiş etdiriblər. Ona görə də bu gün dünyada Beynəlxalq Kino Günü kimi qeyd olunur.

"Axar.az" saytı olaraq Beynəlxalq kino günü münasibəti ilə bağlı Azərbaycanda kino sahəsində çalışan adamlardan Azərbaycan kinosunun bu günkü vəziyyəti ilə maraqlandıq.

Kinoşünas Aygün Aslanova kinomuzun bu günkü vəziyyətini bir həmkarının fikirləri ilə izah edərək bildirdi ki, Azərbaycan kinosunun hazırkı vəziyyətini Fehruz Şəmiyev qədər dəqiq izah edən olmayıb: "Azərbaycan kinosunun vəziyyəti səhiyyəmizlə eyni gündədir. Ölü uşaqlar doğulur ha, onları bizə diri kimi sırımağa çalışırlar, sonra da aparıb basdırırlar. Daha tapa bilmirsən. Əlac qalıb yalnız "qeyri-qanuni", öz imkanları hesabına doğulanlara – yəni müstəqil, dövlətdən asılı olmadan çəkilən filmlərə".

Filmlərin, serialların çox çəkilməsi rəqabət deməkdir

Aktyor Rasim Cəfər isə bildirdi ki, gənc rejissorların bəziləri, mən deyərdim, hətta bir çoxu çəkdiyi qısametrajlı filmləri öz hesabına çəkir: "Hazırda Azərbaycanda çoxlu sayda seriallar çəkilir. Düzdür, dünya təcrübəsində seriallar ciddi sənət əsəri hesab olunmasa da, bizim yerli kino sənayemizdə ən azından aktyorların çəkilməsi üçün real pavilyon məkanı rolu oynayır. Düşünürəm ki, bu hadisəni müsbət hal kimi qiymətləndirmək lazımdır. Aktyor üçün önəmli olan çəkiliş meydançasıdır. Azərbaycanda bədii filmlər az çəkilir, lakin qeyd edim ki, gənclər tərəfindən çəkilən qısametrajlı filmlərin sayı günbəgün artmaqdadır. Bu, həmçinin kinoya gələn gənc kinorejissorların sayının artmasının göstəricisidir. Ümumiyyətlə, gənclərin kinoya gəlişini alqışlayıram və çox istəyirəm ki, bu, kütləvi hal alsın. Filmlərin, serialların çox çəkilməsi rəqabət deməkdir. Rəqabət isə hər sahədə olduğu kimi kino sahəsində də inkişafı təmin edir. Sevindirici hal odur ki, gənc rejissorların bəziləri, mən deyərdim, hətta bir çoxu çəkdiyi qısametrajlı filmləri öz hesabına çəkir. Kino maliyyədən asılı sənət növüdür. Lakin az pula layiqli sənət əsəri yaratmaq mümkündür. O ki qaldi çəkilən tammetrajlı bədii filmlərə... Azərbaycanda zənnimcə, kinoya, yəni bir filmə ayrılan maliyyə yetərincədir. Qalır onun bədii səviyyəsi... Məncə, bu hələ lazımi, yəni urəyimiz istəyən səviyyədə deyil. Amma nə yaxşı ki, çəkilir... Çəkilirsə, deməli, ümid var!"

Filmlərimiz süni, qeyri-səmimi olur

"Cinema" Gənc Kinematoqrafçılar Mərkəzinin sədri, ssenarist Fehruz Şəmiyev bildirdi ki, kinonun vəziyyəti xalqın düşüncəsindən asılıdır:

"Azərbaycan kinosunun indiki və keçmiş vəziyyəti Azərbaycan xalqının düşüncəsindən asılıdır. Biz səmimi xalq olmadığımız üçün filmlərimiz də süni, qeyri-səmimi olur. Biz həmişə mövzunu kənarda axtarırıq deyə, özümüzdən fəlsəfə yaratmağa başlayırıq. Bu da bizim filmlərin həm dialoquna, həm mövzusuna, həm də ümumi keyfiyyətinə təsir edir. Bizim təhsil sistemimizdə dəyişikliklər olsa, filmlərimizdə də dəyişikliklər olacaq. O ki qaldı indiki duruma, indiki durumda, məncə, sadəcə sürət çatışmır. Kinoda baş verənləri sürətləndirmək lazımdır. Yeni layihələr ortaya çıxarmaq lazımdır. Mədəniyyət və Turizm Nazirliyi uzun müddət çox gözəl bir layihə həyata keçirdi – "Bu meydan, bu ekran" kino müsabiqəsi. Bu layihədə çox maraqlı filmlər çəkildi. Kinonu sevən və bu sahədə öz bacarıqlarını sübut edən gənclər ortaya çıxdı. Hazırda Azərbaycanfilm kinostudiyasında "Motivlər" layihəsi başa çatıb. Bu layihədə xaricdə təhsil alan azərbaycanlı gənc rejissorlar hərəsi bir qısametrajlı film çəkdilər. Maraqlı layihədir. Amma kino təkcə istehsalla bitmir. Çəkilən filmi tamaşaçıya təqdim etmək lazımdır. Məncə, dövlət tərəfindən müstəqil şirkətlərlə müqavilə bağlanmalı və onları kino sənayesinə daha çox cəlb etmək lazımdır. Filmin yayımı, reklamı və s. bütün bunlar müstəqil qurumlar tərəfindən aparılmalıdır. Bu addımlar Azərbaycan kinosunu dünya kino prosesinə yaxınlaşdıran addımlardır. Bunlar olmasa, biz kino sahəsində böyük uğurlar əldə edə bilmərik. Sadəcə, qarşıya qoyulan məqsədləri vaxtında yerinə yetirmək lazımdır. TV kanallarında oğurluq filmlərin nümayişini yığışdırmaq, kinoteatrlarda isə filmlərin Azərbaycan dilində nümayişinə nail olmaq lazımdır. Bu iki məsələ bizim milli kinematoqrafiyanın inkişafına böyük təkan verə bilər".

37 yaşım var, hələ də nazirlik məni rejissor kimi tanımır

Aktyor, Kukla teatrının baş rejissoru Qurban Məsimov bildirdi ki, dünya kinosunu təqlid etməkdən əl çəkməliyik: "Düşünürəm ki, indi Azərbaycan kinosu yenidən qurulmaqdadır. Dünya kinosunu təqlid yox, öz dəyərlərimizi təbliğ etməliyik. Biz dünyaya Azərbaycan kinematoqrafı kimi maraqlıyıq. Bizə zaman və bu zaman çərçivəsində istiqamətli iş gərəkdir".

Mənim heç bir fikrim yoxdur

Rejissor və ssenarist Cavid Təvəkkül fikirlərini çox qısa şəkildə çatdırdı: "Mənim heç bir fikrim yoxdur. Çəkirlərsə kino var, çəkmirlərsə, demək yoxdur..."

Kənan M.M narazılıqla bildirdi ki, kino çəkdirənlərə kino lazım deyil: "Kino yalnız kino sevərlərə və mənim kimi kino çəkmək istəyənlərə lazımdır, kino çəkdirənlərə yox... Kino çəkdirənlər isə mən deyiləm. 37 yaşım var, hələ də nazirlik məni rejissor kimi tanımır, mən hansı kinodan danışım?!"

"Buqələmun" filminin gənc rejissoru Elvin Adıgözəl bildirdi ki, azad kino üçün dövlət dəstəyi yoxdur: "Kinonun bu günkü veziyyeti elbette Azərbaycanda yaxşı deyil. Çünki azad kino üçün dövlət dəstəyi yoxdur. Mən bu ölkədə yeni rejissor nəslinin azad kino ilə gələcəyini düşünürəm. Hal hazırda danışmaq , tənqid etmək yox iş görmək lazımdır. Rejissor əl kamerası ilə belə olsa çəkməyi bacarmalıdır. Əsas odur, ölkəmizin və millətimizin reallığını göstərək. Heç bir tərəf tutmadan, güzəştə getmədən çəkmək lazımdır. Kinoteatrların olmaması və ticarət mərkəzlərindəki kinoteatra oxşayan yerlərin formalaşması isə ölkənin mədəniyyətinə ən böyük zərbədir. Əlbəttə kino yalnız rejissorun uğuru deyil, həm də ölkənin fəxridir. Mövzu nə olursa olsun dünya festivalları ona lazımı qiyməti verəcək. Mən universitet təhsilini bəyənməyib, heç bir Azərbaycan kinosuna rəğbət bəsləməyib kinoya gəlmişəm. Amma hələ heç nə eləməmişəm. Yolum uzundur, işim isə çətindir. Həyat, zaman və kinolarım sözünü deyəcək".

Tarix
2013.12.28 / 19:44
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla