Yuxarı

Son Nobel ödülçüsünün hekayәsi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elis Manro

Nitanın dostları

Əvvəlcə tanışları Nitaya zəng etməkdə davam etdilər, əmin olmaq istəyirdilər ki, o depressiyada deyil, özünü yalnız hiss etmir, az yemir, çox içmir.

(Nita əvvəllər çox içirdi, ancaq tanışları unudurdular ki, həkim ona içməyi qadağan edib.) Nita bütün zənglərə cavab verirdi, özünü elə göstərirdi ki, dərddən üzülməyib, özünü süni şəkildə şən göstərməyə çalışırdı. Zəng edib onunla maraqlananlara deyirdi ki, mağazaya getməyə ehtiyac yoxdur, evdə nə varsa ondan yeyib dolanır, reseptdə yazılan həblər kifayət qədərdir, hətta gələn məktublara cavab yazmaq istəsə, evdə olan markalar bəs edər.

Nitanın ən yaxın dostları onun sözlərindən şübhələnirdilər, çünki o bir qayda olaraq çox yeyirdi, həm də ona təsadüfi hallarda məktub gəlirdi. Hətta o hadisə barədə uzaqda yaşayan tanışlara məlumat belə verməmişdi. Nə Riçin Arizionadakı əvvəlki arvadına, nə də onun Nova Scotiada yaşayan ögey qardaşına heç nə yazmamışdı. Bəlkə də bu adamlar Nitanın niyə belə etdiyini, niyə adət-ənənəyə uyğun yas mərasimi təşkil etmədiyini yaxında olanlardan daha yaxşı başa düşə bilərdilər.

Ric ona demişdi ki, kəndə, dəmir məmulatı satılan mağazaya getmək istəyir. Təxminən səhər saat 10 olardı, o, eyvanın sürahisinin köhnə rəngini təzəcə qaşımağa başlamışdı. Riç ora təzə rəng vurmaq istəyirdi, amma rəngi qaşıdığı dəmir tor əlində qırıq-qırıq olmuşdu.

Nitanın onun niyə gecikməsini aydınlaşdırmağa vaxtı da yox idi. Riç maşını maqazanın qarşısında otbiçən maşının güzəştlə satılması barədə elan vurulmuş dirəyə çırpmışdı, elə yerindəcə ölmüşdü. Hətta o mağazaya girməyə də macal tapmamışdı. Onun 81 yaşı vardı, sağ qulağının bir az ağır eşitməsindən başqa heç nədən şikayət etmirdi. Həkim onu bir həftə əvvəl müayinə etmişdi. Sonra Nita onun sağlamlıq haqqında kağızına baxanda gördü ki, orada qəfil ölümə səbəb olan bir sıra xəstəliklər yazılıb. "Gərək bir az ehtiyatlı olaydı, belə yerlərə getmək lazım deyilmiş"- Nita öz-özünə demişdi.

Nita bu haqda yalnız ən yaxın rəfiqələrinə-elə onun kimi 62 yaşında olan Virgie və Carola danışmışdı. Onun bir az cavan rəfiqələri bu cür söhbətləri əxlaqa uyğun hesab etmirdilər. Əvvəlcə onlar Nitagilin evində yığışdılar, əslində heç də o "kədərli prosesdən" danışmadılar, ancaq Nita hər an onların bu barədə danışacağından qorxurdu.

Ric ölən gün Nita bəzi lazımı yerlərlə razılaşmadan sonra ucuz tabut aldı, elə həmin gün də Riç dəfn edildi. Heç bir mərasim-filan olmadan. Hətta dəfn mərasimi təşkil edən büronun sahibi ona dedi ki, bu adət-ənənəyə ziddir. O isə Ric ölmədən öncə bu barədə razılığa gəldiklərini dedi. Bir il əvvəl Nitaya xərçəng diaqnozu qoyulanda onlar bir-birini necə dəfn etməyi planlaşdırmışdılar.

Nita dəfn bürosunun sahibinə belə demişdi:

- Mən nə biləydim ki, o məni qabaqlayacaq?

Düzdür, adamlar heç də ənənəvi mərasim olacağını gözləmirdilər, ancaq ən azı balaca bir mərasim təşkil olunacağını düşünürdülər - məsələn, həyatı bayram etmək, Riçin sevdiyi mahnını ifa etmək, əl-ələ tutub onu mədh eləmək, onun bicliyindən və günahlarından danışarkən yumorla danışmaq və sair.

Ricin dəfni urvatsız oldu.

Onun dəfnindən sonra adamlar bir neçə gün Nitagilə gəlib-getdilər, ancaq az sonra onu əhatə edən "istilik" əriyib getdi. Düzdür, bəziləri hələ də Nita sarıdan narahat idilər. Virgie və Carol deyirdilər ki, əgər Nita iş görməmək üçün mərasim təşkil etmirsə, deməli, o eqoist qancıqdır. Onlar söz vermişdilər ki, tezliklə gəlib gülməli "Boz qaz" mahnısını oxuyub onu şənləndirəcəklər.

Nita onların fikrində bir məntiq görsə də, heç də onlar düşünməyin vacib olmadığını dedi.

Keçən yaz qəbul etdiyi şüa sayəsində xərçəngi zəifləmişdi. Bu o demək deyildi ki, tam sağalıb. Hər halda yaxşılığa doğru heç nə yox idi. Onun qaraciyəri əsl "operasiya meydanı" idi., ancaq xərçəng də onu içdən gəmirirdi. Rəfiqələrinə deyəndə ki, ona içmək olmaz, onsuz içsinlər, rəfiqələri qəmlənmişdilər.

Riç iyun ayında ölmüşdü, indi isə yayın orta ayı idi. O hər gün səhər tezdən durur, əl-üzünü yuyur, əlinə keçəni geyinirdi. Özü geyinir, özü yuyunur, dişlərini fırçalayır, saçını darayırdı. Saçı tədricən uzanmışdı, lap əvvəlki kimi idi, qabaq tərəfdə bir az ağ, arxaya tərəf isə qara idi . O yenə dodağına pomada vurur, seyrəkləşmiş kipriklərinə qara tuş çəkirdi . Həmişə incə olan beli, arıq budları indi bir az kökəlmişdi, amma yenə indi onun bədən üzvləri haqda bircə söz demək olardı: "bir dəri, bir sümük."

O yenə əvvəlki kimi geniş kresolsunda oturur, yan-yörəsində bir yığın kitab və açılmamış jurnallar olurdu. İndi o kofeni əvəz edən açıq rəngli bitki çayından qurtum-qurtum içirdi. Bir vaxt o elə düşünürdü ki, heç vaxt kofesiz yaşaya bilməz, amma zaman keçdikcə aydın oldu ki, onun istədiyi elə bir fincan bitki çayı imiş.

Yaşadığı ev Riçin evi idi. O bu evi birinci arvadı Bettlə birgə olarkən almışdı. Bura həftəsonu günləri keçirmək üçün nəzərdə tutulmuşdu. Evi alanda iki balaca otaq, pərdədən düzəlmiş "mətbəx" varmiş . Ev kənddən yarım mil aralda yerləşirdi. Sonra Riç dülgərliyi öyrənib evdə yeniliklər etməyə başladı. İki yataq otağı , kabinet və hamam tikdi. İndi evdə normal qonaq otağı, normal mətbəx vardı. İlk vaxtlar Riçin belə yerdə ev almasına əsəbləşmişdi, ancaq evdə aparılan dəyişikliklər onun marağına səbəb oldu, o da dülgər önlükləri almağa başladı. Hətta neçə il vaxt sərf etdiyi aşpazlıq kitabını qurtarıb çap etdirəndən sonra dülgərliklə maraqlanmağa başladı. Onların uşağı yox idi.

Həmin vaxtlarda Riçin arvadı Bett adamlara deyirdi ki, o həyatda rolunu dülgər köməkçisi kimi görür, bu da onu Riçlə daha da doğmalaşdırıb. Riçsə Nitaya elə o zaman vuruldu. O universitetdə, qeydiyyat otağında işləyirdi. Riç də həmin universitetdə orta əsrlər ədəbiyyatından dərs deyirdi. Birinci dəfə onlar həmin bu evdə, yonqarların, mişarlanmış taxtaların əhatəsində, tağlı tavanı, nə vaxtsa qonaq otağı olacaq otaqda sevişmişdilər. Onda Bett şəhərdəki evdə qalmışdı. Nita təsadüfən gün eynəyini unudub orda qoymuşdu. Bett isə heç vaxt bir niyyəti olmasaydı nəyisə unudub bir yerdə qoymazdı. Baş verən söz-sohbətin nəticəsində Bett Kaliforniyaya, oradan da Arizonaya getdi. Nita işdən çıxarıldı, Ric də sənət fakültəsinin dekanı vəzifəsindən uzaqlaşdırıldı. O vaxtından əvvəl təqaüdə çıxdı, şəhərdəki evini satdı. Nita balaca dülgər önlüklərinə "sahib" olmadı, ancaq evdəki tör-töküntüyə baxmayaraq, Bettin kitablarını oxuyur, isti yeməklər hazırlayar, meşəni "tədqiq" etmək üçün ora gəzməyə gedərdı, ordan cır-cındırla bağladığı zanbaqlarla, yabanı yerkökü ilə geri qayıdardı. Zanbaqları rəng qablarına doldururdu. Ev hazır olandan onra onlar evə yerləşəndə Nita öz hərəkətindən utandı, düşündü ki, Bettin zəhmət çəkdiyi evə sahib oldu. Nita əslində utancaq, fiziki cəhətdən yöndəmsiz idi. O İngiltərənin krallarının yox, kraliçalarının adlarını əzbərdən sadalaya bilərdi. Utancaq olduğuna görə rəqs etməyi xoşlamırdı, Bettdən fərqli olaraq heç vaxt nərdivana çıxmağı öyrənə bilmədi.

Evin bir tərəfində sidr ağacları sıralanmışdı, o biri tərəfində isə dəmiryolu vardı. Relslərin üstündən az hallarda qatar keçərdi, ayda uzaqbaşı iki qatar... Cığırların ətrafını alaq basmışdı. Bir dəfə "eşqi başına vuranda" Nita Rici bezdirdi ki, alaqların üstündə sevişsinlər. Dəmiryol relslərinin üstündə yox, alaq otlarının üstündə... Onlar otların üstünə uzanan kimi otlar da sanki onlardan razıymış kimi başlarını əydilər.

Hər gün səhər durub öz yerində oturanda hər şeydən əvvəl Ricin yoxluğu barədə diqqətlə düşünürdü . Riç balaca vanna otağında yox idi, amma onun üzqırxanı hələ də oradaydı. Nita yataq otağını yenicə səliqəyə salıb ordan çıxmışdı, Riç orada da yox idi. Böyük duş otağında otağında, Riçin həmişə vanna qəbul etdiyi yerdə də o yox idi. Keçən il vaxtını keçirdiyi mətbəxdə də gözə dəymirdi. Köhnə rəngi yarıyacan qaşınmış sürahinin yanında da Riç görünmürdü. Əvvəllər Riç orada olarkən pəncərədən boylanıb baxar, Nitanı zarafatla qorxudardı.

Ric öz kabinetində də yox idi. O biri yerlərlə müqayisədə Riçin yoxluğu kabinetdə daha çox hiss olunurdu, bu otaq Riçin yoxluğunu təsdiq edirdi. İlk günlərdə Nita kabinetin qapısını açar, bir yığın qəzetlərə ,"ölmüş" komputerə, aşıb-daşan qovluqlara, açıq, üzüstə olan kitablara, ya da rəfdəki kitablara baxardı. İndi o yalnız bu kitablara baxmaqla kifayətlənirdi.

Günlərin birində Nita bu otağa daxil olacaqdı. O bunu "işğal etmək" kimi başa düşürdü. Belə olsa o ölmüş ərinin beynini işğal etmiş olacaqdı. Nita hələ ki, bu barədə düşünmürdü. Riç ona həmişə öz görkəmi ilə güclü, sağlam adam təsiri bağışlamışdı. Nita Riçin ondan çox yaşayacağını düşünürdü. Keçən il, Nitaya xərçəng diaqnozu qoyulanda məlum oldu ki, bu fikir heç də boş deyilmiş.

Nita ilk öncə zirzəmi ilə "məşğul" olmağa qərar verdi. Zirzəmi daha çox anbara bənzəyirdi. Çirkli döşəmənin üstündə gediş-gəliş üçün taxta qoyulmuşdu. Balaca pəncərələrin yan-yörəsi tozlu hörümçək torları ilə örtülmüşdü. Orda-zirzəmidə Nitaya lazım olası bir şey yox idi. Riçin yarımçıq rəng qutuları, müxtəlif uzunluqda olan taxtalar, işlək halda alətlər vardı, bəzi alətlər isə tullanmalı idi. Riç öləndən bəri Nita yalnız bircə dəfə zirzəminin qapısını açıb pilləkənlə aşağı düşmüşdü, yoxlayırdı ki, orda işıqlar yanılıdır, ya yox... Həm də o elektrik qoruyucusuna baxıb arxayın olmaq istəyirdi. Qoruyucunun yanında nişan vardı, hansı qoruyucunun hansına aid olduğunu göstərirdi.Riç bunu Nitanın başa düşməsi üçün qoymuşdu. Zirzəmiyə düşüb qoruyucuya baxandan sonra Nita qapını yenə də mətbəx tərəfdən qıfılladı. O əvvələr də belə edərdi, bunu görən Riç ona gülərdi, deyərdi ki, bu balaca, cırtdan boyda pəncərələrdən kim içəri girib onları qorxuda bilər.

Hər halda Riçin kabinetinə nisbətən zirzəmidən başlamaq daha asan olardı.

O çarpayısını səliqəyə saldı, eləcə də mətbəxdəki tör-töküntünü yığışdırdı, əlbəttə, hər yeri başdan-başa səliqəyə salmaq indi onun işi deyildi, gücü yalnız indi heç nəyə yaramayan soyuducu maqnitini, qəzet sancaqlarını tullamağa çatardı. 15 il əvvəl Riçin səyahətə getdiyi yerdən gətirdiyi İrland sikkələrini sözsüz ki, atmazdı. Sanki otaqda hər şey tamamilə dəyişmişdi.

Carol və Virgie hər gün, adətən şam vaxtı zəng edirdilər, düşünürdülər ki, bu vaxtlarda təkliyə dözmək ağırdır. Nita onlara cavab verib deyirdi ki, hər şey qaydasındadır, tezliklə o özünün "yuvasından" çıxacaq, amma hələlik ona fikirləşmək və kitab oxumaq üçün vaxt lazımdır.

Onun sözlərində həqiqət vardı, təkcə kitab oxumaqdan başqa. O öz kreslosunda oturar, kitabları yanına tökər, amma heç birini açmazdı. Nita həmişə bədii kitab oxumuşdu. Əvvəllər o kresloda oturub kitab oxuyanda Riç deyirdi ki, ona elə belə arvad lazımdır, kitab oxuyub onu öz işiylə təkbətək buraxsın. İndi onun sözlərini xatırlayıb heç yarım səhifə də oxuya bilmirdi.

Həm də Nita adi oxucu deyildi, kitabları bir dəfə oxumaqla kifayətlənməzdi.

"Karamazov qardaşları, "İpək dəyirmanı", "Göyərçinin qanadları", "Sehirli dağ" kimi kitabları dəfələrlə oxumuşdu. O bir kitabı götürər, bir neçə səhifə oxumağı planlaşdırsa da,ümumilikdə kitabda nədən bəhs edildiyini öyrənməyincə kitabı əlindən yerə qoymazdı. O həmçinin müasir ədəbiyyatı da oxuyurdu.

İndi isə, nə qədər qəribə olsa da, hər şey geridə qalmışdı. Buna səbəb təkcə Riçin ölümü deyildi, həm də onun öz xəstəliyi idi. Düşünürdü ki, bütün bunlar müvəqqətidir, o bu bezdirici müalicədən və dərmanlardan canını qurtaran kimi mütaliənin sehri onu özünə cəlb edəcək.

Hələ o dərman qəbul edirdi- kitab oxumurdu.

Bəzən o xəyali həmsöhbətinə bunun səbəbini belə izah edirdi:

- Mən çox məşğulam.

- Hamı belə deyir. Nə işlə məşğulsan? Nə edirsən?

- Diqqət verməklə məşğulam.

- Nəyə?

- Mən fikirləşməyi nəzərdə tuturam.

- Nə barədə fikirlşirsən?

- Soruşma.

Bir səhər kreslosunda oturanda hiss etdi ki, hava çox istidir. Düşündü ki, durub ventilyatoru işə salsın ya da otağın havasını dəyişmək üçün qapını açıq qoysun, meh varsa, içəri girsin.

Nita əvvəlcə qabaq qapını açdı. Bundan əvvəl o qapını azca aralı qoymuşdu ki, otağa günəş şüaları düşsün.

Qapının ağzında, qarmaqla vurulmuş pərdənin arxasında cavan bir kişi dayanmışdı.

- Sizi qorxutmaq istəmirdim. Mən zəngi axtarırdım. Çərçivəni yavaşca taqqıldatdım, yəqin siz eşitmədiniz.

- Üzr istəyirəm, eşitməmişəm, - Nita cavab verdi.

- Gəlmişəm sizin elektrik qoruyucusuna baxam. Deyə bilərsinizmi ki, qoruyucu hardadır?

Nita kənara çəkilidi ki, kişi otağa girsin. Bu vaxt Nita qoruyucunun harda olmasını xatırlamağa çalışdı.

- Bəli, deyərəm. Qoruyucu zirzəmidədir. Mən işığı yandıraram, siz onu görəcəksiniz, - Nita dedi.

Kişi qapını örtdü, aşağı əyildi ki, ayaqqabılarını çıxarsın.

- Eyb etməz. Yağış yağmır, çıxarmasanız da olar, - Nita dedi.

- Mən buna adət etmişəm. Yağış yağmasa da döşəmədə ayaqqabımın tozlu ləpiri qalar.

Nita mətbəxə getdi, kişi zirzəmidən çıxana qədər oturmağa səbri çatmadı.

Sonra aşağı düşüb zirzəminin qapısını açdı, kişi pilləkənlə yuxarı çıxdı.

- Siz qoruyucunu tapdınız? Hər şey qaydasındadır? - Nita soruşdu.

- Əladır. - Kişi cavab verdi.

Nita kişidən qabağa düşüb qapıya tərəf gedirdi, birdən hiss etdi ki, arxadan addım səsi gəlmir. Geri dönəndə gördü ki, kişi mətbəxdə oturub.

- Qarnımı doldurmaq üçün mətbəxinizdə nəsə olmaz? - kişi soruşdu.

Bu dəfə kişinin səsində bir az dəyişiklik vardı. Səsi kəskin idi. Sanki komik aktyor vəhşi kimi zingildəyirdi. Mətbəxə düşən gün işığında Nita gördü ki, kişi heç də o düşündüyü kimi cavan deyilmiş. O ilk dəfə qapını açanda onun arıq bədənini, səhərin parlaq işığında azca qara görünən sifətini görmüşdü. İndi gördüyü də arıq idi, amma cavan deyildi, beli azca əyilmişdi. Sifəti uzunsov idi. Açıq-mavi gözləri, məzəli, davamlı baxışları vardı.

- Baxın, mən diabetikəm. Heç bilmirəm siz diabetiklər haqda bir şey bilirsinizmi. Deyim ki, diabetiklər acan kimi nəsə yeməlidir, yoxsa bütün sistem pozulur. Bura gəlməzdən əvvəl yeməliydim, tələsdiyimdən yemədim. Oturmağa icazə verirsiniz?

Halbuki o artıq mətbəx stulunda oturmuşdu.

- Kofe var? - o soruşdu.

- Çay var. Əgər istəsəniz otlardan dəmlənmiş çay verə bilərəm. - Nita dedi.

- Nə varsa verin, istəyirəm.

Nita çaydana su töküb qaynamağa qoydu, sonra soyuducunu açdı.

- Yeməyə elə də çox şey yoxdur Yumurta var. Mən çox vaxt yumurtanı qayğanaq edib üstünə ketçup əlavə edirəm. İstəyirsiniz? Bir neçə ingilis bulkası da var, onları da qızarda bilərəm. - Nita dedi.

- İngilis, İrlandiya, nə olsa mənimçün fərqi yoxdur.

Nita iki yumurtanı sındırıb tavaya tökdü, çəngəllə qarışdırdı. Sonra isə bir bulka götürüb dilimlədi, tosterə qoydu. Servantdan boşqab götürüb kişinin qabağına qoydu. Sonra isə siyirmədən bıçaq və çəngəl götürdü.

- Qəşəng boşqabdır, - kişi dedi.

Bunu deyib o boşqabı əlinə götürdü, sanki boşqab bir güzgü idi, o özünə baxmaq istəyirdi. Nita sobanın yanına gəlib yumurtaya baxmaq istəyəndə nəsə tappıltı ilə döşəməyə düşdü.

- Bağışlayın, - kişi dedi. Bu dəfə də səsi başqa idi. Sanki cırıldayırdı.

-Görün bir nə etdim.

- Eybi yoxdur, - Nita dedi.

- Boşqab əlimdən sürüşüb düşdü, - kişi dedi.

Nita başqa boşqab gətirdi. Bu dəfə boşqabı stolun üstünə yox, qaz sobasının yanındakı "piştaxtaya" qoydu ki, iki dilim qızardılmış bulkanı və ketçupla bəzədilmiş qayğanağı onun içinə qoysun.

Kişi çini boşqabın qırıqlarını döşəmədən yığmaq üçün aşağı əyilmişdi. O bir ucu iti olan saxsı qırığını götürüb ayağa qalxdı, Nita yeməyi stolun üstünə qoyanda sınıq boşqabın ucu kişinin dirsəyinə dəydi, dirsəyi qanadı. Əvvəlcə xırda qan damcıları göründü, sonra isə qan damlaları sanki sapa düzüldü.

- Fikir verməyin. Bu bir zarafatdır. Mən bilirəm zarafat üçün nə etmək lazımdır. Əgər ciddi olsaydım onda ketçupa ehtiyac olmazdı.

Döşəmənin üstündə hələ də çini boşqabın qırıqları vardı. Kişi onları götürməmişdi. Nita geri döndü, istədi ki, gedib qapınn arxasına qoyduğu süpürgəni gətirib qırıqları süpürsün, kişi cəld ayağa durub onun qollarından tutdu.

- Əyləşin. Mən yeyib qurtarana kimi bax burda oturun, -dedi.

Qanlı qolunu yuxarı qaldırıb ona göstərdi. Sonra bulkanın arasını yarıb yumurtanı onun içinə qoydu, bir sözlə, səndviç düzəltdi. Bir-iki dişləmə səndviçi yox etdi. Adama elə gəlirdi ki, bulkanı ağzıaçıq çeynəyir.

Çaydan qaynayırdı.

- Çay paketi fincanın içindədir? - kişi soruşdu.

- Hə, amma açıq çaydır. Ot çayı, – Nita dedi.

- Tərpənməyin. İstəmirəm ki, siz çaydanın yanına gedəsiniz.

Kişi qaynar suyu fincana süzdü.

- Lap saman çayına oxşayır. Bundan başqa heç nə yoxdur? - kişi soruşdu.

- Üzr istəyirəm, olanım budur, - Nita cavab verdi.

- Tez-tez "üzr istəyirəm" sözünü təkrar etməyin. Olanınız budur. Siz fikirləşmirdiniz ki, mən sizin qoruyucuya baxmağa gələcəm, eləmi?- o soruşdu.

- Bəli, elədir... Ağlıma da gəlməzdi.

- Bilmirdiniz mənim gələcəyimi. Qorxdunuz? - kişi soruşdu.

Nita düşündü ki, bu ciddi sualdır.

- Bilmirəm, əslində qorxmadım, qəfil diksindim. Məncə qorxmadım...Məncə. Bilmirəm...

- Qorxmayın, sizi zorlamayacam, - kişi dedi.

- Bu barədə düşünmək ağlıma da gəlmir.

- Əmin ola bilərsiniz ki, bu haqda düşünmədiniz? - kişi bunu deyib bir qurtum çay içdi, sifətini turşutdu. Davam etdi:

- Siz qocasınız. Uşaqlar, itlər, pişiklər, qoca qarılar- onlar gərək qorxmasın. Qoca kişilər narahat olmasınlar. Düzdür, mən də qocayam, amma qəşəng qadın olsa və o da məni bəyənsə onu zorlayaram. Bir sözlə, rahat oturun.

Nita dedi:

- Sağ olun ki, bu barədə dediniz.

Kişi çiynini çəkdi, hiss olundu ki, özündən razı qaldı.

- Qapının ağzındakı sizin maşınınızdır? - kişi soruşdu.

- Ərimin maşınıdır, - Nita dedi.

- Ərinizin? O hardadır? - kişi soruşdu.

- Ölüb. Mən sürməyi bacarmıram . Maşını satmaq fikrim vardı, hələlik satmamışam, - Nita dedi.

Sonra ürəyində özünü danladı ki, bu barədə danışmaqla axmaqlıq etdi.

- 2004-cü ilin maşınıdır? - kişi soruşdu.

- Məncə hə.

- Əvvəlcə mənə elə gəldi ki, siz ərinizin "müqəvvası" ilə məni qorxutmaq istəyirsiniz. Yox, bunu edə bilməzsiniz. Mən qadını görən kimi hiss edirəm bunu. Evə girən kimi evdə kişi olub-olmadığını " iyləyirəm." Qadın qapını açdığı dəqiqədə hər şey mənə məlum olur- evdə kişi var ya yox. İnstinktim deyir mənə... Maşın işləyir? Bilmirsiniz axırıncı dəfə nə vaxt sürülüb? - kişi soruşdu.

- İyunun 17-də. Həmin gün o öldü.

- Görəsən bakında benzini var?

- Məncə var.

- Kaş ki o elə həmin gün benzin doldurmuş olaydı. Açarlar sizdədir?

- Üstümdə deyil. Amma onların harda olduğunu bilirəm.

- Ok, - kişi bunu deyib stulunu dala itələdi, bayaq sınan boşqabın qırığını bir daha sındırdı. Ayağa qalxdı, başını təəccüb ifadə edən bir tərzdə yırğaladı, sonra təzədən oturdu.

- Uzun yol gəlib çox yorulmuşam. Rahat oturun yerinizdə. Düşündüm ki, yeyib qurtarandan sonra desəm yaxşı olar. Bayaq "yol gəlib yorulmuşam" demək əvəzinə dedim ki, diabetikəm.

Nita ayağa durmaq istəyəndə kişi cəld yerindən tullandı:

- Harda oturmusunuzsa orda da oturun. Qaçaq deyiləm ki, sizi qamarlayam. Bütün gecəni piyada gəlmişəm, buna görə sizin evə girdim.

- Açarları gətirməyə gedirdim, - Nita dedi.

- Nə vaxt desəm onda gətirərsiniz. Mən dəmiryol relsinin qırağı ilə gəldim. Relslərin qırağı ilə nə qədər yol gəldim, amma qatar görmədim.

- Qatar hərdənbir olur.

- Aha! Lap yaxşı. Bu kəndlərin yanından keçəndə balaca arxın içiylə gəldim. Sonra səhər açıldı. Müxtəlif istiqamətlərdə yollar gördüm . Sizin evi və həyətdəki maşını görüb öz-özümə dedim, hə, bax axtardığım budur, bu qocanın maşınını götürə bilərəm. Amma mən o qədər də axmaq deyiləm ki, yalnız maşını götürüb aradan çıxmaqla kifayətlənim.

Nita hiss edirdi kişi onun niyə gecə yol gəlməsi barədə sual verməsini istəyir. Amma o fikirləşdi ki, nə qədər az bilsə onun özü üçün yaxşı olar.

Sonra isə kişi otağa girəndən bəri ilk dəfə olaraq Nita xərçəngi barədə düşündü, sevindi ki, yaxşı ki, xərçəngdir, yoxsa kişi onu zorlayardı.

- Niyə gülümsünürsünüz?

Bilmirəm, mən gülümsünürəm ki? - Nita soruşdu.

- Sözsüz ki, siz hekayəyə qulaq asmağı xoşlayırsınız. İstəyirsinizmi sizə bir hekayə danışım?

- Mən yalnız sizin burdan çıxıb getməyinizi istəyirəm.

- Gedəcəm, narahat olmayın. Əvvəlcə sizə bir hekayə danışacam.

Bunu deyib o əlini şalvarının arxa cibinə salıb dedi:

- Hə, burdadır. Şəkilə baxmaq istəyirsiniz? Budur...

Qonaq otağında çəkilmiş şəkildə üç nəfər vardı. Qonaq otağının güllü pərdələri vardı. Bir qoca kişi, yox, çox da qoca yox, təxminən 60 yaşında bir kişi, elə kişi yaşda olan bir qadın taxtın üstündə oturmuşdular. Yekəpər cavan bir qadın isə təkərli kresloda oturmuşdu. Qoca kişi kök,saçı da ağ idi. Gözlərini qıymışdı, uzun sifəti vardı, ağzı azacıq aralıydı, sanki asma xəstəsi idi. Bacardığı qədər elə gülümsəyirdi. Qadın kişidən boyca bir az balacaydı, dodağına pomada çəkmişdi, saçları qəhvəyi rənglə boyanmışdı. Əynində çox vaxt kənd yerlərində qadınların geydiyi kofta vardı, koftanın boynunda və qollarının ağzında qırmızı bant vardı. Qadın da kişi kimi gülümsəyirdi, sanki gülümsəmək üçün bütün qüvvəsini sərf etmişdi, çürümüş dişləri görsənirdi.

Şəkildə ən böyük yeri yekəpər cavan qadın tutmuşdu. Onun qara saçı qıvrım idi, alnına tokülmüşdü. Yanaqları boğazına qədər sallanırdı. Amma kök əndamına baxmayaraq özündən razı görkəmdə bic-bic gülümsəyirdi.

- Bu anamdır, o isə atam. Bu da bacımdır, Madelin... Təkərli kresloda oturan. Doğulanda qeyri-adi idi. Nə həkimlər, nə də başqa heç kim onu müalicə edə bilmədi. Hələ balaca vaxtından donuz kimi çox yeyirdi. Həmişə onunla aramızda dava olub, mənə zülm edirdi. Əlinə nə keçirdisə mənə atırdı, məni döyürdü, o üzü sürtülmüş təkərli kreslosu ilə dalıma düşüb məni qovurdu.

- Yəqin sizin üçün çox ağır olub. Eləcə də valideynlərinizə ağır olub ona qulluq etmək.

- Yox, yox. Onlar sevindiklərindən dombalaq aşırdılar ki, Allah onlara belə hədiyyə göndərib. Kilsəyə getdilər, kilsədəki xətib də onlara dedi ki, o Allahın bəxşişidir. Atamgil Madelinanı da kilsəyə apardılar, o dişi pişiyin belində olan erkək pişik kimi səs çıxarırdı, ancaq ata-anam belə deyirdilər: "Qulaq asın, o mahnı oxuyur. Aha, Allah ona istedad verib.

- Hə, deməli belə, mən həmişə evə yapışıb qalmırdım, gedib öz həyatımı yaşayırdım. Başa düşün, o zibil bacıma görə evdə qalmaq istəmirdim. İş tapıb işlədim. Həmişə işim olub. Mən eşşəyin belində oturub hökumət verən maaşa göz dikənlərdən deyiləm. Yeniyetməlik illərimdən danışıram. Heç vaxt atamdan bir qəpik də pul istəməmişəm. 40 dərəcə istidə dama dırmaşıb qatran vururdum. Ya da köhnə restoranların çirkli döşəməsini silib-süpürür, bəzi qarajlarda mexanik də işləyirdim. Amma mən həmişə onların zir-zibilini təmizləmirdim, bir yerdə çox qalmırdım. Tərbiyəli bir ailənin oğluyam axı . Atam xəstələnənə qədər avtobuslarda işləyib. Məni zir-zibil təmizləmək üçün böyütməmişdilər. Valideynlərim həmişə deyirdilər ki, ev mənə qalacaq. Evin bütün pulu ödənib, mənimdir. Hə, onlar həmişə belə deyirdilər. Deyirdilər ki, bacımın ucbatından həyatım pis keçib, mənə təhsil verə bilməyiblər, evi mənə verməklə bunun əvəzini çıxmaq istəyirdilər. Bu yaxınlarda atamla telefonla danışdım. Görün o mənə nə deyir. Deyir ki, oğul, yəqin sən müqavilənin nə olduğunu bilirsən. Nə müqavilə? Ondan soruşdum. Dedi ki, müqaviləyə qol çəkməliyəm ki, valideynlərim öləndən sonra o zəhləmgetmiş bacım ölənə qədər ona qulluq etməliyəm. Dedi ki, ev həm mənimdir, həm də bacımın. Aman allah! Bu vaxta qədər onlardan bu haqda bircə kəlmə də eşitməmişdim. Heç vaxt mənə müqavilə haqda deməmişdilər. Belə çıxır ki, valideynlərim ölən kimi ev bacımın olur.

Kişi nəfəsini dərib sözünə davam etdi:

- Telefonda atama dedim ki, müqavilə nə olduğunu bilmirəm. O isə dedi ki, hər şey hazırdır, müqavilədə nə lazımsa yazılıb, bircə o qalır ki, gedib qol çəkim. Atam dedi ki, onlar öləndən sonra Renni xala da mənə göz-qulaq olacaq. Renni anamın balaca bacısıdır, bir nömrəli qancıqdır. Gör mənə nə deyir atam, Renni xala səndən göz-qulaq olacaq. Hə, onda beynimə bir ideya gəldi. Atama belə dedim: Ata, ən ədalətli yolu göstərirsiniz mənə. Amma belə məsələni telefonla həll etmək olmaz. Bazar günü yaxşı yemək bişirin, evə gələrəm, müqaviləyə də qol çəkərəm. Atam sözümü eşidib sevindi, dedi ki, mən tez özümdən çıxanam, hər şeyi öz gözümlə görsəm sakitləşərəm. Bazar günü gəldim evimizə. Anam toyuq qızartmışdı. Evdən elə gözəl yemək iyi gəlirdi ki... Sonra isə mən Madelinanın iyini hiss etdim. Anam onu nə qədər yuyundursa da, həmişə ondan pis iy gəlir. Mən çox gözəl hərəkət etdim. Onlara dedim ki, müqavilə imzalamaq özü bir mərasimdir, bu mərasimi həmişəlik yaddaşa köçürmək lazımdır. Dedim ki, son model fotoaparatım var, şəkli çəkəndən az sonra şəkli görmək olur.

"Çıq" - bir an sonra şəkil hazırdır. Onların hamısını şəkildə gördüyünüz kimi bir yerə yığdım. Anam tələsirdi, elə hey deyirdi ki, tez çəkim şəkli, o mətbəxə getmək istəyir. Hə, ana, tələsmə, dedim, bircə dəqiqəyə çəkirəm. Şəkillərini çəkdim.

- Qoy baxaq görək şəkildə necə düşmüşük, - anam dedi. Ona dedim ki, tələsməsin, bir dəqiqəyə hər şey hazır olacaq. Onlar həsrətlə şəkillərinə baxmaq istəyəndə cibimdən tapançanı çıxarıb əvvəlcə ata-anamı, sonra da onların o gözəl əsəri Madelinanıo dünyaya göndərdim. Onları gəbərdəndən sonra da şəkillərini çəkdim. Sonra mətbəxə girib qızardılmış toyuqdan doyunca yedim. Bir daha onlara baxmadım. Kaş Rennie xala da orda olaydı. Anam demişdi ki, onun kilsədə nəsə işi var, ora gedib. O orda olsaydı onu da asanlıqla gəbərdərdim.

- Bura bax, bu şəkillərə, - kişi dedi.

Qoca kişinin başı yana əyilmişdi, qadının başı isə geriyə. Onların sifətindəki ifadə uçub getmişdi. Yekəpər qadın üzüstə düşmüşdü, üzü görünmürdü. Yalnız qara saçı, iri dizləri görünürdü.

- Düz bir həftə o evdə qalıb rahatca istirahət edə bilərdim. Özümü çox rahat hiss edirdim. Ancaq mən qaranlıq düşəndən sonra evdə qalmadım. Üst-başımı qaydaya salıb toyuğu axıra qədər yeyib qurtardığıma əmin olandan sonra fikirləşdim ki, ən yaxşısı evdən çıxıb getməkdir. Özümü hazırlamışdım ki, Renni xalamgilə gedib onu da bacısının yanına göndərim, ancaq bu fikrimdən daşındım, buna görə bir az hazırlıq görməliydim. Ona görə də onu öldürməkdən vaz keçdim. Bir səbəb də qarnımın dolu olmağı idi, anam böyük toyuq bişirmişdi, hamısını yedim, özümə yük edib götürməkdənsə qarnıma doldurmağa qərar verdim. Bu da səbəbsiz deyildi, qorxdum ki, toyuğun yarısını yeməyib götürsəm itlər iy bilib mənə cumarlar. Hə, düşündüm ki, qarnımdakı o böyük toyuq bir həftə mənə bəs edəcək. Amma bir baxın, sizin evə girəndə acından ölürdüm.

Bunu deyib kişi mətbəxə göz gəzdirdi:

- Deyəsən içməyə başqa şey yoxunuzdur. İçdiyim ot çayı çox acı idi.

- Şərab da olmalıdır. Mən daha içmirəm, - Nita dedi.

- Deməli, əvvələr içmisiniz. İndi niyə içmirsiniz ?

- Mənə ziyandır.

Nita ayağa durdu, hiss etdi ki, ayaqları əsir.

- Evə girməzdən əvvəl telefon xəttini kəsmişdim. Deyirəm ki, biləsiniz, - kişi dedi.

Görəsən o içəndən sonra üzüyola olacaq,yoxsa daha da vəhşiləşəcək? Nita bunu bilmirdi. Mətbəxdən çıxmadan çaxırı tapdı. Adətən Nita ilə Riç qırmızı şərab içirdilər, eşitmişdilər ki, bu ürəyə xeyirdir. Ya da kim bilir nəyəsə ziyandır? Qorxu və təlaş içində olan Nita indi yadına sala bilmədi ki, çaxır nəyə ziyandır.

O çox qorxmuşdu. Əlbəttə, bu dəqiqələrdə onun xərçənginin heç bir faydası yox idi. Fakt budur ki, xərçəng ondan əl çəkməsə bir il müddətində öləcəkdi, amma bu anlarda xərçəng olmasa da ölümün yaxınlığında idi.

Kişi dedi:

- Hə, deyəsən bu yaxşı maldır. Sizdə burğu var?

Nita siyirməyə tərəf əyildi, ancaq kişi cəld yerindən tullanıb onu yüngülcə kənara itələdi.

- Hmm... Hmm... Özüm götürərəm. Siz siyirmədən uzaq durun. Aman Allah, siyirmənin içində gör nələr var?

Kişi siyirmədən bıçaqları götürüb oturduğu stulun üstünə qoydu, Nita onları heç cür qamarlayıb götürə bilməzdi. O çaxır butulkasının da probkasını açdı. Nita görə bilmədi ki, onun əlindəki hansı " günahkar" alətdir. Bildiyi o idi ki, o heç cür həmin aləti işlədə bilməzdi.

- Mən durub stəkan gətirim, - Nina dedi.

- Şüşə stəkan olmasın. Plastik stəkan varınızdır?

- Yox.

- Elə isə fincan gətirin. Sizi görürəm.

Nita fincanları gətirib stolun üstünə qoyub dedi:

- Mənə çox az süzün.

Kişi isə işgüzar görkəm alıb dedi:

- Mən isə maşın sürəcəm. İstəmirəm ki, hansısa polis maşının pəncərəsindən başını içəri soxub mənim hansı vəziyyətdə olduğumu görsün.

Bununla belə o öz fincanını ağzınacan doldurdu.

- Sərbəst radikallar, - Nita dedi.

- Bu nə deməkdir? -kişi soruşdu.

- Bu sözü qırmızı şərab haqqında deyirlər. Qırmızı şərab pis olanları məhv, yaxşı olanlarısa bərpa edir.

Nita azacıq çaxır içdi, gözlədiyi kimi ona pis təsir etmədi. Kişi isə elə ayaqüstə içirdi. Nita ona xəbərdarlıq etmək istədi:

- Oturarkən stulun üstündəki bıçaqlardan özünüzü gözləyin.

- Məni uşaq yerinə qoymayın.

Kişi bıçaqları götürüb siyirməyə qoydu, sonra əyləşdi.

- Yoxsa elə bilirsiniz qorxağam?

Nitann əlinə imkan düşdü, dedi:

- Yəqin bundan əvvəl siz heç kimi öldürməmisiniz.

- Əlbəttə, öldürməmişəm. Deyirsiniz mən qatiləm? Bəli, onları öldürdüm, ancaq mən qatil deyiləm.

"

- Qatil və adam öldürmək- bunlar fərqli şeydir, - Nita dedi.

- Düzdür.

- Mən bilirəm kimdənsə canını qurtarmaq nə deməkdir. Bilirəm bu anda nə etmək lazımdır.

- Eləmi?

- Mən də bir vaxtlar sizin kimi hərəkət etmişəm.

- Ola bilməz, - bunu deyib kişi stulunu kənara itələdi, ancaq ayağa durmadı.

- Əgər istəmirsinizsə inanmayın. Ancaq mən də sizin kimi etmişəm.

- Cəhənnəmə ki, etmisiniz, hə, necə etdiniz?

- Zəhərlədim.

- Nə danışırsınız? Yoxsa onlara da bu zəqqutun kimi çaydan verdiniz? - kişi həyəcanla qışqırdı.

- Onlara yox. O qıza. Arxayın olun, çaydan narahat olmayın. Bu çay sizin həyatınızı uzadar.

- Bu cür köhnəlmiş saman rəngli çay içib ömrümü uzatmaq istəmirəm. Onu bilirsinizmi ki, öləndən sonra bədəndə zəhəri aşkar etmək olur?

- Məncə zəhərli birkilərlə zəhərlənmə halında bunu demək düzgün deyil. Həm də heç kəsin ağlına gəlməzdi ki, bunu etsin. O qız uşaq olanda onda revmatizm xəstəliyi olub, bu da onun həyatına təsir etmişdi. Heç vaxt idmanla məşğul ola bilmirdi. Həmişə oturub istirahət edirdi. Onun ölümü elə də böyük təəccüb doğurmazdı.

- O qız sizə nə etmişdi ki?

- Ərim o qıza vurulmuşdu. Hətta ərim məni tərk edib onunla evlənmək niyyətində idi. Bunu mənə də demişdi. Ərimçün çox şey etmişdim. Biz bu evi onunla birlikdə tikmişdik. O mənim bu dünyada malik olduğum yeganə dayağım idi. Uşağımız yox idi, çünki ərim istəmirdi. Ona kömək etmək üçün dülgərliyi də öyrənmişdim, nərdivana çıxmaqdan qorxurdum. Amma ərimə kömək etmək üçün bunu da öyrəndim. O mənim bütün həyatım idi, o isə məni təpikləyib evdən çıxarmaq, qeydiyyat otağında işləyən o it kimi zingildəyən qızı bu evə gətirmək istəyirdi. Ərimlə bir yerdə tikdiyim bu evdə nə vardısa ona qalacaqdı. Necə düşünürsünüz, bu ədalətlidir?

- Deyin görüm, zəhəri necə almaq olar?

- Zəhəri heç bir yerdən alası olmadım - evin arxasındakı bağda neçə illərdir ki, ravənd bitir. Onun yarpaqlarının zoğlarnda zəhər var. Yox, gövdəsi yaxşıdır, zəhərli deyil, biz onu yeyirik. Zəhər ravəndin iri yarpaqlarının zoğlarında olur. Bunu bilirdim, amma bilmirdim ki, hansı miqdarda işlətsəm effekti olar. Demək olar ki, mənim etdiyim eksperiment xarakterli idi. Həm də bəxtim bir çox şeylərdə gətirdi. Birincisi, ərim Minneapolisə simpoziuma getmişdi. Əlbəttə, ərim o qızı da özüylə apara bilərdi. Amma yay tətili idi, o qeydiyyat otağında işi aparmalı idi. İkincisi, onun otağında ondan başqa heç bir işçi yox idi. Əgər onun otağında başqa adam olsaydı məndən şübhələnə bilərdilər. Özümü elə apardım ki, guya onun otaqda tək olmasından xəbərim yoxdur. Onunla əlaqələrimiz vardı, o bizə gəlib nahar edərdi. Ərim onu bizə gətirirdi, bilmək istəyirdi ki, onu bizə gətirəndən sonra mən o qıza nəsə deyəcəm ya yox. Niyə ondan canımı qurtarmaq istəyirdim? Ərim mənimlə bir yerdə qalmağı düşünmürdü.Ya da hansı yolla olursa- olsun o qızı da əlində saxlamağa çalışırdı. Lap ərim məndən ayrılmasa da o qız bizim həyatımızı zəhərləmişdi. O mənim həyatımı zəhərlədi , mən də onunkunu.

Mən iki piroq bişirdim-birinə zəhər qatmışdım o birinə isə yox. Maşını düz universitetə sürdüm, iki fincan kofe alıb onun otağına getdim. Otaqda ondan başqa heç kim yox idi. Ona dedim ki, başqa işlə əlaqəli şəhərə gəlmişəm, ərimin həmişə təriflədiyi şirniyyat mağazasının yanından keçəndə iki fincan kofe və piroq almaq istədim. Dedim ki, onun iş yoldaşları tətildə olduğu üçün o təkdir, mən də ərim simpoziuma getdiyi üçün təkəm. Çox sevindi və mənə təşəkkür etdi, dedi ki, ofisdə tək oturmaq onu bezdirib, kafeteriya da bağlı olduğuna görə kofe üçün o biri korpusa, laboratoriyanın yanındakı yerə gedir- orda da kim bilir kofenin içinə xlorid turşusu da qata bilərlər. Belə deyib o güldü, beləcə, biz kiçik məclis düzəltdik.

- Mənim ravənddən zəhləm gedir. Sizin bu plan məndə alınmazdı, - kişi dedi.

- Amma onda alındı. Düşündüyüm kimi oldu, ona tez təsir etdi, o nəsə dərk edənə qədər bağırsaqları nasos kimi "işləməyə" başladı. O heç mənimlə danışmağa da imkan tapa bilmədi. Onu otaqda qoyub çıxdım. Binada çox az adam vardı, əminəm ki, heç kim mənim binaya girib-çıxdığımı görmədi. Əlbəttə, oradan geri qayıtmaq üçün gizli yollar da bilirdim.

- Düşünürsünüz ki, siz ağıllısınız? Siz cəzadan canınızı qurtarmısınız.

- Siz də mənim kimisiniz.

- Mən sizin kimi xəlvəti etməmişdim.

- Ancaq xəlvəti etmək sizə də vacib idi.

- Mərc gəlin ki, düz deyirsiniz.

- Nə etdimsə mənə vacib idi. Ailəmi qoruyub saxladım. Ərim də başa düşdü ki, o xəstə qızdan ona arvad olmazdı. Sevindi ki, nə yaxşı onunla evlənməyib, yoxsa ona bir yük olarmış. O adicə makinaçı idi. Hə, ərim bunu dərk etdi.

- Bəlkə siz yumurtaya nəsə qatmısınız? Onu bilin ki, nəsə etmiş olsanız peşman olacaqsınız.

- Arxayın olun, heç nə qatmamışam yumurtaya. Bu elə bir şey deyil ki, mən onu müntəzəm edim. O vaxt da zəhər barədə az şey bilirdim. Ravənd barədə az-çox nəsə bilməyim də bir təsadüf idi.

O qəflətən ayağa durdu, elə durdu ki, hətta stul da aşdı. Nita gördü ki, çaxır butulkası tamam boşdur.

- Maşının açarını mənə verin.

Nita bir an nə deyəcəyini bilmədi.

- Maşının açarını soruşuram. Onlar haradadır? - kişi soruşdu.

Hə, açarı ona verən kimi o Nitanı da öldürəcək. Görəsən ona desə ki, onsuz da xərçəngdən öləcək, bu ona kömək olarmı? Gör o nə axmaqdır! Əlbəttə, bunu deməyin heç bir faydası olmaz. Gələcəkdə baş verəsi bir ölüm onu bugünkü ölümdən xilas edə bilməz.

- Sizə dediklərimi heç kim bilmir. Siz birinci adamsınız ki, sirrimi açdım.

Kim bilir, bəlkə də onun dediklərini kişi bir qulağından alıb o biri qulağından buraxmışdı.

- Hələ heç kim bilmir, - kişi dedi.

Allaha şükür, o nəyisə düşünə bilir, çaxır onun ağlını əlindən tam almayıb hələ. O nəyisə dərk edir görəsən?

Kim bilir, bəlkə də...

- Açarlar mavi çaynikin içindədir.

- Bax orda, qaz peçinin yanındakı stolun üstündə. Bu çaynikin qapağı sınmışdı, biz onun içinə bəzi şeyləri atırdıq.

- Ağzını yum! Yoxsa mən yumacam ağzını! - kişi bunu deyib əlini mavi rəngli çaynikin içinə saldı, əli çaynikə girməyəndə biədəb söyüş söydü. Sonra isə mavi çayniki başıaşağı çevirib stolun üstünə boşaltdı. Nəinki maşının və evin açarları , eləcə də müxtəlif sikkələr, bir dəstə köhnə Kanada pulu döşəməyə dağıldı, çaynikin sınıqları isə evin içinə səpələndi.

- Bax, odur, qırmızı iplə bağlanmış açarlar, - Nita zəif səslə dedi.

Kişi yerə tökülənləri təpiklə o yan bu yana çevirdi, nəhayət açarları tapdı.

- Yəqin soruşanlara nə deyəcəyinizi bilirsiniz, eləmi? Deyərsiniz maşını tanımadığınız bir adama satmısınız. Düzdür?

Bu fikir heç Nitanın ağlına gəlməmişdi. Sanki ev titrədi gözü önündə. Ağzını açdı ki, kişiyə "təşəkkür edirəm" desin, amma ağzı elə quruydu ağzından səs çıxmadığına əmin oldu.

Amma yox, deyəsən onun ağzından sözlər çıxmışdı. Çünki kişi dedi:

- Hələ təşəkkür etməyin. Mənim görkəmim yaddaqalandır. Maşını satdığınız adamın kimliyini soruşanda mənə oxşadığını deməyin. Elə söz deməyin ki, polislər qəbirstanlığa gedib öldürdüklərimin cəsədlərini çıxarıb baxsınlar. Ağzınızdan bir kəlmə qaçırsanız mən də sizin dediklərinizi polisə deyəcəm. Oldumu?

Nita hələ də başını aşağı salıb susurdu. Nə tərpənirdi, nə də danışırdı. Eləcə döşəməyə dağılımış xırda-xuruş şeylərə gözünü zilləmişdi.

Hə, deyəsən evin qapısından çıxdı. Qapı bağlandı. Nita isə hələ də hərəkətsiz dayanmışdı. O gedib qapını bağlamaq istədi, ancaq addım ata bilmədi. Matorun işə salındığını eşitdi, sonra səs itdi. Nə oldu? O çox əsəbi idi, yəqin hər şeyi səhv edib. Sonra yenə maşının matorunun səsi eşidildi, təkrar-təkrar bu səs gəldi. Sonra deyəsən maşın aşdı. Təkərlər çınqıllı yerə düşmüşdü.

Nita əsə-əsə telefona tərəf getdi, məlum oldu ki, kişi ona düz deyirmiş- səs yox idi, xətt kəsilibmiş.

Telefonun yanında kitab rəfi vardı. Bir qayda olaraq bu rəfə köhnə kitabları qoyardılar. Kitabların çoxu illərlə açılmamışdı. Bu kitabların arasında "Məğrur Qüllə"kitabı, Albert Speerin kitabları, Riçin kitabları vardı.

Riçin birinci arvadı Bett Underhillin tərtib etdiyi " Tanış meyvələr və tərəvəzlər", "Sağlam və zərif yeməklər" kitabı da bu rəfdəydi.

O vaxt Riç mətbəxi tamam tikib qurtaranda Nita bir səhv elədi, o Bett kimi yemək bişirməyə cəhd etmişdi. Amma bu çox çəkmədi. Məlum oldu ki, Riç o vaxtkı haqq-hesabları yada salmaq istəmir, həm də Nitanın o qədər səbri yoxdu ki, hansısa yeməyə saatlarla vaxt sərf etsin. Amma Nita onun təəccübünə səbəb olan bəzi şeylər öyrənmişdi. O tanıdığı bəzi bitkilərin zəhərli tərəflərini öyrənmişdi.

Gərək Nita Bettə belə bir məktub yazsın:

- Əziz Bett! Rich ölüb, mən də özümü sənin yerinə qoyaraq həyatımı bir təhlükədən xilas etdim.

- Axı Bettin nə vecinə ki, Nita təhlükədən qurtulub? Ric sağ olsaydı Nita bu barədə yalnız ona danışa bilərdi.

Riç... Riç... İndi o Riçin yoxluğunun nə demək olduğunu dərk edirdi. Sanki yer üzündəki havanı göylər əmib qurtarmışdı.

Nita özünə söz verdi ki, kəndə qədər piyada gedəcək.

Tovnşip Hall-ın arxasında polis idarəsi vardı.

Həm də o özünə mobil telefon almalıdır.

Amma Nita elə sarsılmışdı ki... Elə yorğun idi ki, addım ata bilmədi. İlk növbədə ona istirahət lazım idi.

O qapının taqqıltısına oyandı. Gələn əyalət polis idarəsindən idi. Polis Nitadan həyətlərindəki maşının harada olmasını soruşdu. Nita həyətdəki çınqıllı yerə tərəf baxdı.

- Maşın orda idi. Indi yerində yoxdur.

- Siz maşının oğurlandığını bilmirdiniz? Maşını axırıncı dəfə nə vaxt görmüsünüz?

- Keçən gecə...

- Açarlar maşının üstündə idi?

- Məncə maşının qapısının üstündəydi.

- Sizə deməliyəm ki, bədbəxt hadisə baş verib. Maşın qəzası. Sürücü maşını yanacaq maşınına çırpıb, maşın xurd-xəşil olub. Bu heç da hamısı deyil. Məlum olub ki, sürücü 3 nəfəri qətlə yetirən qatildir. Bəxtiniz gətirib ki, siz onun qabağına çıxmamısınız.

- Sürücü çox əzilib?

- Elə həmin dəqiqə ölüb. Onu bu gün ədəb-ərkanla basdıracaqlar.

Sonra polis mərhəmətli bir insan kimi Nitaya uzun bir "mühazirə" oxudu-

- Açarları maşının qapısı üstündə qoymaq olmaz, - tək yaşayan qadın ehtiyatlı olmalıdır, - bu zamandan heç xəbəriniz yoxdur?...

Heç vaxt xəbərləri olmadı...

12 noyabr, 2013

İngiliscədən çevirdi: Sevil Gültən

Tarix
2013.12.28 / 23:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla