Yuxarı

NK-nın hörmətsizliyi, adamı borclu çıxaran məmurlar...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət qurumları nə vaxta qədər qış qapını kəsdirəndən sonra “qışa hazırlaşmağa” başlamalıdırlar? Əhali nə zamana qədər məmurların bu məsuliyyətsizliyinin ağrı-acısını yaşamalıdır?

Yay aylarında dəfələrlə Nazirlər Kabinetinin iclası, toplantısı keçirilir, “qışa hazırlıq” kampaniyası başlayır – guya! Qış gələn kimi bəlli olur ki, məsələn, Bakı hələ də yay rejimində mürgüləyir, qışa hazırlıqdan söhbət gedə bilməz.

“Azəristilik” sentyabrdan bir neçə dəfə elan etdi ki, qışa tam hazırdır – qazanxanalar yoxlanılıb, xətlərə su buraxılıb, hər şey qaydasındadır və bu dəqiqə NK qərar versə, xidmət göstərə bilərlər.

Azərbaycanda 1 noyabrdan dağ, 15 noyabrdan aran rayonlarında istiliyin verilməsinə başlanılır. Hələ bu özü ayrı müzakirənin mövzusudur ki, soyuqlar daha erkən düşürsə, istiliyin verilməsini 15 noyabra saxlamaq qətiyyən “ənənə”, “qanun” olmamalıdır. Bu, Konstitusiya maddəsidirmi ki, referendum keçirilib dəyişdirilə? Adi məntiqdir: soyuqlar düşübsə, demək, evləri qızdırmaq üçün insanlar mütləq elektrik qızdırıcılarından, kondisionerlərdən, nə bilim, İran sobalarından istifadə edəcək – etməlidir yəni, donub-öləsi deyil ki! Normal hökumət düşünməlidir ki, elektrikin bu qədər yüklənməsi vaxtaşırı açılmalar, qəzalar, yanğın deməkdir, üstəlik, vətəndaşın artıq xərcə düşməsinə səbəb olur. Nazirlər Kabineti bir qərarla bu problemi aradan qaldırmaq əvəzinə 15 noyabrı gözləyirsə, bu artıq əhaliyə hörmətsizlikdir!

Bu hörmətsizlik və yaxud məsuliyyətsizliyin davamı isə 15 noyabrda daha qabarıq formada üzə çıxır. 15 noyabrda – yəni 14 noyabr gecəsi yuxarıda təəssüflə gecikdirilməsindən danışdığımız istilik verilməlidir. Ancaq nəyi müşahidə edirik? 15 noyabrda “Azəristilik” istilik yox, açıqlama verir ki, qazanxanaları işə salmışıq, qızır, gözləyin!

Müraciət edəndə, istiliyin niyə gəlmədiyini deyəndə isə adamı borclu çıxarırlar ki, bu yekəlikdə Bakıya istiliyi birdən-birə vermək olmaz, tədricən, yavaş-yavaş, hissə-hissə, qazanlarımız qızdıqca istiliyi verəcəyik!

Hörmətli məmura başa salmaq olmur ki, NK-nın bu qaragəlmiş qərarında 15 noyabrdan Bakıya istiliyin hissə-hissə verilməsi barədə heç bir göstəriş yoxdur. Qərar – istiliyin verilməsidir, daha bunu hansı şəkildə edəcəksiniz, qazanlarınızı haçan qızdıracaqsınız və “hissələri” necə ayarlayacaqsınız, vətəndaşa heç bir aidiyyəti yoxdur: siz 15 noyabr tarixində bütün Bakını istiliklə təmin etməlisiniz!

Bu cavabın özü məmur məsuliyyətsizliyidir: adamlar ya vəzifələrinin məsuliyyətini, ya NK-nın qərarını dərk etmirlər, ya da başqa məqsədləri var – tutaq ki, “qazanı” gec işə salmaqla qaza daha az ödəniş etmək, əhalidən isə abunəni tam almaq!

İşin daha acınacaqlı tərəfi də var: qazanxanalar qızıb evlərə istiliyin gəlməsi ilə zibillər də üzə çıxır: hər gün bir qəza, hər gün bir yerdə boru partlaması, hər gün “magistral xətt” bir hissəsində “gözlənilməz” dağılma!

Bakının Xətai rayonu da daxil olmaqla, bir çox ərazisinə 17 noyabrda “xətləri doldurmaq üçün” soyuq su buraxılıb, 18 noyabrda isə normal istilik gəlib. Budur, 20 noyabrdan Xətaidə istilik yoxdur. Artıq 3 gündür.

Ötən gün “Azəristiliktəchizat”ın şöbə rəisi Rafiq Əliyev mediaya açıqlama verdi ki, “magistral xətt”də qəza baş verib, aradan qaldırılır, günortadan sonra istiliyin verilməsi bərpa ediləcək. Gecə saatlarında isə artıq işlərin tamamlandığını elan etdi.

Axı, elə deyil – xətt bəlkə də bərpa olunub, istilik isə verilməyib, yoxdur. Mövsüm 9 gündür başlayıb, bunun yalnız 3 günü istilik verilib, 6 gündür qəzalar səbəbindən gah o başda, gah bu başda istiliyin verilməsi dayanır.

Bəs, hazır olduğunuzu deyirdiniz! Hər gün bir və ya bir neçə yerdə borunuz niyə partlayır? İlin 7 ayında nə iş görürsünüz? Niyə borularınıza nəzarət etmirdiniz?

Hələ qaza baxın: iki gündür Azərbaycanın bir-birinin ardınca bu və ya digər rayonunda əsas xəttin təmiri məqsədi ilə qazın verilməsi dayandırılır – bəzən bir neçə saatlıq dayandırdıqlarını açıqlayırlar, bəzən isə “təmir bitənə qədər” və bu narahatlığa görə üzr də istəyirlər.

Üzləri gördükləri əmələ görə ağ olsun, ancaq soyuq aylarda Ağsu dolaylarında yaşayanların bənizini soyuqdan ağartmaq ”üzağlığı” deyil axı! Bakının göbəyində bircə saat qazsız olsanız, sizə necə təsir edər? Bəs o vətəndaşları bu soyuqda niyə saatlarla, bəzən günlərlə qazsız qoyursunuz? Təmirə ehtiyac vardısa, niyə yay aylarında etmirdiniz?

Təsadüfi, gözlənilməz qəzalardan nağıl danışmayın! Dövlət idarəsi odur ki, burda peşəkarlar, mütəxəssislər olur, hesablamalar aparılır, hansı borunun nə qədər ömrü olduğuna baxılır, borunun hansı təzyiqə dözəcəyi də müəyyənləşir və buna uyğun “qışa hazırlıq” tamamlanır. Əgər qış girən kimi, təzyiq artaq dəqiqədən borularda partlamalar başlayırsa, siz yalnız məsuliyyətsiz deyilsiniz, demək, ayrı niyyətiniz olub, hesabatlarda yalan yazmışınız, qəsdən NK-nı aldatmısınız və bir an tez vəzifədən getməlisiniz!

Çünki məmur məsuluyyətsiz və yalançıdırsa, onun korrupsioner və rüşvətxor olması ehtimalı həddən artıq böyükdür.

Məmur məsuliyyətsiz və yalançıdırsa, onun bütün zərbələri hökumətə dəyir, bütün ittihamlar ən yaxşı halda NK-ya, ən pis halda isə dövlətə toxunur!

Dövlətdən narazılıq yaradan məmurdan təhlükəli isə kimsə ola bilməz!

Tarix
2021.11.23 / 17:30
Müəllif
Şeyx Teymur
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla