Yuxarı

Qubadlı şəhərinin qurtuluşu necə baş verdi?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

25 oktyabr tarixi - 2020-ci ilin 27 sentyabrında başlamış və 44 gün tamamında Azərbaycanın şanlı Zəfəri ilə başa çatmış müharibənin gedişatında önəmli dönüş nöqtəsi oldu.

Qubadlının qurtuluş əməliyyatı bir neçə gün çəkdi. Çünki şəhərdə ermənilər güclü istehkamlar qurmuş, möhkəmlənmişdi və Qubadlı Ermənistanla həmhüdud olduğu üçün işğalçı qüvvələrin əlavə, operativ dəstək imkanları vardı. Məsələn, Qubadlının yüksəkliklərində düşmənin hərbi birləşmələri yerləşmişdi və belə olunca, Qubadlını azad etmək üçün, necə deyərlər, mümkün olmayan mümkün olmalı – ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu strateji yüksəkliklərdən hərbçilərimizə davamlı olaraq atəş açırdı.

Bax, bu deyilənlər yetərlidir ki, Qubadlının azad edilməsi əməliyyatının nə qədər xüsusi peşəkarlıq, fədakarlıq tələb etdiyi tam aydın olsun. Biz xüsusi peşəkarlıq deyərkən ilk növbədə onu nəzərdə tuturuq ki, itkilərimiz ən minimum, nəticələr ən maksimum olmalıydı. Oldu da! – Şanlı Azərbaycan Ordusu öz əcdadının hərb ənənələrinə sadiq qalaraq, yeni silahlardan məharətlə yararlanaraq həm peşəkarlığı həm də fədakarlığı ilə seçildi. Beləliklə, 27 il işğalda qalan Qubadlı şəhərinə hakim olan yüksəkliklər götürüldü, şəhərətrafı kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq düşməndən təmmizləndi. Nəhayət, oktyabrın 25-də Müzəffər Silahlı Qüvvələrimiz şəhəri düşməndən təmizlədi. Qubadlı şəhəri qurtulduqdan sonrakı günlər rayonun digər kəndləri də məhz peşəkarlıq və fədakarlıq əsəri sayılacaq əməliyyatlarla, döyüşlərlə azad olundu – Qubadlımız 27 illik qubardan qurtuldu!

Necə ki Qubadlıdan öncəki əks-hücum xronologiyası üzrə azad olunan şəhərlər, qəsəbə və kəndlər, yüksəkliklər Qubadlı şəhərinin azad edilməsinə yol açırdı, Qubadlının qurtuluşu da tarixi Zəfərimizi yaxınlaşdırdı.

Bilindiyi kimi, Qubadlının qurtuluşunun ardınca digər hərbi uğurlarımız sıralandı, Laçının önəmli yaşayış məntəqələri və b. ərazilərimiz düşməndən təmizləndi, nəhayət 8 noyabrda Ali Baş Komandanın “Əziz Şuşa, sən azadsan!” müjdəsi bütün Dünya Azərbaycanlılarını, vəfalı qardaşlarımızı, etibarlı dostlarımızı, yaxın-uzaq coğrafiyalardakı haqpərvər insanları ayağa qaldırdı!

Bəli, hər bir kənd, qəsəbə və şəhərimizin, dağımız və düzümüzün, yüksəklik və dərələrimizin yağı tapdağından təmizlənməsi özünəməxsus özəllik, hər hərbi uğurumuz tarixilik və perspektiv mahiyyəti daşıyırdı. Qubadlının qubardan qurtuluşunun ikinci ildönümündə bu sözləri qürurla yazırıq. Bu anlamlı gündə əziz şəhidlərimizin ruhunu dərin ehtiramla yad edir, döyüşlərdə sağlamlığını itirmiş qazilərimizə şəfalar, müharibənin iştirakçısı olmuş bütün Vətən oğullarına möhkəm can sağlığı, iş avandlığı diləyirik!

***

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin təşəbbüsü, ideyası və imzası ilə 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Qubadlının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik, şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Prezidentin müvafiq sərəncamları ilə bu medalla, bir çox hərbçimiz həmçinin digər orden və medallarla təltif edilmişdir.

Qubadlının işğalı: o illərdə nələri itirmişdik?

Dünya erməniliyinə, güclü havadarlarına arxalanan və təlimatlar alan, maddi-texniki, hərbi-siyasi (konkret olaraq, o dövr üçün müasir sayılan silahlarla) dəstək görən Ermənistan silahlı qüvvələri Qubadlı rayonunu 31 avqust 1993-cü ildə işğal etmişdi. İşğal nəticəsində 94 yaşayış məntəqəsi, 161 mədəniyyət obyekti, 7 məscid, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 16 körpü dağıdılmış və yararsız duruma salınmışdı. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdı.

İşğala qədər Qubadlının torpaq fondunun 14956 hektarı əkin, 850 hektarı çoxillik bitki, 631 hektarı biçənək, 17192 hektarı örüş-otlaq, 543 hektarı həyətyanı, 13160 hektarı meşə, 582 hektarı bağ və üzümlüklər idi.

Qubdalıdan 30 minə yaxın məcburi köçkün respublikamızın müxtəlif yaşayış məntəqələrində keçici olaraq yerləşdirilmişdi. Qubadlı şəhərinin və onun kəndlərinin əhalisini zorla didərgin salan Ermənistansa rayonun Xanlıq kəndində qanunsuz məskunlaşma aparmışdı. Xaricdən müxəlif vədlərlə gətirilən ermənilər burada qanunsuz yollarla yerləşdirilmişdi. Əlbəttə, bu özü də bir müharibə cinayətidir: Ermənistanın da qoşulduğu məlum “Cenevrə konvensiyaları”na görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş sayılır. – Bir sözlə, Ermənistanın hərbi-siyasi rəhbərliyi başda olmaqla, ermənilərin vandallığı Qubadlıdan da yan keçməmişdir.

Qubadlının yeni inkişaf dövrü

Qubadlı öz inkişafına 27 illik gecikməynən başlayıb. İşğaldan qurtulduqdan sonrakı dönəm Qubadlı tarixinin özünəməxsus yeni inkişaf dönəmidir. Qubadlı şəhəri, onun bütün kəndləri yenidən qurulacaq. Qubadlı ağrılı keçmişini unutmayacaq, ancaq onu bir daha yaşamayacaq da! – Bu əminliyi bizə tarixi Zəfərimiz, Qubadlını döyüşlərlə azad etməyimiz, Müzəffər Ali Baş komandanımızın siyasi iradəsi, şanlı Ordumuzun qüdrəti, dövlət-xalq birliyinin sarsılmazlığı, ümumən işimizin haqq işi olması və o haqqı qorumağı bacaran dövlətimiz verir.

Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli addımlar atılır, praktik işlər görülür. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Qubadlıya səfərləri, səfərlər müddətində verilən ismarıclar, təçəlqoymalar, açılışlar dediklərimizi bariz şəkildə təsdiq edir.

23.12.2020: Qubadlıya ilk dəfə səfər edən Prezident burada Azərbaycan bayrağını ucaltdı;

25.10.2021: Prezident Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, “Qubadlı” yarımstansiyasının açılışında, Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında, Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə iştirak etdi, nitq söylədi;

19 oktyabr 2022: İlham Əliyev Qubadlı rayonu ərazisində yaradılacaq “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanış oldu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı şəhərinin Baş planı ilə tanış oldu, İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoydu.

Qubadlı şəhərinin baş planı ən çağdaş normalara uyğun hazırlanıb. Ali dövlət rəhbərliyinin yanaşma fəlsəfəsinə müvafiq qaydada, baş plana əsasən Qubadlının təbiəti və tarixi keçmişi özünəməxsus memarlıq həllinə qovuşacaqdır. Rəsmi məlumatda oxuyuruq: “Qubadlı İşğal və Zəfər muzeyləri kompleksi İşğal Muzeyi, Zəfər Muzeyi və dağıntılardan ibarət Memorial Parkdan ibarət olacaq. Kompleks təxminən 3 hektar ərazini əhatə edəcək. Bu ərazi çox strateji mövqedədir, əsas yol şəbəkəsinə və nəqliyyat qovşağına yaxındır. Həmçinin Həkəri çayını əhatə edən təbii yaşıllıq zolağının bir hissəsi kompleksin ərazisinin şimal hissəsini təşkil edəcək, bu da öz növbəsində kompleksin heyrətamiz təbii mühitdə inşasına imkan yaradacaq. Çayın bir hissəsi kompleksin ərazisindən keçdiyi üçün Zəfər Muzeyi və İşğal Muzeyinin gözəl mənzərəli körpü vasitəsilə simvolik olaraq bir-biri ilə əlaqələndirilməsi nəzərdə tutulur.

Həkəri çayı üzərində salınan Laləzar körpüsü kimi bir çox qədim körpülər və Qubadlı ərazisində aşkarlanan daş qoç fiqurlarında təsvir olunan spiralvari buynuzlar layihə konsepsiyasının əsas ilham mənbəyini təşkil edir. İşğal Muzeyinin binası kiçik çayın sağ sahilindən yüksələn spiralvari yoldan başlayır. Bu yol binanın sahəsi boyunca spiral şəklində fırlanır, sonra çayın üzərindən davam edərək gözəl mənzərəli körpüyə çevrilir və çayın sol sahilində Zəfər Muzeyinə birləşərək spiralvari pilləkəndə tamamlanır”... – Yalnız bir rəsmi məlumat belə işğalla azadlığın, işğalçılarla, torpağın əsl sahiblərinin, Ermənistanla Azərbaycan dövlətlərinin həyata, dünyaya, insana, təbiətə yanaşmasındakı köklü fərqləri, kəskin fəlsəfi təzadı nümayiş etdirir. Vandal yıxıcı ilə mədəni, zövqlü qurucu arasındakı fərqi göstərmək adına bu bir neçə cümləlik rəsmi məlumat belə yetərlidir.

Daha iki istiqamət: elektronergetika və yollar...

Artıq bəlli olduğu kimi, azad edilmiş torpaqlarımızda 7 yarımstansiya tikilib. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını göz önündə tutur. Sözügedən yarımstansiya 40 meqavata hesablanıb və gələcəkdə ehtiyac yaranarsa, onun gücü iki dəfə də artırıla bilər. İnkişaf dinamikası baxımından bir xatırlatma edək: Sovet dönəmində Qubadlı rayonunun ümumi enerji istehlakı cəmi 12 meqavat olub. Deməli, Qubadlı ilkin dönənmdə 3 dəfədən çox enerji istehlakı imkanına malik olacaq.

Başqa bir önəmli ihkişaf göstəricisi dördzolaqlı yolla bağlıdır. Dövlət başçısının vurğuladığı kimi, bu yol respublikamızın Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan rayonlar arasında birləşməni təmin edəcək: “Zəngilandan Qubadlıya, Laçına dördzolaqlı yol çəkirik ki, bu yoldan insanlar rahat istifadə etsinlər. Burada istehsal olunacaq məhsulları bazarlara vaxtlı-vaxtında, itkisiz çatdırmaq üçün əlavə imkanlar yaranacaqdır”. – Ümummilli liderimiz deyirdi: “Yol – mədəniyyət, iqtisadiyyat, bir sözlə, həyat deməkdir”!

Dövlətimiz var olsun!

Tarix
2022.10.25 / 21:39
Müəllif
Qənirə Paşayeva
Şərhlər
Digər xəbərlər

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla