Yuxarı

Türk yazar hekayəsini “Axar.az”a göndərdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səmra Atasoy

Minov pişik
(hekayə)

Uşaq hekayələrinin müəllifi Səmra Atasoy saytımızın daimi oxuçularındandır. Türkiyədə 10 yaxın uşaq hekayələrindən ibarət kitabın müəllifi olan yazarın hekayələrindən birini, "Minov pişiyi" uşaqlarınıza oxumanızı tövsiyyə edirik. Əminik ki, bəyənəcəklər…

Ətrafa göz gəzdirdi, sonra başını yelləyərək yavaşca irəlilədi. Biri qarşısına çıxarsa, dərhal gizlənəcək bir yer tapacaqdı. Ağ tükləri günəşin şüaları altında parıldayırdı. Gömgöy gözləri ışıl-ışıl yanırdı. Burnunun ucundakı qırmızılıqsa yaramaz bir hava qatırdı görünüşünə…

Mavrını evlərinin odunluğunun kənarında qorxudan titrəyən halda tapan Ayişə və Ecə sevincdən qışqırıb həyəcanla onu tutmağa çalışırdılar. Yazıq pişik aclıqdan və qorxudan kənara qaça bilmədi belə...

Ayişə və Ecə pişiyi yavaşca qaldırdılar. Yazıq ürkək gözlərlə baxırdı qızlara, qorxudan titrəyirdi. Qızlar bir müddət tüklərini oxşadıqdan sonra ona ad qoymaq üçün fikirləşməyə başladılar. O artıq Ayişə və Ecənin kiçik oyuncağı idi. Mütləq bir adı olmalı idi. Yoxsa necə səslənəcəkdilər oyun oynayarkən pişiyə? Saatlarla ad düşündülər, fərqli-fərqli ad saydılar, yenə də heç bir adı kiçik, şirin oyuncaqlarına layiq görə bilmədilər. Ecə və Ayişə bədbin bir şəkildə bağçadakı kötüyün üzərində oturarkən kiçik qardaşları Haqqı qaçaraq qızların yanına gəldi. Ecə pişiyi saxlamağa çalışdı, amma çox gec idi, Haqqı pişiyi görmüşdü və sevinclə pişiyə yaxınlaşdı. "Minov pişik, minooov pişik!!!" deyə əllərini uzatdı. Ayişə və Ecə sevinclə bir-birlərinə baxdılar. Pişiyə bir ad tapılmışdı. Haqqı sayəsində pişiyin bir adı vardı artıq… Minov...

Haqqı ehtiyatla pişiyi sığalladı. Ayişə və Ecə pişiyə nə edəcəklərini danışmağa başladılar. Minovu odunluğun kənarında buraxıb getmək heç içlərindən gəlmirdi. Haqqısa qızların problemlərinin fərqində belə deyildi. O Minovla oynamağa çalışırdı. Pişik miyoldayıb Haqqının ovucları arasından sivişib çıxmaq istəyirdi.

Ən sonunda qızlar pişiyi evlərinə aparmağa qərar verdilər. Onu evin üst mərtəbəsindəki oyun otağında saxlayacaqdılar. Otaqdaki bir qutunu yuva edib analarından gizləyərək pişiyi böyüdə biləcəklərini planladılar.
Ecə Haqqının əlindən pişiyi aldı, onu qoynunda gizlətdi. Ayişə də Haqqının əlindən tutub evlərinə doğru getməyə başladılar. Aralarında analarına rast olsalar pişiyi göstərmədən necə otağa çıxacaqlarını danışa-danışa evə girdilər. Haqqı, Ecənin jiletini çəkişdirib "Minov" deyə qışqırmağa başladı. Qızlar Haqqını heç cür susdura bilmirdilər. Ayişə Ecəyə baxıb:

- Haqqıya görə indi anam hər şeyi öyrənəcək. Tez yuxarı çıxaq.

- Yaxşı, mən çıxıram, sən burada Haqqının başını bir şeylə qat…

Ecə nərdivanlara yönəldiyi anda mətbəxdən çıxan anaları Burcunun səsi eşidildi.

- Qızlar, Haqqı niyə qışqırır belə?

Ecə nərdivanları sürətlə çıxmağa başladı. Tam pillələrin ortasına gəlmişdi ki, pişik miyoldadı. Burcu maraqla səsləndi:

- Qızlar o səs haradan gəldi?

- Haqqının oyuncağıdır, Ayişə tələsik dillədi.

- Yaxşı, siz bir az oynayın, atanız gəlincə yemək yeyəcəyik,- anaları mətbəxə geri döndü.

Qızlar dərin bir nəfəs aldılar. Sevinclə nərdivanları çıxdılar. Otağa girdikdə pişiyi saxlamaq üçün yer fikirləşməyə başladılar. Bir müddət otaqda dolandılar. Axırda Ayişə Haqqının oyuncaq avtomobilinin qutusunu tapdı. Qutunun içinə qəzet sərib Minova yer düzəltdilər. Onu qutuya qoyanda çaşmış pişik qutunun içində dolandı. Sonunda bir kənara qıvrıldı.

- Məncə açdı, yemək gətirək,- Ecə həyacanla dedi.

- Yemək yeyə bilməz, balacadı, süd gətirək. Amma anam bilməsin, yoxsa pişiyi çölə atacaq. Anam görmədən burada bir müddət saxlayaq, sonra başqa yer taparıq.

Ecə sürətlə mətbəxə yönəldi. Anası görmədən kasaya süd töküb yuxarı qalxdı. Kasanı qutunun içinə qoydu. Pişik ürkəkcə kasanın yanına gəldi. Əvvəl qırmızı burnuyla iylədi. Bığlarını kasaya sürtdü yavaşca, sonra südü içməyə başladı.

Südü içib qurtardı. Bığları da südə bulaşmışdı, qızlara indi şirin-şirin baxırdı.

Ecə gülümsəyərək:

- Çox acmış Minov, bax, südün hamısını içdi...

Qızlar qutunun yanına oturdular. Səssizcə onu izləməyə başladılar. Ta ki alt mərtəbədən analarının səsi gələnə qədər... Anaları onları yeməyə çağırırdı. Onlar istəksiz qalxıb yemək yeməyə endilər. Yemək yeyəndə də fikirləri Minovun yanında idi.

- Anacan, mən bundan sonra yuxarı mərtəbədə dərs hazırlaşmaq istəyirəm. Haqqının səsindən diqqətim dağılır, yuxarısa səssizdir.

Bunları eşidən Ecə də dərhal dilləndi.

- Mən də orda hazırlayacam dərslərimi…

Burcu qızlara baxdı:

- Necə istəyirsiz qızlar, amma mübahisə etmək olmasın, yaxşı!?

Qızlar həyəcanla:

- Yaxşı etməyəcəyik.

Yeməkdən sonra dərhal üst mərtəbəyə qalxdılar. Burcu maraqla qızların arxasında baxıb öz-özünə dedi:

"Xeyirlisi, bunlarda bir iş var, amma qoxusu çıxar yaxında"…

Ayişə və Ecə Minovun yanında saatlarla oynadılar. Kürəyini oxşadılar, tüklərini daradılar, bığını çəkişdirdilər. Zamanın necə keçdiyinin fərqinə belə varmadılar…

Analarının səsini eşidənə qədər…

- Qızlar, nə edirsiniz yuxarıda? Yatmaq vaxtınızdır, sabah məktəb var. Qızlar Mivovu qutuya yerləşdirib şkafın arxasında gizlətdilər.

Ecə maraqla:

- Birdən miyoldasa biz məktəbdə olanda?!

- Səhər məktəbə getmədən əvvəl süd qoyarıq qutunun içinə. Qarını doyunca miyoldamaz bəlkə…

Ayişə və Ecə narahat halda yatmaq üçün otaqlarına getdilər. Yatmadan öncə xeyli danışdılar. Minovla necə oynayacaqlarını, hətta bir gün gizlicə məktəbə aparmağı belə planladılar.

Səhəri gün qalxıb yataqlarından atıldılar. Səhər yeməyindən öncə analarına görünmədən bir kasaya süd töküb gizlicə otağa götürdülüər. Minov qızları görüncə sevinclə quyruğunu yelləyib mıyoldamağa başladı. Qızlar da sevgiylə onun tüklərini sığalladılar. Onu evdə qoyub heç məktəbə getmək istəmirdilər.
Yenə Burcu yeməyə çağırana qədər Minovla oynadılar.

Bütün gün tənəffüslərdə də pişiklə nələr edəcəklərindən danışdılar. Evə dönməyi səbirsizliklə gözləyirdilər. Axşam məktəbdə son dərs zəngi eşidiləndə sinifdən ilk çıxan Ayişə və Ecə oldu.
Evə çatanda onları qarşılayan analarının salamını belə almadan üst mərtəbəyə çıxdılar.

- Qızlar nə olub? Bu nə təlaşdır?

Haqqı mətbəxdən çıxıb qızların arxasınca "minov, minov" qışqırmağa başladı. Qızlar heç nəyə əhəmiyyət vermədən otağa girib qutuya doğru yürüdülər. Minov qutunun kənarında qıvrılıb mürgüləyirdi. Süd qabı da bomboş idi. Onlar səssizcə pişiyi izlədilər. Sonra ayağa qalxıb otağı tənzimləməyə başladılar.
İllər əvvəl bu evə köçəndə Burcu bu üst mərtəbədəki otağı uşaqlara oyun otağı kimi düzənləmişdi ki, oyuncaqlar dağınıq halda evin hər yanına dağılmasın. Amma uşaqlar heç cür burada oyun oynamaq istəmədilər və otaq yavaş-yavaş anbara dönməyə başladı. İndi də iki gündür qızların bu otaqda vaxt keçirməsi Burcunün diqqətini çəkmişdi. Günlər keçirdi, qızlar bütün günlərini şirin bir iş otağına çevirdikləri üst mərtəbədə keçirirdilər. Məktəbdən evə gəldiklərində dərhal ora çıxır, saatlarla orada qalırdılar. Burcu israrla yatmağa, ya da yeməyə çağırırdı, ancaq o zaman otaqdan çıxırdılar.

Bu vaxt ərzində də Minov sürətlə böyüyürdü. Artıq bala pişik deyildi, xeyli böyümüşdü, daha qutuya da sığmırdı. Qızlar otağının qapısını bağlı saxlayıb Minovun otaqda gəzişməsinə icazə verirdilər. Minov ayaqlarının arasında keflə gəzərkən qızlar da dərsə hazırlaşırdılar. Axşamları masada yemək yedikləri zaman uzaqdan bir miyoldama eşidiləndə qızlar karıxıb bir-birinə baxırdı. Haqqı da əllərini çırparaq "minov, minov" qışqırırdı.
Havalar getdikcə soyumağa başlamışdı. Qışsa qızlara əməllicə problem yaratdı, çünki üst mərtəbə qızdırılmadığıdan qızlar daha orda vaxt keçirə bilmirdilər, Minov da üşüməsin deyə onu yun şalla bükmüşdülər. Fikirləri Minovun yanında qaldığından dərclərinə də hazırlaşa bilmirdilər. Nə edəcəklərini də bilmirdilər, analarına desəydilər evdə bir pişiyin olmasına razılıq verməzdi.

O axşam dalğın vəziyyətdə yeməyə oturduqlarında anaları gülərək soruşdu:

- Xeyrdir qızlar?! Qaradənizdə gəmilərinizmi batdı?

Ayişə və Ecə bir-birinə baxdı, amma bir şey demədilər.

Səssizcə yeməklərini yeyərkən uzaqdan bir miyoltu eşidildi. Qızlar çaşıb bir-birinə baxdı. Səs getdikcə yaxınlaşırdı. Haqqı sevinclə əl çaldı. Ayişə və Ecə cəld ayağa qalxdılar. Nərdivanlardan enən Minovu gördüklərində özlərini itirdilər. Ana və ataları da Minovu görmüşdü artıq...

Minov yemək masasına doğru irəliləyirdi. Dümağ tükləri parıldayırdı. Ayişə və Ecə qorxuyla baxdılar analarına… Burçu heç reaksiya vermədən qızlara baxdı. Sonra əllərini uzatdı və Minovu qucağına aldı. Yavaşca tüklərini oxşadı. Qızlar heyrətlə analarına baxırdılar.

- Bəli, qızlar, çox çaşdınız deyilmi? Siz məktəbdəykən Haqqı və mən bütün günü Minovla oynayırıq. Elə bilirdiniz ki məndən gizli saxlaya bilərsiniz?

Ecə kəkələyərək soruşdu:

- Nə vaxt gördünüz Minovu?

- Siz davamlı üst otağa çıxanda şübhələndim. Analar uşaqlarının bir şey gizlədiyini mütləq anlayar. Mən də siz məktəbə gedincə otağa çıxdım və bu şirin pişiyi tapdım. Haqqı adının Minov olduğunu söylədi. Davamlı "Minov" deyir. Siz məktəbdəykən Minova yeməyi kim verdi bəs?! Bu günə qədər mənə söyləmənizi gözlədim. Bir daha məndən heç bir şey gizlətməyin. Aydın oldumu?

Ayişə:

- Əsəsbləşmədin bəs? Minov evdə qala bilərmi? Artıq onu gizlətməyimizə ehtiyac qalmadı?- deyə ard-arda suallar verirdi.

- Qala bilər qızlar. Bu qış günü onu küçəyə ata bilmərik. Amma başınızı qatmasın ki, dərslərinizdən geri qalasınız. Yalnız mətbəxə girməsin, yetər.

Ayişə və Ecə sevinclə atılıb düşməyə başladılar. Qızların halını görən Haqqı da aralarına girib tullanmağa başladı. Evdə bayram havası vardı. Minov qızların ayaqları arasında keflə gəzişirdi, nələr olduğunu bilmədən...

Minov azad idi və bir evi vardı artıq…

Tarix
2014.01.24 / 08:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla