Yuxarı

“Yeni ilə mırıq dişlə girdim, yoluq çıxaram...“

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni ili necə qeyd etdiniz və 2016-cı il sizin üçün necə başladı?

Axar.az bu sualla tanınmış sənət adamlarına müraciət edib.

Xalq rəssamı Arif Hüseynov böyük dramaturq Axundovdan misal çəkib:

"Rəhmətlik Mirzə Fətəli Axundovun bir əsəri var. Kimyagər orada deyir ki, meymunu yadınıza salmayın. Amma meymunu yada salmamaq mümkün deyil. Meymun çox şən heyvandır, yəqin ki, bu, cəmiyyətə də təsir edəcək. Mənim üçün hələlik il yaxşı başlayıb".

Şair Aqşin Evrən yeni ildə rastlaşdığı hadisələrdən danışıb:

"Doğrusu, dekabrın 31-ni elə keçirmişəm ki, yanvarın 1-i yadıma gəlmir. Bu bayramda zərrə qədər də olsun rahatlıq tapa bilmədim. Sonrakı günlərdə Şirvan şəhərində oxucu dostlarla görüşdük. Getdiyim 3-4 yerdə insanlar şəhərdə kitab mağazaları olmadığından gileyləndilər. Sonra 1 yaşlı bacım oğluna göstərmək üçün telefonla Şaxta Babanın şəklini çəkdim, o boyda "ağsaqqal" gəlib buna görə məndən 2 manat istədi. Ona dedim ki, sən Şaxta Babasan, özünü JEK müdiri, yolkəsən kimi aparma. Başa düşdüm ki, bunlara kitab, bəşəri musiqi, insani dəyərlər mütləq şəkildə lazımdır. Hə, bir də bir mənzərə məni dərindən sarsıtdı. Uşaqlar artıq qardan zövq ala bilmirlər: qarın üstündə ancaq ayaq izləri var idi, bir dənə də əl izinə rast gələ bilmədim".

Yazıçı Müşfiq Xan dünyanın bütün meymunlarını salamladı:

"Çarlz Darvinin "İnsanın mənşəyi və təkamülü" əsərində insanın primatlardan təkamülü ilə bağlı verdiyi nəzəriyyə dünya elminin tərəqqidə olduğu son onilliklərdə iflasa uğramaq səviyyəsinə qədər dışlandı. Dünyaya nə oldusa da elə bundan sonra oldu. Amma artıq 2016-cı ildəyik - qırmızı meymun ilində. Fürsətdən istifadə edib primatların nümunəsində dünyanın bütün şimpanzelərinə, qorillalarına və oranqutanqlarına salam deyirəm. Bu il hamımız üçün - bütün primatlar üçün uğurlu olacaq, buna inanıram. Yeni il başlayar-başlamaz Azərbaycan Milli Elmlər Akademiyasından çox mükəmməl bir təklif almışam. Üstəlik, 2015-də aylardı sürünüb-uzanan yeni romanımı 2016-nın ilk beş günündə demək olar ki, tamamlaya bildim".

Şair Cəlil Cavanşir meymunun ona heç bir yenilik gətirmədiyini dedi:

"Hələ ki həyatımda elə bir yenilik yoxdur. Yeni ildə inqilabi bir yenilik olacağını da düşünmürdüm. Həyatıma qaldığım yerdən davam edirəm. Gündəlik qayğılar, kitablar, filmlər və gündəlik işimlə məşğulam. Meymunun oyunbazlıqlarına psixoloji olaraq hazıram. Yəqin, bu il ötən ildən daha əyləncəli, daha maraqlı olacaq. Hələlik yeni ilin vəd olunan sürprizlərini gözləyirəm. İnanmaq istəyirəm ki, insanlar daha ədalətli, həyat daha asan, yaşamaq daha maraqlı olacaq. Sadəcə, ümid edirəm, sonrası şair demişkən, nə ola, ola..."

Xalq rəssamı Ağəli İbrahimov 2016-cı ildə də bədbin olduğunu qeyd etdi:

"Keçən il bizim üçün və bütün dünya ölkələri üçün çox ağrılı-acılı bir il oldu. İstəyirəm ki, bu il yaxşı keçsin. Amma təəssüf ki, yeni ilin ilk günlərində hələ çox bədbinəm bu mövzuda".

Şair Aqşin Yenisey meymun ilinə itkilərlə başlayıb:

"31 dekabrdan başlayaraq bu günəcən beş dişimi çəkiblər. Bu nağd itkilərimdir. Meymun ilində perspektivdə duran itkilər isə onların yerini doldurmaqdır ki, bu da süni dişin qiymətindən və həkimlərin insafından asılı olaraq, 700 manatdan 5000 manata qədər xərc tələb edir. Meymun ilinə mırıq girdim və əminəm ki, yoluq çıxacağam".

Şair Faiq Balabəyli 2016-cı ilin ilk günlərində xoş hadisələrlə qarşılaşıb:

"İlin ilk günündə kəndlə əlaqə saxladım, doğmalarımı təbrik etdim, anamın səhhətinin yaxşılığa doğru dəyişməsinə sevindim. İlin ikinci günü oğlum Tural hərbi xidmətini başa vurub ailəmizə qayıtdı. Komandirlərinin ona verdiyi xasiyyətnamə ürəyimcə oldu. İlin 3-cü günü kiçik qardaşımın böyük övladına nişan verdik, bu da xüsusi sevinc payımızdır. Xatirə Rəhimbəylinin haqqımda yazdığı ikinci böyük yazısı da Yeni ilin ilk günlərinə təsadüf etdi, xoş xəbər oldu. Dünən axşam artıq növbəti kitabımın əl-ayağını bir yerə yığa bildim. Fevralın 23-nə qədər istəyirəm dərc olunsun. İl hələlik yaxşı başlayıb, meymunluq edib qan qaraldacaq bir şeyə ilk 5 gündə təsadüf etməmişəm".

Yazıçı Şərif Ağayar yeni ilin onu üçün yaxşı başladığını bildirdi:

"Ayın 1-i doğum günüm idi. Çoxlu təbrik aldım. İlk gün yaxşı başladı. Hələ də hər şey normaldır. Ümid edirəm, belə də gedər".

Şairə Fərqanə Mehdiyeva 2003-cü ildə yazdığı bir şeiri xatırladı:

"Ədəbiyyat adamının nə günü, nə ili olur. Başları ayılırmı ki, Allahın ayından, ilindən xəbərləri olsun? Yaxşı yadımdadır, 2003-cü ildə belə bir şeir yazmışdım:

Ömrümü misralarım yeyir,

Haqqımı "dostlarım"

Gəzişirəm öz içimdə

Oba-oba, küçə-küçə.

At ilindən it üzüylə gəlib çıxdım 2003-ə.

Onsuz da həyat biz yazarları top kimi fırladır. Meymun maraqlı heyvandır. Bəzi insanlardan fərqli olaraq üzündə təbəssüm var".

Yazıçı Qan Turalı isə meymunları yada salmaq istəmədiyini dedi:

"Çalışacağıq ki, bu il də meymunu yada salmadan yaşayaq. Hacı Nurunun dediklərinə əməl edək. Hələ ki, yada salmırıq, sonrası kimyagərlərdən asılıdır".

Tarix
2016.01.06 / 08:15
Müəllif
Dilarə Zamanova
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla