Yuxarı

Azərin oxuması üçün yazılan yazı - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

O hadisə nə vaxt olub? İlini bayaqdan xatırlamağa çalışıram, heç yadıma gəlmir – yaddaşım o qədər korşalıb ki! Amma olay tam gözümün önündədir.

...Dədəm Yasamal bazarının arxasına döndü, deyəsən, geri qayıtmaq üçün belə etmişdi. Bu zaman qara bir "Volqa" çox kobud, təhlükəli şəkildə qarşımıza buruldu, sanki maşını vurmaq istəyirdi. Dərhal maşının içinə baxdım – kök kişiydi, qaşlarını çatmışdı, üzünü turşutmuşdu...

Dədəmə baxdım – gülürdü, gülə-gülə də qapını açdı. Qarşıdakı qara "Volqa"dan bir azman kişi düşdü. Yaddaşımda məhz belə qalıb – o, maşından düşəndə "Volqa" dikəlib qəddini düzəltdi, dərindən nəfəs aldı, sanki ağır yükdən xilas oldu.

Bu azman - boy-buxunlu, kök kişi başını bulaya-bulaya dədəmə sarı gəlirdi, hay-küylə danışırdı, xırıltılı, amma məsafəsi böyük (yəni güclü – izah edə bildimmi?) səsi az qala Yasamalı başına götürmüşdü:

- Mahmud, elə bilirsən səni belə rahat buraxacam, hə?! Əlimdən heç yerə qaça bilməzsən!

Tövbə, bir dava çıxacağını düşünürdüm... Yaxınlaşdılar və mənim gözümdə xeyli böyük görünən dədəmi bu azman kişi necə qucaqladısa, dədəm görünməz oldu.

- Bax, səni beləcə götürüb, indi aparıram evə...

Bunu deyəndən sonra dədəmi qucağında qaldırdı da. Sonra... Sonra bu qaraşın, gur saçlarını geri darayan azman kişinin üzünə dili ağzına sığmayan körpə sayağı elə bir gülüş yayıldı ki... Bu gülüşün məsumluğu yaddaşıma həkk olundu.

Maşından düşmüşdüm, dayanıb baxırdım. Birdən çöndü, "oğlundu?" deməyi ilə məni qucaqlamağı bir oldu.

Sanki qaçacaqdıq – bir əli ilə mənim, bir əli ilə dədəmin əlindən tutmuşdu:

- Mahmud, sən Allah, gedək bizə...

Dədəm üzrxahlıq elədi, xeyli ordan-burdan dərdləşdilər və ayrıldıq...

Maşına oturan kimi soruşdum: "Dədə, kimdi bu?"

Dədəm az qala heyrətlə üzümə baxdı:

- Sən Xanlar əmini tanımırsan?

Ailədən çox uzaqlarda, nənəmin yanında böyüyürdüm və dədəm sanki sənət yoldaşlarını tanımamağımın səbəbini bu sualı verən kimi bildi.

Dərhal bardaçoku açıb, kasetləri eşələdi, birini tapıb maqnitofona qoydu:

- Xanlar əmindi, qulaq as...

Kəndə çatana qədər dinlədik.

Baş Sarıtel

Elə "Baş Sarıtel" də o vaxt Xanlar əminin ifasında yaddaşıma yazıldı. Sonralar çox ustadları dinləyəcəkdim, çox ifaçılar barmaqları ilə sazda möcüzələr yaradacaqdılar. Amma Xanlar əminin "Baş Sarıtel"ini kimsə ifa edə bilməyəcəkdi.

Bu havanı havalandıran və onu bu səviyyəyə qaldıran Xanlar əmidi – necə ki, Aşıq Ədalət "Yanıq Kərəmi"ni o yüksəkliyə çatdırıb.

Bu ifa tam fərqli bir ifadır: Xanlar əmi "Baş Sarıtel"i çalmırdı, o hava ilə nəfəs alırdı, yaşayırdı; ürəyi o havayla vururdu, nəbzi o havayla döyünürdü...

O havanı bir də yalnız onun qanını daşıyan Azər çala bilmişdi o cür...

Xanlar əmidən sonra Azər onun sazını yaşatmağa başlayanda təsadüfən məclislərin birində görüşdük; məclisi buraxıb, bir masada xeyli dərdləşdik. Kövrəldik... Sonra xahiş elədim ki, növbəti ifasında "Baş Sarıtel"i çalsın, amma hamının çaldığını yox, məhz Xanlar əminin "Baş Sarıtel"ini...

Eynilə özüydü: sanki Xanlar əmi dirilib gəlmişdi – elə boy-buxunu, cüssəsi ilə də atasıydı ki var!

İfadan sonra yerinə qayıdan kimi Azərə dedim:

- Hər zaman belə çalma ha! Belə ifaya ürək dözməz.

Güldü, qolunu mənə uzatdı, "nəbzimi yoxla", - dedi. Əlimi nəbzinə qoydum və heyrətə gəldim: nəbz elə sürətlə vururdu ki...

- Özümdən asılı deyil, sazı sinəmə alan kimi ürəyim belə sürətlə döyünür! Bir də ifanı bitirəndən 10-15 dəqiqə sonra özümə gəlirəm.

Dərhal Xanlar əmini xatırladım...Daha doğrusu, onun ölümünü:

- Sən Allah, özünü qoru! – dedim Azərə.

***

Badamdarda kirayə qalırdım, tələbəlikdən sonra həyat uğrunda mübarizə başlamışdı. Yaxın bir dostum, ailəmizin üzvü olan şəxslə Xanlar əmiyə qonşu idik. O da Xanlar Məhərrəmovla yaxın dost idi, tez-tez görüşərdik.

Səhər şəhərə düşürdük, işə gedəcəkdik. Xanlar əmiylə qarşılaşdıq:

- Bir balaca, qara quzum var, 7-8 kiloluq, təkdi, elə hey mələyib zəhləmi tökür, gendən deyir ki, məni yeyin. Bu gün məclisdəyəm. Sabah günortadan sonra ailə-uşağı da götür, keç bizə, həyətdə özümüz bir kabab çəkək...

Xanlar əmi deyirdi, dostuma. Razılaşdılar, qərar verildi – sabahdan o quzu ta həyətdə mələyib, Xanlar əminin zəhləsini tökməyəcəkdi.

Səhər işdən bir az tez çıxıb gəldim, yolum Xanlar əmigilin evinin önündən keçirdi. Həyətdə çoxlu adam gördüm – hamı qanıqara. Üşəndim. Qarşıma çıxan ilk adam topasından "nə olub" soruşdum. "Aşıq Xanlar rəhmətə gedib", - dedilər.

Sözün həqiqi mənasında şoka düşdüm:

- Necə yəni rəhmətə gedib? Bu gün qonaq çağırıb ee bizi... – dedim, heyrətlə.

Kənardakılar bu qeyri-ixtiyarı ucadan dediyim sözə çönüb baxdılar, sonra hamısı başını yerə dikdi, ağrı gözlərindən tökülürdü.

Xanlar əmigilə dönmədim, evə tərəf getdim – halımı təsvir edə bilmərəm.

Xanlar əmi belə öldü

Xanlar əminin ürəyi əlində saz, dilində söz dayanmışdı. Bu kadrlar da var. Yeddi mərasimindən sonra yığışıb, o kadrlara baxdıq.

...Kiçik bir məclis, gecə, Xanlar əmi əlində saz, oxuyur: "Qayalarda uçan kəklik, leyli-leyli..."

Elə bu dəm Xanlar əmi hamının gözü qarşısında uca palıd kimi yıxılır, sonra arxası üstə çevrilir, üzü Göylərədir, gözündə nəm var... Bu vəziyyətdə də davam edir – "Leyli leyli, leyli-leyli..." Vəssalam!

Xanlar əminin dünyadan gedişi də fərqli olmuşdu – yaşamı, ifası, sevgisi, böyüklüyü kimi...

O vaxt Azərin nəbzini yoxlayanda Xanlar əminin niyə əlində saz, dilində söz dünyadan getdiyini anlamışdım. Görünür, Xanlar əmi də sazı sinəsinə qaldıranda ürəyi çırpınmağa başlayırmış.

Bu çırpıntıya isə ürək çox tab gətirə bilməzdi.

***

Yaddaşım məni aldatmırsa, Xanlar əminin doğum günü avqustun 25-i olmalıdır. Həyat hərəni bir tərəfə atandan Azərlə çox nadir halda görüşmüşəm. Amma bir görüşümüzdə dedim ki, Xanlar əmidən yaddaşıma ilişənləri ad günündə yazacam. "Yaz, əmoğlu, mütləq yaz, oxumaq istəyərdim", - demişdi Azər.

İndi Azərin canı ilə əlləşdiyini eşidəndə bunları xatırladım, bir az da hövülləndim: iki daşın arasında, tez-tələsik bunları qaraladım. Qaraladım ki, Azər oxusun, mütləq oxusun...

Dualarım səninlədir, Azər!

2016.02.04

Tarix
2018.05.12 / 13:34
Müəllif
Anar
Şərhlər
Digər xəbərlər

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla