Azərbaycanda milli ədəbiyyatın
inkişafına dəstək məqsədi ilə, "Anamın Kitabı" Ədəbi Mükafatı təsis
olunub.
Mükafatın təşkilatın komitəsindən
"Axar.az"a verilən məlumata görə, adıkeçən ədəbi mükafat öz
laureatlarına ildə bir dəfə, müsabiqə vasitəsi ilə təqdim olunacaq.
"Anamın Kitabı" Ədəbi Mükafatı Hədəf Nəşrlərinin və "Kitabevim.Az"
Kitab Mağazaları Şəbəkəsinin birgə layihəsidir.
Layihənin ideya müəllifi, AMEA Nizami
Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya
elmləri üzrə fəlsəfə doktoru Şəmil Sadiq,
Müsabiqənin Münsiflər Heyətinin sədri isə Azərbaycan Milli Elmlər
Akademiyasının vitse-prezidenti, akademik İsa
Həbibbəylidir. Münsiflər Heyətinin digər üzvlərinin
adı isə mükafatlandırma zamanı açıqlanacaq.
Layihə barədə danışan Ş.Sadiq bildirib
ki, ədəbiyyatın bütün janrları və ədəbiyyat sahəsində elmi əsərlər
üçün nəzərdə tutulan mükafatın Təşkilat Komitəsi bu il sadəcə
pyesləri qəbul edəcək.
O, vurğulayıb ki, milli ədəbiyyatın
inkişafında "Anamın Kitabı" müsabiqəsi yeni nəfəs olacaq: "Birinci
il üçün məhz pyeslərin müsabiqəyə buraxılmasında səbəb Azərbaycan
teatrına, kino ssenari yaradıcılığının inkişafına yardım etmək
məqsədi daşıyır. Digər tərəfdən, bu müsabiqənin təşkilində milli
ədəbiyyatla vəhdət təşkil edən ana dili faktorunu da nəzərə
almışıq. Müsabiqə hər il 21 fevral – Beynəlxalq Ana Dili günündən
gec olmayaraq elan olunacaq, 1 avqust – Azərbaycan dili və Əlifbası
Günündə yekunlaşacaq. Əsərlərin qəbulu mayın 1-də yekunlaşacaq,
amma təqdim olunan pyeslər aprelin 1-dən etibarən kitabevim.az
saytında yayımlanacaq. Hazırda ilk 4 yerin sahibi üçün 2 min manat
həcmində mükafat fondu nəzərdə tutulub. Növbəti illərdə mükafat
fondu arta bilər. Builki müsabiqədə I yerin sahibinə min manat və
"Anamın Kitabı" Ədəbi Mükafatı, II yer – 500 manat, III və IV
yerlərin sahiblərinə isə müvafiq olaraq 300 və 200 manat pul
mükafatları təqdim olunacaq".
Ş.Sadiq onu da əlavə edib ki,
müsabiqəyə qəbul edilən əsərlərə xüsusi mövzu məhdudiyyəti
qoyulmasa da, yazarlar müsabiqənin adının ifadə etdiyi mənaya,
ideologiyaya xidmət etməlidir: "Təqdim edilmiş əsərlərin ideyası
millətə, vətənə, ana dilinə, dəyərlərə xidmət etməlidir. Müsabiqə 3
mərhələdə keçiriləcək. Əsasnaməyə görə, Münsiflər Heyətinin
qiymətləri əsasında hazırlanmış "Uzun siyahı" 1 iyul tarixində elan
ediləcək. Elə həmin gündən də, ilk 10 əsər onlayn səsverməyə
çıxarılacaq. Onlayın səsvermə iyulun 20-si bitəcək, avqustun 1-ndən
gec olmayaraq isə qaliblərin adı ictimaiyyətə açıqlanacaq".
Layihə müəllifini sözlərinə görə, ilk
10-luğu qazanmış əsərlər bir kitabda çap edilərək, mükafatlandırma
günü ictimaiyyətə təqdim ediləcək: "Yeni mükafatın elan edilməsi
günü birinci yeri tutmuş əsərin ya səhnələşdirilmiş variantı, ya da
filmi ictimaiyyətə təqdim ediləcək. Müsabiqədə iştirak etmək
istəyənlər, mayın 1-dən gec olmayaraq öz əsərlərini [email protected] elektron
ünvanına göndərə bilərlər".
Əlavə məlumat almaq və əsasnamə ilə
tanış olmaq üçün:
www.Kitabevim.Az, https://www.facebook.com/HedefNeshrleri
Koordinatorla əlaqə telefonları:
(012) 511 65 84, (070) 523 01 34 –
Rüfət Əhmədzadə