İyunun 16-da Heydər Əliyev Mərkəzində müasir dövrün
tanınmış avanqard rəssamlarından biri olan Corc Kondonun fərdi
sərgisinin açılış mərasimi olub. Həmçinin mərkəzin parkında "I love
Baku" incəsənət kompozisiyası açılıb.
Axar.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyeva əvvəlcə Mərkəzin parkında incəsənət kompozisiyası ilə
tanış olub.
"Corc Kondo. Şəxsi kolleksiyadan seçmələr" adlı sərginin açılış
mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar
ƏLƏKBƏROV Mərkəzdə yeni bir layihənin təqdim edildiyini diqqətə
çatdırdı. O, sərginin Heydər Əliyev Mərkəzində təşkil olunmasına
rəhbərlik edən Leyla Əliyevaya, layihənin kuratoru Simon de Puriyə,
"Qaleri Karaç"ın və Bakıda təqdim olunan Corc Kondo kolleksiyasının
sahibi Andrea Karaça minnətdarlığını bildirdi. Mərkəzin direktoru
qeyd etdi ki, bu layihənin Bakıda həyata keçirilməsi üçün onun
üzərində bütün kollektiv 2 il işləyib.
Sərginin açılış mərasimində çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla ƏLİYEVA qonaqları salamlayaraq dedi: "Biz bu gün Birləşmiş
Ştatlarda çoxşaxəli və ekstravaqant üslubu ilə seçilən rəssamın
yaratdığı əsərlərdən ibarət sərginin açılışında iştirak edirik. Mən
çox şadam ki, dünyada ən çox xoşladığım, pərəstişkarı olduğum
rəssamın sərgisini biz məhz burada, belə gözəl, möhtəşəm bir binada
keçiririk. Bildiyiniz kimi, bu binanın müəllifi öz əsərləri ilə
inanılmaz zirvələri fəth etmiş memar Zaha Hadiddir. Biz artıq
Heydər Əliyev Mərkəzində öz maraqlı əsərləri ilə seçilən Endi
Uorhol, Riçard Dikon, Bernar Buffe və digər istedadlı rəssamların
və heykəltəraşların sərgilərini təşkil etmişik".
İlk dəfə olaraq Corc Kondonun işlərini özü üçün 5 il bundan
əvvəl kəşf etdiyini deyən Leyla Əliyeva həmin vaxtdan etibarən
rəssamın yaratdığı əsərlərə vurulduğunu bildirərək dedi: "Çünki o,
yaratdığı bütün əsərlərində çox müxtəlif üslubları, insanların məhz
ürəklərindən keçən hissləri, çox böyük, canlı həyatı, emosiyaları,
müxtəlif hissləri təcəssüm etdirib. Bu əsərlərdə həm qəmginlik, həm
xoşbəxtlik, həm qorxu, həm qəzəb, həm də dostluq hisslərini görmək
mümkündür. Qeyd etmək yerinə düşər ki, Corc Kondo, ümumiyyətlə,
sırf bir üslubda, istiqamətdə işləmir. Adətən onun əsərləri
haqqında danışarkən daha çox kubizm, ekspressionizm üsullarından
istifadə etdiyini söyləyirlər. Lakin biz onun əsərlərini seyr
edərkən görürük ki, bu əsərlər bir çox müxtəlif çalarları əks
etdirir. Bir tərəfdən ahəngdarlıq, digər tərəfdən məhz məxfilik,
həmçinin reallıq, insanın xülyaları, müxtəlif rənglər və
ümumiyyətlə, sehrli bir aləmin məqamları onun əsərlərində əksini
tapır.
Əziz dostlar, bu gün axşam bizimlə olduğunuza görə təşəkkürümüzü
bildiririk. Ümumiyyətlə, bu sərginin təşkilində əməyi olan hər
kəsə, həmçinin Andrea Karaça, onun rəhbərlik etdiyi qalereyaya
minnətdarlığımızı bildiririk. Mən fürsətdən istifadə edərək ən
yaxın dostlarımdan olan cənab Simon de Puriyə və onun xanımına
təşəkkür edirəm. Yekun olaraq demək istəyirəm ki, bu gün Bakıda
ürəyimdə tutduğum arzulardan biri həyata keçib. Biz bu gün Corc
Kondonun əsərlərindən ibarət sərginin açılış mərasimində iştirak
edirik. Buna görə də mən sizin hamınıza minnətdaram. Sizin hamınıza
"çox sağ olun" deyirəm. Sizə xoşbəxtlik, möhkəm cansağlığı və
məhəbbət arzulayıram".
Sərginin kuratoru Simon de PURİ il yarım əvvəl xanımı ilə
Londonda səfərdə olarkən Leyla Əliyevanın təşkil etdiyi gözəl bir
sərgidə iştirak etdiyini söyləyərək deyib: "Mövzusu ətraf mühit və
ekologiya olan bu sərgidə Leyla Əliyeva ilə tanış olduq. Sərgidə
nümayiş etdirilən əsərlər sırasında Corc Kondonun əsərləri də var
idi. Söhbət əsnasında Leyla xanım bildirdi ki, məhz Corc Kondo
bütün dünyada ən çox sevdiyi rəssamlardan biridir və biz belə bir
qərara gəldik ki, Bakıda Corc Kondonun əsərlərinin sərgisinin
təşkili yaxşı olardı. Çünki bizim özümüz də məhz Corc Kondonun
pərəstişkarlarıyıq". Simon de Puri dedi ki, bugünkü mərasimdə
iştirak etmək onlara, həmçinin digər rəssamların əsərləri ilə tanış
olmaq imkanı yaradır. Leyla xanım özü də rəssamdır. O, incəsənət
sahəsinə çox bağlı bir insandır. Təsviri incəsənət sahəsinə
vurğunluğu, biliyi ilə seçilir.
Kurator Simon de Puri qeyd etdi ki, Andrea Karaç dünyada Corc
Kondonun əsərlərindən ibarət kolleksiyanın sahibidir. O, uzun
müddət ərzində bu kolleksiyanı yaradıb. Həmçinin Heydər Əliyev
Mərkəzi XXI əsrdə yaradılmış ən gözəl binadır. Zaha Hadid özü də
qeyd edirdi ki, onun bu layihəsi bütün karyerası boyu ən gözəl
əsəridir. Bakı elə bir şəhərdir ki, öz dinamik həyatı ilə hər zaman
seçilir. Burada hər zaman müxtəlif tədbirlər keçirilir. Bakı ən
böyük təəssürat bağışlayan şəhərlərdən biridir.
Qonaq qeyd etdi ki, 1960-cı illərin azərbaycanlı rəssamları
Cavad Mircavadov, Rasim Babayev və başqalarının əsərləri Venesiya
Biennalesində çox uğurla sərgilənib. Heydər Əliyev Mərkəzindəki
sərgidə Corc Kondonun əsərləri ilə Azərbaycan rəssamlarının
əsərləri arasında oxşarlığı görmək olar.
Simon de Puri sərginin təşkilinə görə Leyla Əliyevaya
minnətdarlığını bildirdi.
Sonra sərginin açılışını bildirən rəmzi lent kəsildi və qonaqlar
sərgi ilə tanış oldular.
"Corc Kondo. Şəxsi kolleksiyadan seçmələr" adlı sərgidə
müəllifin 70-dən çox əsəri, o cümlədən rəsmləri, heykəltəraşlıq
nümunələri yer alıb.
Corc Kondo 1957-ci ildə ABŞ-ın Nyu-Hempşir ştatının Konkord
şəhərində anadan olub. 1976-1978-ci illərdə Louel şəhərindəki
Massaçusets Universitetində təhsil alıb.
Nyu-Yorkun incəsənət aləminə 1980-ci illərdə gələn Corc Kondo
Amerika karikatura sənətindən, Avropa portret tarixindən və yunan
mifologiyasından ilhamlanaraq portret janrının araşdırılması ilə
məşğul olur, özünəməxsus üslubda qara yumorlu əsərlər yaradır. Corc
Kondonun işləri ekspressionizmlə kubizmi satirik karikatura
əlamətləri ilə birləşdirir. Onun yaradıcılığı böyük bürünc
heykəllərdən tutmuş xəyali portretlərədək müxtəlif tipli əsərləri
əhatə edir. Corc Kondo öz yaradıcılığını "süni realizm" termini ilə
ifadə edir.
O, rəssam kimi məşhur olmasına baxmayaraq, heykəltəraşlıqla da
məşğuldur. Corc Kondo bu sahəyə 1999-cu ildə yaqut, brilyant və
mirvarilərlə bəzədilmiş "Desireah" adlı əsəri ilə gəlib.
Corc Kondonun hibrid xarakterli portretləri 2007-ci ildə yeni
mərhələyə qədəm qoyub. Müəllif hər biri eyni vaxtda müxtəlif
emosiyalar, məsələn, təəccüb, fəryad və gülüş ifadə edən silsilə
şəkillər yaratmağa başlayıb.
Sənətkarın ABŞ-ın Hyuston, Nyu-York, Buffalo, Avropanın
Salzburq, Paris, Barselona, Bielefeld və Londonda sərgiləri
keçirilib.
Heydər Əliyev Mərkəzindəki "Corc Kondo. Şəxsi kolleksiyadan
seçmələr" sərgisi noyabrın 6-dək davam edəcək.