"İnsan taleyi"
layihəsində
- Doğsaydım, sənin yaşında nəvəm olardı. Dur get "xaledennik"dən
kompot gətir.
Tələbə - təcrübəçi Mahmud heyətin yeganə qadın üzvü olan Zümrüdə
tərəf incik bir göz atdı, amma heç nə demədi, getdi. Görünür,
aşpazın hökmlü davranışı ona xoş gəlmədi. Mahmudun ardınca baxan
Zümrüd:
- Sənin bu təriflədiyin oğlan avaradır e...
- Avara yox e, avardır. Zaqataladandır, - guya ki, aşpazın
səhvini düzəltdim.
- Əşi, lap hindu olsun. Rahat uşağa oxşamır, bayaq əyilmişəm
aşağı, donumu qaldırmışam yuxarı, dizimi ovuram, görürəm, bu avar
dediyin avara gözlərini dizimə dikib. Nənəsi yaşındayam e...
- O, elə uşaq deyil. Cəmi 17 yaşı var, özün demişkən, nəvən
yaşındadır. Deyəsən, yaşın ötdükcə özün öz üstündə diqqət
gəzirsən.
- Sən nə danışırsan, mənim 15 yaşım yox idi hələ müəllimlərin
gözünün ora-buramda olmasını hiss edirdim. Böyümüşdüm, başa
düşürdüm, özüm də elə oğlanlara baxırdım. İndi sənin bu uşaq
dediyinin bilmədiyi şey yoxdur...
- Bəsdir, sən özünə qiymət qoyursan, matahını qaldırırsan. Sənin
istismar müddətin başa çatıb, yalandan özünü şişirdirsən.
Ciddi dedim. Həm də bu söhbətin axırı davaya gedib çıxa bilərdi.
Onsuz da bir-neçə gün idi ki, geriyə dönüşümüz ləngiyirdi. Mahmud
da icazə istəmişdi, kəndə gedəcəkdi.
Gəminin ağsaqqal mexaniki Amil kişi söhbətin üstünə çıxdı, aşpaz
qadına işarə edərək zarafatla soruşdu:
- Komandir, indi deyirsən, bunun klasa verilmə vaxtıdır?
Təcrübəli dənizçi gəmilərin 5 ildən bir təmirə durması,
tərsanəyə qaldırılıb altının təmizlənməsi, yırtıq deşiyin qaynaq
edilərək tutulması, növbəti 5 il üçün üzmə sertifikatı alması kimi
mühüm işləri qadının yaşının çox olmasına işarə edərək zarafat
etdi.
Zümrüdü gülmək tutdu. Ürəkdən güldü.
- Mənim klasa getməyimə hələ çox var. Sən özündən danış. Elə ki
gördün "moxavikin" fırlanmır, şatunun tökülüb, porşenin qalxıb
düşmür, yağlasan da xeyri yoxdur, oldun Allah adamı, keçdin oruca,
namaza. Yadından çıxıb, içib ağzınla slanı (slan - gəminin maşın
şöbəsinin dəmir döşəməsi-F.B) sürtüb təmizləyirdin?
Amil kişi Zümrüdün reaksiyasından alındı, siqaret çıxarıb
yandırdı, kənara çəkildi. Dodaqaltı mızıldandı:
- Bununla zarafat edənin ağlı yoxdur...
Mahmud kompotu gətirmişdi. Hava isti olsa da, dənizdən əsən
külək xoş deyildi. Külək tutmayan yerdə oturmuşduq. Gəminin əks
tərəfindəki stolun arxasında heyət üzvləri domino oynayırdı. Mahmud
heç onlara qoşulmurdu. Ona görə də yerini rahlayıb, bizimlə oturmaq
istədi. Zümrüd imkan vermədi:
- A bala, bəlkə, biz qocaların bir "sekreti", him-cimi var, nə
qıçlarını altına yığırsan.
- Ona dəymə, qoy otursun, təcrübəyə gəlib, onun gəmi və
gəmiçilərlə bağlı fikirləri belə söhbətlərdə formalaşmalıdır. Sən
gəmiyə təzə gələndə hər şeylə maraqlanmırdın ki?
Zümrüd yenə də zarafat etdi:
- Ay evi tikilmiş, guya tanımırsan məni, ya da eşitməmisən heç,
mən cavan qadın idim, məni acgöz moryaklar pəh-pəhlə kambuzdan
(Kambuz mətbəxə deyilir – F.B) birbaşa kayuta aparırdılar, nə iləsə
maraqlanmağa imkan verirdilər ki?
Mahmud utandı. Rəngi allandı. Zümrüd bunu görcək:
- Ay avar balası, daha burda avara olma, get söhbətim var.
Mahmud durub gəmin göyərtəsində domino oynayan heyət üzvlərinə
yaxınlaşdı.
- Qoy getsin, görürəm, ayaqlarıma baxır, - Zümrüdün onun ardınca
dediyi sözlər Mahmuda çatdı. Geri döndü:
- Ayağına baxmırdım e... dizinin üstündə çapıq vardı, bizim
dananın dodaqlarını qonşu yaba ilə vurmuşdu. Həyətlərinə girdiyinə
görə. Dizinin çapığını görəndə, yadıma düşdü.
Bu dəfə Zümrüdün rəngi alındı. Qulaqlarına qədər qızardı,
handan-hana özünə gəldi:
- Dana sənin... - ardını demədi. Mahmud artıq domino
oynayanların yanında idi.
Zümrüd yaşından çox cavan görünür. Dəniz ondan çox şeyləri ala
bilməyib, nə olsun ki eynək taxır, səliqə və yaraşığına daim fikir
verir. Həm də çoxbilmişdi. Zarafat deyil, gənc yaşlarından dənizdə
işləyir. Fikir vermişəm, boş vaxtlarında kitab oxuyur. Xoşqılıq və
kifayət qədər yumor hissi var. Hər halda adam yanında onun üzü
həmişə gülür. Dadlı yeməklər bişirməsi isə heyət üzvlərinin yanında
daha çox hörmət sahibi edib onu. Amma onun da içində özünə aid olan
qəm yığını var. Elə bu gün zəmanədən, dünyanın gərdişindən
gileyləndi, həyatının qara səhifələrini vərəqlədi, Mahmuda acığı
soyuduqdan sonra ah çəkdi:
- Ölüm-itim dünyasıdı, hamı deyəcək ki, dünyaya arsız gəldi,
arsız getdi. Mənim içimdən xəbərsiz olanlar, mənə xoşbəxtsən deyir
həmişə. Heç kəsə heç nə sezdirməmişəm. Təkəm. Evim var, yığdıqlarım
da bəsimdir. Amma evdə oturub nə edəcəm ki? İşləməsəm, dənizdə
olmasam, inan ki, ölərəm.
Arada imkan tapıb mənə yaxşı adam olduğumu da dedi. Amma mən
təvazökarlıq edib bu haqda susmağa üstünlük verdim. Onun
dediklərini yazmayacağam. Təkcə onu deyə bilərəm ki, dedikləri
yaxşı keyfiyyətlər, məndə doğurdan da var. Məsələn, mən vaxtı ilə
onun işlədiyi kapitanlar və kapitanın baş köməkçiləri kimi ərzaq
oğurluğu üçün ona bir söz demirəm, gözüm toxdur, içki və qadın
düşkünü deyiləm, əgər elə şey olsaydı, o bunu hiss edərdi.
Zümrüdün sinəsinin "çat verdiyini" sirlərini, dərdini danışa
biləcəyini hiss edib, onu kayutuma dəvət etdim, g"edək, televizora
baxaq, qəhvə içək, söhbət edək", - dedim.
- Get, gəlirəm. Görüm o avara avar məni niyə danaya oxşatdı.
Qoluna girdim, "uşaqdır, pis mənada demədi, - dedim, - axı özün
dedin, doğsaydın, sənin onunla yaşıd nəvən olardı". Deyəsən,
dediklərimin təsiri oldu, stəkanları və yarımçıq kompot şüşəsini
götürüb ardımca gəldi.
- Zümrüd, 40 il olar ki, dənizdəsən. Bu illərdə çox şeylər
görmüsən, gənc və gözəl olmusan, nələr yaşadın, nələr yaşatdın
dənizçilərə?
- sən də bir... nə 40 il, cəmi 36 ildir flotdayam.
Sonra da kayuta nəzər saldı. Stolun üstündəki sənədləri,
kitab-jurnalları səliqəyə saldı və ardımca qonaq otağına keçdi.
Stolun üstünü sildi. Soyuducuya baxdı. Keçib oturdu. Televizorda
yemək bişirirdilər.
- Sən canın, söndür onu, kambuzda ciyərim yanır, burda da yemək
bişirirlər, - dedi və pultu əlinə alıb televizoru özü söndürdü.
Söhbətcil olsa da, onu danışdırmaq, həyatının gizlinlərini dilə
gətirtmək çətin oldu. Amma əl çəkmədim. İp ucu özü vermişdi,
"içimdəki dərd yığınağını kimsə bilmir, həmişə deyib-gülürəm", -
demişdi. Divanda yerini rahatladı. Siqaret yandırdı, illüminatoru
açdım.
- Sərnişin gəmisində işləyirdim. Təzə kapitan gəlmişdi. Kambuza
girdi, gördü siqaret çəkirəm. Dedi ki, burda siqaret çəkərlər?
Dedim, bəs nə edim, gedim tualetdə çəkim? Tutuldu. Gözləmirdi belə
cavab verəm. Dedi, yox e, qadın, siqaret... başını buladı. Dedim,
mən qadın deyiləm. Qadın ömrünü dənizdə, ağır şəraitdə keçirməz.
Mən işləyirəm, özüm-özümü dolandırıramsa, demək, qadın deyiləm.
Mənə qayğı göstərmirlər, iş yoldaşlarım da mənə öz həmkarı kimi
baxır. Qadınlığı da unuduruq.
Zümrüdün səsi dəyişirdi. Danışdıqca əyninə, yaxalığına fikir
verirdi. Bayırdan gəminin gövdəsinə çırpılan dalğanın səsi kayuta
dolurdu. Siqareti ehmalca dənizə atıb, illüminatoru bağladı,
bayırdakı boğuq dalğa səsini içəri girmək əzabından qurtardı.
- Zümrüd xanım...
- Mənə arada "xanım" deyə müraciət edirlər. İdarədə və şəhərdə
olanda. Metroda, avtobusda, marketlərdə alış-veriş edəndə... Gəmidə
hərə bir ad qoyur. Ən çox da "xalaşka" deyirlər...
- Pis təsir edir?
- Öyrəşmişəm... Çay qoyum?
- Yox, qəhvə içərik. Danış e, oradan, o dağlar qoynundan bura
necə gəldin?
Zümrüd ayağını ayağının üstünə qoydu. Paltarının ətəyi yuxarı
dartıldı. Dizinin çapığı göründü. Əlini aparıb çapığın ətrafını
ovdu. Gün görməyən ayaqları kağız kimi ağ idi. Mahmud yadıma düşdü.
Gülümsədim.
- Nəyə gülürsən?
Dinmədim. Ayağa qalxdı, elektrik çaynikinin düyməsini basdı.
Qəhvə tədarükü gördü.
- Qoymazsan yatam, dincələm. Danışım, deyirsən?
- Danış, yuxun gəlirsə, aşağı düşmə, keç mənim yataq otağıma,
əlimlə qonaq otağından yataq otağına açılan qapını göstərdim. Yox,
dedi. Mən əvvəllər bu gəmidə işləyəndə orda çox yatmışam dedi. Nə
qədər etdimsə, o zaman kapitanın kim olduğunu demədi.
Bir qədər də dilə tutduqdan sonra özünün həyat hekayətini
danışdı.
- Orta məktəbdə yaxşı oxuyurdum. Boy-buxunlu qız idim.
Müəllimlərim mənə sinfin ictimai işlərini tapşırırdı. Sonralar
biləcəkdim ki, kişi müəllimlər bəzən bilərəkdən mənə əlləri ilə
toxunurmuş. Yaxşıydım da. Hansı kopoğlu məndə olan baldıra, sinəyə,
gözə dözərdi? Nə isə, 8-ci sinifdən sonra dədəm məni Sabir adına
məktəbə qoydu. Şəhərdən rayonumuzda təyinatla işləyən Xosrov
müəllim vardı, bir dəfə məktəbin qarşısında məni gördü. Dedi ki,
qohumu burada oxuyur. Sevindim onu görəndə, arada gəlib-gedirdi.
Tətildə rayona gedəndə qulaqlarıma inanmadım, dedilər ki, guya mən
Xosrov müəllimlə görüşürəm və onunla yüz oyundan çıxıram. Anam məni
tinə çəkdi, dədən eşitsə, səni doğrayar, xalan oğlu bilsə, başını
kəsər, dedi. Anama dedim ki, Xosrov müəllimin qohumu orada oxuyur
və məni bir-iki dəfə görüb, evə qədər ötürüb, kinoya getmişik. Nə
olsun, subay oğlandır, bu haqda heç söhbətimiz belə olmayıb. Anam
elə danışırdı ki, az qalırdım, insanlardan gizlənəm. Bir gün xalam
oğlu bizə gəldi. Həyətimizdəki odunu yardı. Anam həyətdə işləyirdi.
Xalam oğluna çay süzüb evə dəvət etdim. Məni altdan yuxarı süzdü.
Saçımı tumarladı əlini sinəmə apardı, itələdim kənara. Ayıb olsun,
dedim. "Xosrovla görüşəndə, öpüşəndə sənə ayıb olmur, mənə niyə
ayıb olsun? Qurtaran deyil ki, elə bil, mən də Xosrovun bir tayı",
- deyib, qucaqladı məni, köynəyimin yaxasını dartışdırdı. İtələyib
altından çıxdım. Bax beləcə, xalam oğlunun oğraş olduğunu bildim.
Hər kəsdən incidim. Qonşuluqda Səttar adlı biri vardı. Sən onu
tanıyırsan, gəmidə işləyirdi, indi pensiyadadır. Bax, o məni gəlib
məktəbdə tapdı. Sevdiyini dedi. Görüşdük. Hətta mənə görə Xosrov
müəllimlə də dalaşmışdı. Ona vuruldum. Bir dəfə mənə dedi ki,
istəyirsən səni gəmiyə aparım. "Tək ayıbdır", - dedim. Getmədim.
Amma axır ki, bir dəfə dilinin şirin yerinə salıb gəmiyə getməyimə
razılığımı aldı. Girminin kayutunda başım qarışıb söhbətə. Bir də
onda ayıldım ki, gəmi artıq dənizdədir. Məni aldatmışdı. Nə isə, 10
gündən çox dənizdə qaldım. Geri qayıdanda dedi ki, qaiblərini
yazdıracağam. Təxminən, 2 aydan sonra gördüm ki, ürəyim bulanır.
Bunu tapdım. "Qorxma", - dedi. Apardı dənizçilərin poliklinikasına.
Abort elətdirdi. Və qaldım beləcə onun əsarətində.
- Almadı səni?
- Yox, almadı. Sonradan tanıyandan sonra da iyrəndim ondan,
yaxınlıq vermədim. Qorxaq idi. Məktəbi qurtardım, Bakıda işə
düzəldim. 25 yaşıma qədər elçilərə "yox" dedim, bunu gözlədim. Bu
isə məni yanına gəmiyə işə düzəltdi. Burda ailə kimi yaşayaq, zaqs
elətdirək, dedi. Aşpaz köməkçisi idim. Onunla bir müddət yaşadım,
gördüm ki, qorxaq, yaltaqdır. Mən qəşəng, gözəl qız idim. Gəmidə
oğlanlar, kişilər mənə söz atır, əl uzadırdı. Bu isə məni müdafiə
etmirdi, çəkinirdi. Özünü görməzliyə vururdu. Arada özümdən çox ona
yazığım gəlirdi. Burda hərə bir rayondan gəlib. Çoxu da həyatda
özünə yer tapa bilməyənlər və dikbaşlar. İstəmirdim ki, mənim
yerlim olan adama baxıb lağ eləsinlər, onun qadınına sataşsınlar.
Amma mən onun qadını deyildim artıq. Baxmayaraq ki, o, mənim
həyatımı məhv etmişdi, amma yazığım da gəlirdi ona, ona baxıb
rayonumuzun kişiləri haqda fikir formalaşırdı. Artıq mən yerli kimi
onun təəssübünü çəkmək istəyirdim və çəkirdim də.
Zümrüdün qohumları ilə də əlaqəsi yoxdur. Söz sözü çəkdi,
kinayəli halda dedi:
- Qohumlarımı sevmirəm. Atam mənim dərdimdən belini bükdü, dərd
onu çərlətdi. Vəsiyyət edibmiş ki, ölsəm, yasıma gəlməsin. Vəsiyyət
etməsəydi də getməzdim. Amma qəbrinin üstünə getdim. Həmişə
gedirəm. Bilirəm ki, ruhu məni bağışlamaz. Mən pis qız oldum. Anam
da öldü, qardaşım yoxdur. Bir bacım var, onun da iki qızı, iki
nəvəsi. Kiçik qızından xoşum gəlmir. Mənə deyir ki, uşağımı evinə
qeydiyyata aldır. Fikirləşir ki, mən öləndə evim ona qalsın. Uzaq
qohumlarımız var, indi gəlib-gedirlər, üz vermirəm. Adamın öz
övladından, qardaş-bacısından doğma heç kəs ola bilməz...
Zümrüd tamam dəyişmişdi. 1 saata yaxın söhbətimizdə özünü qadın,
xanım kimi aparırdı. Səsinə məlahət qatdı, kişi zarafatları etmədi.
Söyüş işlətmədi. Hətta bir-neçə dəfə söz arası, sən də məni
bağışla, deyə fikrini çatdırdı.
- Səttarı da, Xosrovu da heç vaxt bağışlamayacağam. Atamın rayon
boyda hörməti vardı. Hər ikisi filankəsin qızı mənlikdir, deyə
mənimlə görüşürmüş, orda-burda ağızlarının po..nu
dağıdırmışlar.
Zümrüdün halına acıdım. Soyuducudan meyvə götürdüm, dilimləyib
qarşısına qoydum. Həmişə xidmətimizdə durub. Yeməyimizi, çayımızı
hazırlayıb, bu dəfə ona diqqət göstərdim. Qəribə təbəssüm gəzdi
sifətində.
- Bilirsən, yadıma nə düşdü? Dağ boyda kapitanlar məni
kayutlarında görmək üçün yüz oyundan çıxırdılar. Aşağıda, kayut
kampaniyada, ekipajın yanında özlərini şax tutanlar, kayutda az
qalırdılar ayağıma düşsünlər. Sən ki çoxdanın işçisisən. Məni
görmüşdün də, yeriyəndə hamı ardımca baxırdı. İşlədiyim gəmidə
kiminlə mehriban söhbət edirdim, məni ona qısqanırdılar, həmin
matrosun, yaxud başqa işçinin torbasını tikib, gəmidən
düşürürdülər. İnanmazsan, ürəyim ağrıyırdı. Axı gəminin sıravi
komanda üzvləri gənclər idi, ona görə də onlara pis münasibət
bəsləyirdilər.
Onunla zarafat etmək istədim:
- İndi deyirsən ki, heç bir kəslə üz-üzə, diz-dizə qalmadın?
- Niyə, qaldım, - deyib əlini çapıq dizinə apardı. Elə diz-dizə
qalmağımın hesabına sağ dizimdə bir şıram qaldı. Başı batmamış
Mahmud da danalarının ağzındakı yaraya bənzədir indi. Bilirsən,
indi işləyirəm, başımı qatıram, dənizə öyrəşmişəm, qorxuram təqaüdə
çıxandan sonra təklikdən öləm. Axı mənim heç kəsim yoxdur.
Qohumlarım o vaxtı mənim üstümdən xətt çəkmişdilər. İndi təkəm,
kimsəm yoxdur, evim var, qır-qızılım, pulum-param var, əl
çəkmirlər. Neçə illər xarici sularda üzdüm, yüksək maaş aldım. Elə
Xəzərdə də pis qazanmadım. Sərnişin gəmisində işləyəndə hər gün
100-ə yaxın araq satırdım. Dənizdə ikiqat bahasına satırdım. Heç
kəsə də 1 qəpik haqq vermirdim. Hər kəs bacardığı kimi pul qazanır
da...
- Yaş ötüb, nə olsun ki, gümrahsan, gərək uşağın olaydı...
- Yox, neynirəm uşağı. Mən doğsam, gərək oğlan doğaydım, qız
doğub özüm kimi bədbəxt etməyəcəkdim ki. Oğlan doğsaydım da, gərək
şəhid anası olaydım, çünki o uşağı mən doğacaqdımsa, o mütləq
döyüşdə vuruşub öləcəkdi, buna tablaya bilməzdim. Düzdür, o vaxtlar
müharibə yox idi, amma istəmədim... həm də oğluma baxıb çox adam
deyəcəkdi ki, bunun anası ilə bir yerdə ... işləmişəm.
- Sənə bir söz deyim, rəhbərlikdə də yaxşı hörmətin var...
Zümrüd güldü.
- Bilirsən də, onların bir çoxu gəmidə mənimlə işləyib. Sənin
kimi meyvə doğrayıb çaya dəvət ediblər. Çoxu ilə aramızda
xətir-hörmət olub. Nə olsun indi qocalmışam...